Rəngli inqlablar və onların hansı ssenarilər üzrə baş verdiyi artıq çoxdan bəllidir. Çoxdan bəllidir ki, demokratiyanı alət olaraq istifadə edən Qərb insan azadlığı, söz azadlığı, rahatlıq, təhlükəsizlik, sabitlik vəd edərək soxulduğu, daxili işlərinə müdaxilə etdiyi ölkələrə, əvvəlcə problemlər, ardınca da fəlakətlər gətirib. Bir neçə ölkənin nümunəsində deyə bilərik ki, Qərbin həmin ölkələrdə yaratdığı problemlərin və törətdiyi fəlakətlərin acısını isə şirin vədlərə aldanan ölkələr, onların vətəndaşları çəkməkdədir.
Bir vaxtlar postsovet məkanını hədəfə alan Qərbin artıq kifayət qədər əli uzanıb və ölkələrin daxili işlərinə müdaxilə etməklə, onların vəziyyətini acınacaqlı hala salmaq, onları fəlakətə sürükləmək sanki ənənə halını alıb. Nəzərdə tutulan ölkədə hakimiyyət dəyişikliyi etmək, Qərb yönümlü hökumət qurmaq, bunun üçün də dəstəklənən siyasi namizədlərin seçkilərdə məğlubiyyətini qəbul etməmək əsas ssenarilərdəndir. Həmin ssenariləri quranlar, Gürcüstandakı “Qızılgül” inqilabını, Ukraynadakı “Narıncı” inqilabı, Qırğızıstandakı “Zanbaq” inqilabını törədənlər üçün bunun acı nəticələri zərrə qədər də maraqlı olmayıb və bundan sonra da hansı ölkə üçün nəzərdə tutulsa, həmin ölkənin də vəziyyəti Qərbi qətiyyən düşündürən deyil.
Qərb ölkələri, xüsusən ABŞ və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və təşkil edilən müxtəlif təşkilatlar, fondlar, qurumlar, onların fəaliyyəti haqqında da bilirik. Bilirik ki, rəngli inqlablar məhz həmin maliyyələşdirilən təşkilatlar tərəfindən hər zaman dəstəklənib və prosesə əvvəlcə geniş kütləvi etirazlarla, hətta idarəolunmaz nümayişlərlə başlanılıb. Belə xaotuk durumda, yəni, kütləvi etirazlar, nümayişlər zamanı bəzi hallarda təbii ki, polis müdaxiləsi, qanunsuzluq, zorakılıq da müşahidə edilib və görünür inqlabın baş verməsi üçün buna da bilərəkdən və əvvəlcədən rəvac verilib. Sözsüz ki, inqlabın nəticələrinin bütün ölkələr üçün eyni olacağını söyləməkə olmaz, amma istənilən rəngli inqlab, birmənalı şəkildə arzuolunmaz sonluqla yadda qalıb. Çünki həmin inqlabların baş verdiyi ölkələrdə sonda ancaq böhran, münaqişə müşahidə edilib. Hətta bəzi ölkələr üçün həmin inqlablar müstəqilliyinin tamamilə itirilməsi bahasına onlara başa gəlib.
Diqqətə çatdıraq ki, indi də Serbiyada iğtişaşlar başlayıb və bu iğtişaşların arxasında hansı qüvvənin dayandığını təyin etmək çətin deyil. Bu iğtişaşların olacağı barədə proqnozlar belə əvvəlcədən verilirdi. “Şərqdən olan xüsusi xidmət orqanlarımız rəngli inqilablar cəhdlərindən danışır”, deyən Serbiya prezidenti Aleksandr Vuçiç ölkədə rəngli inqilab təşkil etmək cəhdləri barədə hələ bu ilin may ayında bildirmişdi. Artıq Serbiyada “rəngli inqilab”a cəhd olunması təsdiq edir ki, Serbiya prezidenti haqlı idi, çünki iğtişaşlar artıq baş verdi.
Heç şübhəsiz ki, Serbiyada baş verən bu iğtişaşların da Qərbin indiyədək bir çox ölkələrdə sınaqdan çıxardığı “rəngli inqilab” ssenarisi olduğu zərrə qədər də şübhə doğurmur. “Bir çoxları Belqradın anti-Rusiya sanksiyalarına qoşulmasında israr edərək Serbiyaya öz iradələrini yeritməyə çalışırlar, lakin Serbiya müstəqil ölkədir və müstəqil siyasət yürütməyə də davam edəcək...”, deyə bəyan edən prezident Vuçiç öz bəyanatında açıq şəkildə qeyd edib ki, Serbiyaya öz iradələrini yeritməyə çalışanlar var. Sözsüz ki, çalışanların da hansı qüvvə olduğu bəllidir. “İstəyirlər ki, əvvəllər olduğu kimi iplə idarə olunacaq oyuncaq kimi idarə etsinlər - hökuməti və nazirləri seçə bilsinlər, hansı siyasətin həyata keçiriləcəyinə özləri qərar versinlər, faksla və ya telefonla əmrlər versinlər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edin. Amma biz öz siyasətimizi aparmaq istəyirik...”, deyə bildirən Serbiya prezidenti bunu edənlərin Serbiyanı zəif görmək istəyi barədə də açıq-aşkar şəkildə fikirlərini çatdırıb.
Baş verən hadisələrin fonunda məhz Qərbin əleyhinə Vuçiç, eləcə də Rusiyadan verilən bəyanatlardakı oxşarlıqların çoxluq təşkil etməsi müəyyən məqamlara diqqəti cəlb edir. Həmin məqamlardan da belə qənaətə gəlinir ki, məhz həmin bəyanatlara, məlum mövqeyə görə Serbiyadakı iğtişaşları Qərb özü təşkil edib. Serbiyanın uzun illərdir ki, Avropa İttifaqına üzvlük üçün müzakirələr aparması, lakin Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Belqradın Moskva ilə Qərb arasında balanslı görünən mənzərəsinin dəyişməsi özü də belə qənaətə gəlməyə haqq verir. Serbiya Qərbin anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etdikdən sonra Serbiya-Kosovo sərhədindəki insidentlərin günbəgün artması özü də təsadüfi hesab olunmur və belə görünür ki, bütün bunlar bilərəkdən qızışdırılan hadisələrdir. Üstəlik, özündən ayrılan Kosovonu müstəqil dövlət kimi tanımayan və həmin ərazilərə tarixi ərazi subyekti kontekstində yanaşan Serbiyaya məhz buna görə də Qərb tərəfindən xoş yanaşılmır. Hətta Qərb indi Serbiyanı bir növ məcbur etməyə çalışır ki, Kosovonu tanısın.
Görünür, Vuçiç Rusiya əleyhinə bəyanat vermir, əksinə, Qərbi ittiham edir deyə hədəf də bəllidir. Onun dediklərinə istinad etsək, deyə bilərik ki, Serbiyadakı iğtişaşların maddi-texniki dəstəkçisi, onun mütəşəkkil səviyyəyə çatmaq planlarının müəllifi ABŞ və onun müttəfiqləridir. İndiki məqamda hər yerə burnunu soxan Qərb Serbiyanı da Kosovonun müstəqilliyini tanımağa məcbur etmək istəyi, ümumiyyətlə, həmin ölkədə də istədiyini etmək cəhdləri ilə iğtişaşlar törətməkdədir. Hətta Fransa, Almaniya liderlərinin belə bu ilin oktyabrında Belqradı məhz Kosovonu tanımağa açıq şəkildə çağırmaları da bəzi məqamlara aydınlıq gətirmək üçün kifayət edir. Bəlli olur ki, ABŞ və onun müttəfiqləri öz ənənələrinə uyğun olaraq, hərhansı ölkədə istədiyini reallaşdırmaq üçün məqbul hesab etdiyi bütün variantlara əl atır.
Biz artıq yaxşı bilirik ki, Qərb, məsələn, USAID vasitəsilə öz niyyətlərini bir çox ölkələrdə həyata keçirməyə çalışıb. Onu da bilirik ki, ilk növbədə diktə edən Qərb bunun qəbul olunmadığını gördüyü təqdirdə bölgədə, yaxud həmin ölkədə öncədən yerləşdirdiyi müxtəlif təşkilatlarını aktiv hala gətirir. Qərb tərəddüd belə etmədən diqtəsi qəbul edilməyən ölkədə qərbyönümlü müxalifət nümayəndələri, müxalifət təşkilatları vasitəsilə başlayır iğtişaşlar törətməyə. Sonra da loyal hakimiyyətlərin qurulmasına nail olmaq siyasəti aparır və bunun üçün nəyi lazım bilirsə, onu da edir. Ona görə nəyi lazım bilirsə deyə qeyd edirik ki, Qərb məhz öz mənafeyi, öz istəyi, öz maraqları naminə hər şey edir. Bu zaman, etiraz aksiyaları, idarəolunmaz halda olan nümayişlər, iğtişaş törədilməsi belə qəbul olunan hesab olunur. Baxmayaraq ki, bunların ardınca həmin ölkələr müxtəlif fəlakətlərlə qarşılaşmalı olurlar. Qərb isə bunu heç nəzərə də almır.
Bununla yanaşı, onu da qeyd etmək yerinə düşərdi ki, Qərb hər hansı bir dövlətin güclənməsini qətiyyən istəmir. Güclü bir dövlətin özünün müstəqil şəkildə inkişaf etməsinin, müstəqil siyasət yürütməsinin Qərb üçün qəbulolunmaz olduğu artıq sirr deyil. Qərbyönümlülər heç bir halda ayrı-ayrı ölkələrin, xalqların müstəqil inkişaf etməsini, firavan yaşamasını istəmirlər. Bütün dünya Ukrayna ilə bağlı məsələlərin nə yerdə olduğunu gördü. Gördü ki, əvvəlcə demokratiya, azadlıq, müstəqillik, firavanlıq vədi ilə dəstək göstəriləcəyi bildirilsə də, sonda faktiki olaraq, bundan imtina edildi. Ukrayna bu gün faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qoyulub. Əvvəlcə Ukraynaya silah göndərən, maliyyə dəstəyi göstərən Qərb indi heç çəkinmədən, hətta utanmadan belə bilririr, tövsiyyə edir ki, Ukrayna bu müharibədə geri çəkilməlidir. Bir sözlə, Qərb tam açıq-aydın şəkildə bildirir ki, öz dəstəyini Ukraynanın üzərindən götürüb. Bunun nə demək olduğunu yəqin təkcə ukraynalılar yox, elə bütövlükdə dünya ictimaiyyəti çox yaxşı başa düşür. Başa düşür ki, Ukraynanın itgi verməsi, zərərə uğraması, şəhərlərinin darmadağın edilməsi Qərb üçün heç nə olmamış kimi görünür. Anlaşılır ki, sonda Ukrayna fəlakət qarşısında da qalmalı oldu, işğala da məruz qalmalı oldu, zəifləyərək müstəqilliyini tamamilə itirmək təhlükəsi ilə də üzləşdi. Qərb isə bunu adi hal kimi qəbul edərək sadəcə, meydandan heç nə olmamış kimi çəkildi. Çünki verilən itgilər, dağıdılan şəhərlər, viran qalan yerlər Qərbə aid deyil və buna görə məhz Serbiya prezidentinin belə həyəcan təbilini başa düşmək çətin deyil.
Bəli, Qərb Azərbaycanı da bir zamanlar hədəf olaraq qəbul edib, heç indi də çirkin niyyətindən əl çəkənə oxşamır və ölkəmizə qarşı aparılan təxribat xarakterli fəaliyyət barədə də kifayət qədər məlumatlıyıq. Onu da bilirik ki, həmin o Qərb Azərbaycanı da uzun illər ərazilərinin işğalı ilə barışmağa məcbur etmək istəyib. Qərb tərəfindən hazırlanan eyni ssenari ilə Azərbaycanda da çevrilişlər planları qurulub. Müxtəlif təxribatlar üçün əvvəlcədən hazırlanan şəbəkə maliyyələşdirilib, təxribatlara sövq edilib. Dəfələrlə müxtəlif vasitələrlə ölkəmizdə iğtişaşlar törədilməsi cəhdi ilə Qərb bacardığını edib. Sevindirici və qürurverici odur ki, bu planları ölkəmizdə baş tutmayıb. Buna imkan verilməyib. Biz bilirik ki, Qərbin ikili standartları ilə hər zaman rastlaşmalı olmuşuq. Müxtəlif dövrlərdə aksiyaların təşkil edilməsi, bununla da iğtişaş və son nəticədə çevriliş etmək kimi Qərbin istəyi dəfələrlə ifşa olunub. Çünki buna nə xalqımız, nə də dövlətimiz imkan verməyib. Biz çox yaxşı bilirik ki, Qərb hər zaman Azərbaycanı özündən asılı vəziyyətə salmaq niyyəti güdüb. Amma xalqımızın və dövlətimizin buna imkan verməməsi ilə ölkəmiz indi qətiyyən heç kimdən, ələlxüsus da Qərbdən asılı deyil. Azərbaycan müstəqil ölkədir, qərarlarını da müstəqil şəkildə qəbul edir, müstəqil siyasət yürüdür və Qərbin timsalında hansısa qüvvənin ölkəmizin işlərinə qarışmasına, iğtişaşalar törətməsinə, hansısa niyyətlərini gerçəkləşdirməsinə qətiyyən imkan verilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB