Azərbaycanın qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfəsi TƏHLİL

Prezident İlham Əliyev: "Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir"

Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Ölkəmiz öz gözəlliyinə, inkişafına və digər keyfiyyətlərinə görə diqqət mərkəzindədir. Ölkəmizdə son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edir. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin dövlət maraqlarımıza uyğun formada keçirilməsi də təqdirəlayiqdir. Siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi, nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması, eləcə də, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, rabitənin inkişafı sahəsində nailiyyətlər Azərbaycanın qabaqcıl ölkələr sırasına çıxmasına imkan yaradıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un gələn il Azərbaycanda keçirilməsi əlbəttə ki, ölkəmizə olan daha bir ehtiramın təzahürüdür. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.

"BƏRPAOLUNAN ENERJİ AZƏRBAYCANDA GENİŞ VÜSƏT ALMAĞA BAŞLAYIR"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda qeyd olunur ki, Azərbaycan iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir və enerji səmərəliliyi ilə bağlı tədbirlər görür: "Təmiz ətraf mühit və yaşıl inkişaf bizim milli prioritetlərimizdir. Bərpaolunan enerji Azərbaycanda geniş vüsət almağa başlayır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) 2024-cü ildə ev sahibliyi etməyimiz iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə qlobal səylərə öz töhfəmizi vermək qətiyyətimizdən irəli gəlir. Azərbaycanın namizədliyinə verilən dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm".
Qeyd edək ki, COP29 gələn ilin noyabr ayında keçiriləcək.Vurğulayaq ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını "Yaşıl enerji" zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

AZƏRBAYCAN PLATFORMASINDAN BAXIŞ

Bildiyimiz kimi, COP-28-in gündəliyinə böyük maraq var idi. Buna görə də belə bir tədbirin keçirilməsində ölkəmizin üzərinə çox böyük məsuliyyət düşür. Belə böyük tədbirin keçirilməsi çox məsuliyyətli və çox maraqlı bir proses olacaq. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır.
Xatırladaq ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda mühüm əhəmiyyət kəsb edir.
COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulan Azərbaycan beynəlxalq ekoloji təşəbbüslərdə mühüm rol oynayıb. Dubaydakı COP28 sammitində Azərbaycanın yüksək səviyyədə təmsil olunması bunun daha bir təzahürüdür. COP28 sammitində Azərbaycanın fəal iştirakı əlbəttə ki, ölkəmizin qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verməsinə əsaslanır.
Cənab Prezidentin paylaşımında qeyd etdiyi kimi, COP29 sessiyasının uğurlu hadisəyə çevrilməsi üçün əlimizdən gələni edəcəyik.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə