Erməni revanşçıları iş başında - ŞƏRH

Erməni revanşçıları iş başında - ŞƏRH

Voskanyan: "Bizim regionda yaşamaq uğrunda mübarizə gedir"

Uğradığı ardıcıl və sarsıdıcı məğlubiyyətlərinə baxmayaraq, Ermənistan cəmiyyətində revanşist ritorika bu gün də davam edir. Maraqlısı isə budur ki, bənzər ritorikalar ictimai-siyasi xadimlər tərəfindən səslənməkdədir. Rüsvayçı məğlubiyyətləri ilə barışmayan qatı erməni millətçiləri Qarabağın itirilməsini həzm edə bilmir və hələ də xalqı mübarizəyə çağırırlar.

"Bizi bu reallıqla barışmağa sövq edirlər"

Onlardan biri də daim anti-Azərbaycan və antitürk çıxışları ilə səs-küy salan iranşünas Vardan Voskanyandır. Belə ki, o vaxtaşırı cəmiyyətə intiqam alacaqları ilə bağlı mesajlar verir və ictimai rəyi çaşdırmağa çalışır.

Çox yəqin ki, Voskanyan Qarabağa qayıtmayacaqlarını çox gözəl anlayır və buna görə də faşistsayağı təbliğatlarını davam etdirir: "Bütün mümkün və qeyri-mümkün yollarla ictimaiyyəti inandırmağa çalışırlar ki, Qarabağın yenidən "azad" (dırnaqlar bizimdir-A.T.) edilməsi və ermənilərin ora qayıtması qeyri-mümkündür. Bizi bu reallıqla barışmağa sövq edirlər".

"Zəiflərə xas olan bu cür qəddar yanaşma məğlub olmuş idmançını xatırladır", - deyən revanşist ünsür sözlərini belə davam edib: "Uduzan idmançıya məşq etməyə, revanş döyüşü üçün səy göstərməyə və qələbə sevincindən həzz almağa ehtiyac duyulmadığına inandırmağa çalışmaq həmin idmançını məhv etmək deməkdir".

Çox yəqin ki, o, "zəif xalqlar" amilini ortaya atmaqla, əslində, erməni xalqını nəzərdə tutur

Voskanyan Ermənistanı nəzərdə tutaraq qeyd edib ki, region çalxalanır. "Bizim region da amansız idman meydanını xatırladır, yaşamaq uğrunda mübarizə gedir", - deyən iranşünas bildirib ki, zəif xalqlar məhv edilir, onlar tarix səhnəsini tərk etməyə məcbur olurlar. Çox yəqin ki, o, "zəif xalqlar" amilini ortaya atmaqla, əslində, erməni xalqını nəzərdə tutur və sadəcə, digər xalqları da buna qatmağa çalışmaqla söz oyunu oynayır. Lakin fakt-faktlığında qalır. Ermənistanın revanşçıları artdıqca, bu ölkənin mövcudluğu da artıq böyük sual altında qalır.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə