Ermənistan üçün “Ayakve” adlı QORXULU NAĞILLAR – TƏHLİL

Qarabağın Azərbaycan ərazisi kimi tanınmasının kriminallaşdırılması ilə bağlı hüquqi anlam daşıdığı iddia edilən, əslində isə, faktiki olaraq, qonşu dövlətə, yəni, ölkəmizə qarşı ərazi iddiası olaraq ortaya atılan sərsəm “Ayakve” təşəbbüsü vətəndaş qarşıdurması fonunda Ermənistan dövlətçiliyi üçün ciddi sarsıntı yaradır. Ermənistanda yaşayan ermənilərlə Qarabağdan köç edib gedən ermənilər arasında düşmənçilik salan “Ayakve” tərəfdarları öz ölkələrinin təməli altına “mina” basdırmaqda davam edirlər və bu “partlayış” İrəvan üçün çox ciddi bir fəlakət deməkdir. “Ayakve” cəfəngiyyat, sərsəm təşəbbüs, hətta axmaqlıq kimi ermənilərə görünsə belə, nə dərəcədə böyük fəlakət olduğunu dərk edənlər üçün bu, qorxulu nağıllara çevrilib və onların yuxularını da ərşə çəkib.

Müharibə bitdikdən sonra yumruqlarını göyə qaldırıb haray-həşir salmamaqda erməni əhalini ittiham edənlər yanılırlar. Çünki bu vaxta qədər yumruqları göydə boş-boşuna yellənən hayların hay-küyü mənasız olsa belə yetərincə olub və ağılları çiyinlərinin üstündə gəzdirdikləri başlarında yox, arxalarında olanlar işğalçı ölkədə kiayət qədərdir. Əks halda, bu gün öz ölkələrini sarsıdacaq sərsəm təşəbbüslərə rəvac verməz və axmaqlıqdan əl çəkərdilər. Ən azından 44 günlük müharibənin və ümumiyyətlə, reallıqların məntiqi nəticəsi olaraq qarşılaşdıqları rüsvayçı məğlubiyyətlərdən sonra atılıb-düşməyin mənasız, faydasız olduğunu dərk etsəydilər, xaricdən maddi dəstək alaraq, yumruqlarını havada yelləyib sadə insanların hissləri ilə oynamağa, onları çaşdırmağa, son nəticədə də Ermənistan Respublikasının müstəqilliyinin və dövlətçiliyinin təməlinə güclü zərbə vurmağa çalışmazdılar. Amma indi həmin zərbəni vurmaq üçün “Ayakve” tərəfdarları elə bil növbəyə dürüblar və əllərindən gələndən də artığına nail olmaq istəyirlər.

Ola bilsin ki, 2020-ci ilin 8 noyabr tarixinə qədər, yaxud da, bu ilin 19 sentyabr tarixinə qədər həmin o sərsəm təşəbbüsün hansısa bir formada mövcudluğu yalnız ermənilərin özləri üçün də olsa, başadüşülən ola bilərdi. Amma indi bu təşəbbüs ümumiyyətlə, başadüşülən deyil və mənasızlığı da göz önündədir, çünki köç etdikləri torpaqlarla bağlı nail olacaqları iddia edilən hər nə isə, şəksiz-şübhəsiz mümkünsüzdür. İndi ermənilər üçün nə qədər kədərli görünsə də, reallıq bundan ibarətdir ki, onlar üçün hər şey artıq arxada qalıb və heç bir əsası olmayan istəkləri, arzuları artıq puç olub gedib. Ələlxüsus da, qondarma rejimin məhz 2024-cü il 1 yanvar tarixindən mövcudluğuna son qoyacağı barədə elan etməsindən sonra son ümid qığılcımına da yer qalmır. Bəli, minlərlə erməninin müharibələr zamanı həyatını itirməsi erməni cəmiyyəti üçün ağrılıdır və bu, Ermənistanın ümumi ağrısıdır, hansıki bunu başa düşmək çətin deyil. Onu da başa düşmək çətin deyil ki, erməni cəmiyyəti bu ağrı ilə onilliklər, hətta yüzilliklər, əsrlər boyu yaşamalı olacaq. Amma məsələ burasındadır ki, əvvəla, bu ağrıları yaşamaqda özləri günahkardırlar. Digər tərəfdən də indi hansısa sərsəm “Ayakve” təşəbbüsü onların nə yaralarına məlhəm deyil, nə də bununla, həmin sərsəm təşəbbüslə istədiklərinə nail ola bilməzlər. Əksinə, bununla bütövlükdə Ermənistan üçün fəlakətlər yarada bilərlər və dövlətçiliklərinin də təməlini sarsıda, siyasi varlıqlarına da son qoya bilərlər. Yəni, həmin sərsəm təşəbbüs nağıl kimi bir cəfəngiyyat olsa da, işğalçı ölkə üçün həddindən artıq qorxuludur.

Ermənistanın istər 44 günlük müharibə zamanı, istərsə də 23 saatdan bir qədər artıq davan edən anti-terror tədbirləri zamanı uduzması, məğlubiyyət acısını yaşaması məntiqi idi və əvvəlcədən də gözlənilənilirdi. Uduzan, məğlub olan tərəfin Ermənistan olacağı hələ öncədən bəlli idi. O da bəlli idi ki, Azərbaycanı dayandırmaq, haqq işindən çəkindirmək mümkün sayıla bilməzdi. Müharibəni də dayandırmadan, erməni baş nazir Nikol Paşinyanın kapitulyasiya sənədinə imza atması ilə təslim oluqlarını da elan etmədən, davam etmək Ermənistan üçün daha böyük itgilərlə məğlubiyyət olardı və qısa müddətdə ermənilərə daha bir neçə min gəncin həyatı bahasına başa gələrdi. Ən sıravi erməni belə yaxşı bilir ki, nəticə onsuz da erməni cəmiyyəti üçün üzücü, ağrılı olmalı idi. Çünki Azərbaycanın qarşı tərəfdən, işğalçı ölkə olan Ermənistandan dəfələrlə üstün, istənilən sahədə, ələlxüsus da iqtisadi və hərbi baxımdan dəfələrlə güclü olduğu hər kəsə bəllidir. O da bəllidir ki, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir və ölkəmiz haqlı tərəfdir və Nikol Paşinyanın da məhz Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməsi, etiraf etməsi heç də təsadüfi deyildi. Bütün bunların fonunda indi sərsəm “Ayakve” təşəbbüsü olduqca mənasız nağıl və cəfəngiyyat kimi görünür, amma bununla belə, ermənilərin özləri tərəfindən də Ermənistan dövlətinin mövcudluğuna təhlükə olaraq qəbul edilir və yuxularını da qarışdırmaları bu baxımdan anlaşılandır. Çünki belə qorxulu nağılların hər dəfə Ermənistanı bir fəlakətdən digərinə sürüklədiyi barədə haylar kifayət qədər böyük təcrübəyə sahibdirlər.

Həmin o sərsəm “Ayakve” təşəbbüsü nə etmək niyyətindədir? Birbaşa erməni dövlətçiliyinə hücum etməkdən başqa nəyə hesablanıb bu təşəbbüs? Ermənistanda olan ermənilərlə Qarabağdan köç edən ermənilər arasında hazırda qarşıdurma yaratmaqdan başqa nəyə nail ola bilər? Düşmənçilik toxumu səpməklə, vətəndaş müharibəsinə nail olmaqmı fikrindədirlər həmin o “Ayakve” tərəfdarları? “Əgər ermənisənsə, qanunvericiliyə dəyişiklik etmək və Ermənistan adından qondarma “Artsax” adlı qurumu tanıyan hər hansı hərəkəti cinayət məsuliyyətinə cəlb etmək üçün Milli Məclisə müraciət etmək üçün petisiya imzala”, deyən “Ayakve” üzvləri manipulyasiyaya əl atırlar. Ermənistan üçün bəla burasındadır ki, onlar bu manipulyasiyaları, sərsəm yanaşmaları ilə 58 mindən çox imza da toplaya biliblər. Hətta iddia da edirlər ki, 58 min imza edənlərdən əksəriyyəti Qarabağdan köç edənlərdir. Yəni, dərk etmirlərmi ki, bu, ictimai rəyin manipulyasiyası, Ermənistan üçün təhlükə və daxili siyasi mübarizənin tərkib hissəsidir? Hər halda, hansı xarici qüvvələrin dəstəyi sayəsində hansı fraksiyaların həmin o sərsəm “Ayakve” təşəbbüsü ilə hazırlanmış qanun layihəsini Milli Məclisə təqdim etməyə çalışdırlarının da erməni cəmiyyəti fərqindədir. Yaxud da fərqində olmalıdırlar ki, yenə də “külək hansı tərəfdən əsir” və bu, hansı fəlakətlər vəd edir.

Maraqlıdır, həmin o sərsəm təşəbbüs olan “Ayakve” tərəfdarları, yaxud da imza atan 58 min nəfər görəsən, 44 günlük müharibə zamanı harada idilər? Axı onların heç birinin, ələlxüsus da “Ayakve” tərəfdarlarının döyüş meydanında olmadığı barədə Ermənistana məxsus mətbuat səhifələrində kifayər qədər məlumatlar var. Hətta imza atan 58 min nəfərin də zorla hərbi komissarlığa aparılmasına baxmayaraq, müharibəyə göndərilməsinin mümkün olmadığı barədə də informasiyalar Ermənistan KİV-lərində yer alır. İndi bir sual yaranır ki, görəsən, qondarma “Artsax” dedikləri əldəqayırma rejim üçün onlar nə ediblər ki, qalanlarına qarşı da tələblə çıxış edirlər? Yəni, hansı işin, hansı əməlin, hansı dəstəyin sahibi olublar ki, indi özlərini əsl vətənpərvər kimi sırımağa çalışırlar və bununla erməni cəmiyyətini də Ermənistanı da təhlükələrə sürükləyirlər? İndi erməni cəmiyyətinin qorxulu yuxular görməsi heç də əbəs yerə, yaxud da təsadüfi deyil. Çünki xaricdən maliyyə yardımları, maddi dəstək alaraq, aranı qızışdıranlardan bütövlükdə erməni cəmiyyəti bezib. Hansısa xarici qüvvələrin təhriki ilə oynanilan oyunların törətdikləri fəlakətlərdən ermənilər böğaza yığılıblar. Qorxularını da başa düşmək çətin deyil, çünki yaxşı bilirlər ki, həmin oyunların guya Nikol Paşinyan üçün oynanıldığı görüntüsü ortada olsa da, bunun acısını, ağrısını həmişə olduğu kimi, yenə də erməni cəmiyyəti, erməni xalqı çəkməli olacaq.

Sərsəm “Ayakve” təşəbbüsü ilə bağlı təzadlı məqamlar yetərincədir və həmin sərsəmliyi dəstəkləməyin özünün də nə demək olduğu bəllidir. Qərbin demokratik dövlət kimi qələmə vermək, daha doğrusu, sırımaq istədiyi ölkənin ali qanunverici orqanında Qarabağın Azərbaycan ərazisi kimi tanınmasının kriminallaşdırılması ilə bağlı hüquqi anlam daşıdığı iddia edilən təşəbbüs, birbaşa olaraq, qonşu dövlətə, yəni, ölkəmizə qarşı ərazi iddiasıdır. İndi bunun nə demək olduğunu ermənilər özləri izah edə bilərlərmi? Axı baş nazirləri Paşinyan Qərbin vasitəçilik platformalarında Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda, onun təmsil etdiyi ölkənin parlamentində belə bir sərsəm məsələnin müzakirəsi barədə spekulyasiyalar belə izah oluna bilən deyil. Bir halda ki, Ermənistan dövləti Cənubi Qafqazda sülhdən danışır, ölkəyə gəlib-gedən xaricilərin, ələlxüsus da, özünə yeni “ağa” seçdiyi Qərb təmsilçilərinin qarşısında əmin-amanlıq və dinclik şəraitində, mehriban qonşuluq əsasında birgə yaşamaq istəyindən dəm vurur, deməli, sərsəm “Ayakve” təşəbbüsü adı ilə ortaya atılan cəfəngiyyatlar həmin ölkənin ali qanunverici orqanının qapı-pəncərəsindən, hətta ən kiçik bacasından da içəri yol tapmamalıdır. Çünki, həmin o sərsəm təşəbbüs Azərbaycanın Qarabağ üzərindəki suveren haqlarını heçə saymağa, perspektivdə də bölgənin Ermənistana məxsusluğunu iddia etməyə əsas vermək məqsədi ilə gündəmə gətirilməkdədir və istənilən halda bütün bunlar qəbuledilməzdir. Nəinki qəbuledilməzdir, eyni zamanda, Ermənistan üçün yeni “baş ağrısı”, yeni fəlakətlər deməkdir. Çünki qonşu dövlətlərlə sözdə yox, məhz əməldə normal qonşuluq münasibətləri yaratmadıqca, əksinə, nifaq toxumları səpildikcə, Ermənistan üçün çox dərin quyu qazılır. Bu quyu da məhz elə erməni cəmiyyəti üçün sərsəm “Ayakve” təşəbbüsü adlı qorxulu nağılların qorxunc sonluğu ola bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə