“Xalqımızın firəvan günləri Prezidentin rəhbərliyi ilə davam edəcək” - ŞƏRH EDİLDİ
“XXI əsrdə Azərbaycan dövlətinin möhkəm bünövrə üzərində qurulması, qüdrətlənməsi, sosial-iqtisadi inkişafı, hərbi qüdrətinin artması, torpaqlarının işğaldan azad olunaraq, ərazi bötüvlüyü və suverenliyinin bərpa olunması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi cənab Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bağlıdır. Bütün bunlar ölkə başçısı İlham Əliyevin adı ilə Azərbaycanın şanlı tarixinə yazılacaq. 2003-cü ildə “Mən hər bir azərbaycanlının Prezidenti olacam” deyən ölkə başçısı bu vədini tam doğrultmuş oldu və təkcə 10 milyonluq Azərbaycan seçicisinin deyil, 60 milyona yaxın dünya azərbaycanlılarının lideri oldu. Eyni zamanda Prezident İlham Əliyev öz fəaliyyəti ilə Türk dünyasının birləşməsi, güclənməsi, yenidən təşkilatlanması və TDT-nin yaranmasına öz tarixi xidmətlərini və töhfəsini verdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Deputat bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadiyyatı 20 il ərzində 4 dəfə artdı, Azərbaycanın dövlət büdcəsi 30 dəfə çoxaldı və ölkəmizdə bir çox sosial-iqtisadi uğurlu layihələr həyata keçirildi: “Görülən işlərin nəticəsində Azərbaycanda yoxsulluq 9 dəfə, işsizlik 10 dəfə aşağı düşdü. 2023-cü ildə 2003-cü ilə nisbətən minimum pensiyanın minimum məbləği 36 dəfə, orta aylıq əməkhaqqı 14 dəfə, orta aylıq pensiya 12 dəfə artdı. Ölkəmizdə aparılan sosial-iqtisadi islahatların uğurlu nəticəsi olaraq, 2009-cu ildə ölkə başçısı Azərbaycanda iqtisadi cəhətdən keçid dövrünün başa çatdığını elan etdi, 2014-cü ildə Azərbaycanın sosial dövlət olduğu dünyaya bəyan edildi.
Sosial dövlətin əsas xarakteristikası ondan ibarətdir ki, sosial ədalət və rifah prinsipi ölkənin sosial siyasətində hər zaman öndə götürülür. Cənab Prezident də hər zaman haqlı olaraq söyləyir ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifah halı dayanır. Bu illər ərzində həm Birinci Qarabağ, həm də Vətən müharibəsinin şəhidlərinin ailələrinə, qazi və veteranlara dövlət qayğısı oduqca yüksək səviyyədə göstərilib. İndiyə qədər şəhid ailələri və qazilərə 14 mindən çox mənzil verilib və cənab Prezidentin tapşırığına əsasən 2025-ci ilə qədər bu kateqoriyadan mənzil almayan bir nəfər də qalmayacaq. Ehtiyacı, tibbi göstərişləri olan qazilərimizə 8 minə yaxın minik avtomobili dövlət tərəfindən hədiyyə olunub. Hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyada ən müasir rəqəmsal texnologiya əsasında hazırlanan əl və ayaq protezləri ölkəmizə gətirilmiş və qazilərimizə təmannasız olaraq, qoyulmuşdur".
Millət vəkili əlavə edib ki, cənab Prezidentin rəhbərliyi altında təhsil, mədəniyyət, səhiyyə sahəsində də dərin islahatlar aparılmış və böyük nəticələr əldə edilib: "Bu illər ərzində yeni universitetlər, özəl məktəblər yaradılmış, 4000 minə yaxın məktəb əsaslı təmir olunmuş və ya yeni məktəblər tikilmişdir. Dövlət Proqramı qəbul edilmiş və bunun əsasında 4000 minə Azərbaycanın istedadlı gəncləri xarici ölkələrdə, aparıcı universitetlərdə təhsil imkanları əldə ediblər.
Səhiyyə sahəsində böyük uğurlar əldə olunmuş, 700-ə yaxın yeni səhiyyə müəssisələri tikilmiş və ya əsaslı təmir edilmişdir. Bütün regionlarda müasir klinikalar və diaqnostika mərkəzləri yaradılmışdır. Dörd ilə yaxın bir müddətdə ölkə icbari tibbi sığorta fəaliyyətə başlamış və bu sahə getdikcə daha da əhatəsini genişləndirir.
Bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişafı bundan sonra da uğurla davam edəcək. Xüsusilə neft sektorundan gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına sərf edilməsi, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi gələcəkdə də böyük inkişaf üçün perespektivlər vəd edir. İndiyə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox vəsait qoyulmuşdur ki, bunun 200 milyard dollara yaxını qeyri-neft sektoruna qoyulan investisiyalardır.
Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin olunması, suverenliyimizin bərpa edilməsi cənab Prezident İlham Əliyevin xalqımız və vətənimiz qarşısında tarixi xidmətidir. Bu xidmət min illər illər keçsə də Azərbaycan tarixinin şərəfli səhifəsi kimi yaddaşlarda qalacaq və ölkəmizin, xalqımızın firəvan günləri Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB