"Bu idünya azərbaycanlılarının milli birliyini gücləndirmişdi" - ŞƏRH EDİLDİ

"Bu idünya azərbaycanlılarının milli birliyini gücləndirmişdi" - ŞƏRH EDİLDİ

“Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi 1991-ci ildə dekabrın 16-da məhz Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclasında qəbul edilib. Daha sonra ölkə parlamentinə müraciət edilmiş və dekabrın 25-də 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması ilə bağlı rəsmi qərar qəbul edilib. Bu Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasi fəaliyyətinin nəticəsi idi”. Bu sözləri SİA-ya açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.

Onun sözlərinə görə, dünya azərbaycanlılarının həmrəyliyi və onların təşkilatlanması məsələsi hər zaman Ulu Öndərin diqqət mərkəzində olub: "Həmrəylik gününün təsis edilməsi isə xalqın birləşməsinə, ideoloji həmrəyliyə müvəffəq olmaq demək idi. Bunu da məhz Ulu Öndər Heydər Əliyev bacardı.

1993-cü hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndər bu sahədə öz fəaliyyətini daha da genişləndirdi. 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Həmin qurultayda Heydər Əliyev öz çıxışı zamanı dillər əzbəri olan kəlamını səsləndirmişdi ki, “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bu qurultaydan sonra 2002-ci ildə Heydər Əliyevin fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsinə xidmət edən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında qanun qəbul edildi. Bu isə dünya azərbaycanlılarının milli birliyini və təşkilatlanmasını daha da gücləndirmişdi.

Cənab Prezident İlham Əliyev də bütün sahələrdə olduğu kimi Ulu Öndərin siyasi xəttini davam etdirir. Bu sahədə də 2006-cı ildə Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında sərəncam verildi. Bu sərəncamla isə azərbaycanlıların milli birliyinin inkişaf etdirilməsi məsələsinə mühüm töhfə verildi.
Dünya azərbaycanlılarının həmrəyliyi çox mühümdür. 44 günlük Vətən müharibəsi zamanı da bunun bir daha şahidi olduq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə