"Fransa Azərbaycana qarşı düşmən siyasətini davam etdirməkdədir" - ŞƏRH EDİLDİ
"Əgər bir vaxtlar Fransanın böyük dövlət statusu daşıması dünyanın müxtəlif bölgələrindəki konfliktli vəziyyətlərin aradan qaldırılmasında öz təsirini göstərə bilirdisə, BMT TŞ-nın daimi üzvü ona vasitəçilik etmək şansı yaradırdısa, müasir dövrdə dünya siyasətində əsasən dağıdıcı rola sahibdir. Bu da təbii ki, hakimiyyət başında olan siyasi qüvvələrin və dövlət başçılarının yürütdüyü siyasi xətdən asılı olub". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Fransanın əvvəlki hakimiyyətləri dövründə dünyada qazandığı nüfuz demək olar ki, Makronun hakimiyyəti zamanı tamamilə alt-üst oldu: "Məhz bu siyasət nəticəsində Fransa Cənubi Qafqaz da daxil olmaqla dünyanın bir sıra əhəmiyyətli bölgələrində öz mövqeyini itirdi. Ən son mərhələdə Fransanın ifşası və mövqeyini itirməsiz Cənubi Qafqaz bölgəsi ilə bağlıdır. Fransa dünyanın müxtəlif bölgələrindəki proseslərə birtərəfli və qərəzli mövqedən yanaşdığı üçün əksər hallarda yanlış yanaşmalara səbəb olurdu. Bunu biz Azərbaycanın da timsalında gördük. Qarabağ münaqişəsinin davam etdiyi 30 illik dövrdə əgər Fransa pərdənin arxasında vasitəçilik adı altında Azərbaycanın əleyhinə siyasət apardığı halda 2020-ci ildə Vətən müharibəsindən sonra Fransanın əsl üzü ifşa olundu. Hətta iş o yerə gəlib çatıb ki, Fransanın daxilində Azərbaycanla bağlı simvolikaların belə əleyhinə yürüş başlayıb. Azərbaycanla bağlı müxtəlif mədəniyyət abidələrinin üzərinə Fransada hətta dövlət səviyyəsində hücumları adi bir şeyə çevrilib".
A.Quliyev sözlərinə davam edərək bildirib ki, bütün bunlar Fransanın bizim bölgəmizdə ədalətli vasitəçi olmaq şansının tamamilə itirilməsi deməkdir: "Fransanın Azərbaycanda cəsus şəbəkəsi qurması da həm beynəlxalq hüquq, həm də dünyada təhlükəsizlik siyasəti prinsipləri ilə heç cür uyğun gəlmir. Təsadüfi deyil ki, Fransanın kəşfiyyat strukturlarının Azərbaycandakı fəaliyyəti bu yaxınlarda ifşa olundu. Bununla da əslində, Azərbaycan Xüsusi Xidmət Orqanlarının fəaliyyəti sayəsində Fransadan üstün və peşəkar metoda sahib olduğunu sübut etdi. Bu gün Fransa Azərbaycana qarşı düşmən siyasətini davam etdirməkdədir. Fransanın Azərbaycana qarşı münasibəti o qədər "parlaq"dır ki, bunu görməmək mümkün deyil. Əgər Fransa beynəlxalq hüquq normalarına, Azərbaycanın suverenliyinə heç bir hörmət qoymursa, təbii ki onun bu bölgədəki maraqlarına hər hansı bir anlaşıqlı münasibət ola bilməz".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB