“Qalib Prezidentimizi bir daha prezident seçək” - SORĞU

“Qalib Prezidentimizi bir daha prezident seçək” - SORĞU

Məlumdur ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Dünya ilk dəfə postsovet məkanında torpaqlarını işğaldan azad edən ilk dövlətin bütün ərazilərində seçki keçirəcəyini görəcək. SİA mövzu ilə əlaqədar şəhər sakinlərinin bu təşəbbüsə münasibətini öyrənmək üçün sorğu keçirib.

Şəhər sakini, tarix üzrə fəlsəfə doktoru İlqar Abdullayev: “Prezident seçkiləri xalqımız tərəfindən razılıqla qarşılanacaq. Yəqin ki, xalq möhtərəm Prezident İlham Əliyev cənablarının ətrafında sıx birləşəcək. Ona etimadını göstərəcək. Yaxın keçmişdə baş vermiş hadisələr, 44 günlük vətən müharibəsi, 19-20 sentyabr hadisələri, erməni faşistlərinin tapdağı altında qalmış torpaqlarımızın geri qaytarılması, Qarabağımızın tamamilə Azərbaycanın tərkibinə birləşməsi, gözəl Şuşamızda bu gün tikinti işlərinin getməsi, bütün bunlar xalqın nəzərindən yayınmır. Xalqın gözü tərəzidir. Xalq hər şeyi görür, yüksək qiymətləndirir. Güman edirəm ki, xalq İlham Əliyevə yenə də ehtiramını göstərəcək, onu prezident seçəcək. Mən buna şübhə etmirəm”.

Şəhər sakini Sabir Muradov: “Seçkilərə münasibətim müsbətdir. Azərbaycanın 20% torpağı işğal altında idi, orada seçkilər keçirilmirdi. Həmişə yarımçıq olurdu. İndi qələbə qazanıb torpaqlarımızı azad etmişik. Seçkilərin vaxtıdır ki, hamı iştirak etsin, öz münasibətini göstərsin, qalib prezidentimizi bir daha prezident seçsin”.

Şəhər sakini Çimnaz Aslanova: “Gözəl hisslər keçirirəm. Düzdür, itkilərimiz oldu, amma torpaqlarımız azad edildi. Çox sevinirik ki, torpaqlarımız geri qaytarıldı. Tam dəstəklə prezidentimizi seçəcəyik”.

Şəhər sakini Fərid Əliyev: “Bu təşəbbüsü normal qiymətləndirirəm. Mənim fikrimcə, İlham Əliyev əla dövlət başçısıdır. Qarabağın işğaldan azad edilməsində böyük rol oynayıb”.

Şəhər sakini Nailə Xəlilova: “Həm bu gün, həm də fevralın 7-də, 20 il bundan sonra da Allah İlham Əliyevə ömür versin. Allah onu bizə yetirib. Çox böyük xoşbəxtlikdir, həmişə minnətdarlığıma görə gözüm dolur. Məni insan edib, qürur hissi keçirirəm ona görə. Münasibətim çox xoşdur”.

Şəhər sakini Fikrət Kazımov: “Mən “Yazıçılar Birliyi”nin üzvüyəm. Şəhidlər haqqında kitab müəllifiyəm. Müzəffər Ali Baş Komandanın, müzəffər ordunun, müzəffər xalqın böyük hadisədən, qələbədən sonra birinci seçkiləridir. Mən Ulu öndərin zamanında işləyən biri kimi onunla fəxr edirəm. Vaxtı gəlib ki, Azərbaycan daha da yaxşı islahatlarda iştirak etsin. Cəmiyyətdə yaxşı ab-hava var. Hamı hazırdır, qazilər sağlamlıqlarına uyğun olaraq işlə təmin olunur. Şəhidlər həmişə yad olunur, uca tutulur. Məncə, bu seçkilərdən sonra böyük dəyişikliklər olacaq. Həm kadr dəyişikliyi, həm insanların həyatının yüngülləşməsi baş verəcək. Bilirsiniz ki, ilin sonunda həmrəylik bayramı var. Və Heydər Əliyevin 100 illiyidir. Ulu öndərin yolu əbədidir. Baxmayaraq ki, hava pis idi, mən onun qəbrini ziyarət etdim. Hər il üç dəfə ziyarət edirəm, mayın 10-u, iyunun 15-i, dekabrın 12-si. Milli Məclisin bu il yaxşı təşəbbüsü oldu ki, 14 iyul tarixi Heydər Əliyevin 1-ci dəfə hakimiyyətə gəlmək günü elan olunsun, bayram kimi qeyd olunsun. Mən bu fikri 2019-cu ildə məqalədə yazmışdım. Yəqin qanun çərçivəsində öz əksini tapar. Bu da yəqin, prezident seçkilərindən sonra olacaq”.


Şəhər sakini Ülviyyə Nəhmətova: “Məncə, çox doğru qərardır, addımdır. Xalq da bunu istəyirdi və doğru seçimi edəcək. Zatən bəllidir. Çünki ondan yaxşı bizim üçün lider ola biləcək insan yoxdur. Bütün torpaqlarımızda seçki keçiriləcək. Qarabağ azad olunub və seçkilərin orada da keçirilməsi qürurvericidir. İnsanlar torpaqlarımıza geri qayıdıb və öz torpaqlarından səsvermədə iştirak edəcəklər. Bu, çox qürurvericidir.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə