"Prezident İlham Əliyev heç vaxt unudulmayacaq yeni bir tarix yazıb" - DEPUTAT ŞƏRH ETDİ
"Ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi Azərbaycanda siyasi mərhələnin inkişafı baxımından çox əhəmiyyətlidir. Bu, dümokratiyaya sadiqliyin, Prezident İlham Əliyevin özünə və xalqına inamının ifadəsi olmaqla mühüm siyasi gedişdir. Ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunduğu bütün ərazilərdə baş tutacaq prezident seçkiləri dünyaya Azərbaycan xalqının siyasi iradəsini nümayiş etdirməklə yanaşı həm də ölkə başçısı İlham Əliyevə olan böyük etimadın, hörmət və məhəbbətin göstəricisi olacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, son 20 ildə Azərbaycan xalqının əldə etdiyi yüksək nailiyyətlər, iqtisadiyyatın 4, büdcə gəlirlərinin 30 dəfədən çox, valyuta ehtiyatlarının 37 dəfədən çox artması, ölkədə mühüm sosial layihələrin həyata keçirilməsi, əməkhaqqıların dəfələrlə yüksəlməsi, 3250-dən çox məktəbin, 800-ə yaxın sosial obyektin tikilib təmir edilərək istifadəyə verilməsi, 21 min km yol salınması, mühüm yaşayış binalarının tikintisi, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin görülməsi, dövlətimizin beynəlxalq arenada qazandığı uğurlar, ən başlıcası isə düşmən üzərində tarixi qələbə, separatizmin ayağının Qarabağ torpaqlarından kəsilməsi cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin, beynəlxalq aləmdə qazandığı nüfuzun nəticəsidir: "Azərbaycan xalqı öz prezidentini sevir və onunla qürur duyur. Çünki dövlət başçısı İlham Əliyev daim xalqı ilə birlikdədir. Qarabağ torpaqlarını azad etməklə xalqın qürurunu, kimliyini, mənliyini, qəhrəmanlığını, mübarizliyini özünə qaytardı. O, nəinki öz xalqına, ümumilikdə türk dünyasına, bütün bəşəriyyətə xalqımızın cəsarətini və qüdrətini nümayiş etdirdi. Prezident İlham Əliyev heç vaxt unudulmayacaq yeni bir tarix yazdı. Bu, haqq-ədalətin, bəşəri ideyaların insana, demokratiyaya, suverenliyə hörmətin tarixidir. Bu tarix yad edildikcə, cənab İlham Əliyev də Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq".
Deputat sözlərinə davam edərək bildirib ki, belə bir zəmində növbədənkənar seçkilərin təyin olunması gələcəyə yeni bir baxış, demokratik sistemin möhkəmləndirilməsi və ölkə vətəndaşlarının yeni mübarizəyə çağırışıdır: "Xalq öz prezidentinə böyük hörmətlə yanaşır və seçkilərdə onun qələbəsi mütləqdir. Buna heç bir söz ola bilməz. Bu gün dövlət başçısı İlham Əliyevin təbliğatına, onun fəaliyyətinin canlandırılmasına heç bir ehtiyac yoxdur. Çünki prezident seçildiyi ildən ölkə rəhbəri fəaliyyəti və verdiyi vədə sadiqliyi ilə özünü təsdiq edib. Nəinki Azərbaycan xalqı tərəfindən ona böyük rəğbət bəslənir, eyni zamanda dünya xalqları Azərbaycan Prezidentinə sülhün, əmin-amanlığın, humanizmin qarantı kimi görür və ona olan rəğbətlərini ifadə edirlər. Yeni Azərbaycan Partiyasının 15 dekabr 2023-cü ildə keçirilən geniştərkibli iclasında da bu fikirlər ətraflı şərh olunub. İdarə Heyəti üzvlərinin, partiya veteranlarının, gənclər təşkilatlarının, siyasi fəalların iştirakı ilə keçirilən bu tədbirdə çıxış edən partiya üzvləri ölkə rəhbərinin xidmətini yüksək qiymətləndirməklə bu fəaliyyətin dövlətin gələcəyinə, xalqımızın xoşbəxtliyinə xidmət etdiyini göstərdilər. Bu, bir həqiqətdir və düşünürəm ki, bütün Azərbaycan xalqının səsidir. Çünki bu gün Azərbaycan öz nicatını, gələcəyini və inkişafını İlham Əliyevdə, onun uzaqgörən siyasətində görür. Başqa bir çıxış yolu ola bilməz".
"30 ildən çox işğal altında olan torpaqlarımızı yalnız İlham Əliyev kimi böyük bir siyasətçinin, Ali Baş Komandanın rəhbərliyi və cəsarəti nəticəsində xilas etmək mümkün idi. Ölkə rəhbərinin "Mən nəyi, nə vaxt və necə edəcəyimi yaxşı bilirəm" kəlmələri deyilənlərə ən yaxşı sübutdur. Azərbaycan Prezidenti növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalamaqla özünün yeni planlarını, gələcək perspektivlərini qarşıya qoydu. O, həqiqətən də nəyi, nə vaxt və necə edəcəyini hamıdan yaxşı bilir. Hesab edirəm ki, bu seçkilər Azərbaycan xalqının həyatında unudulmaz bir tarix olmaqla onun gələcəyinə, daha böyük uğurlarına hesablanıb. Hər birimiz seçkilərin keçirilməsini, YAP tərəfindən cənab İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürməsini böyük qürur hissi ilə qarşılayırıq",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB