“Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihəyə yekun vuruldu - FOTO

YAP Sabunçu rayon təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən layihəyə yekun vurulub

YAP Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin gənclərə örnək siyasi kursu” adlı layihə həyata keçirilib.

“İki sahil” xəbər verir ki, layihənin həyata keçirilməsində məqsəd "Heydər Əliyev ili" çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Ümummilli Liderin həyatı və parlaq siyasi fəaliyyətinin, zəngin, çoxşaxəli ictimai-siyasi irsinin gənclərə təbliği, eyni zamanda gənclər arasında şəbəkələşməni gücləndirmək və qarşılıqlı əlaqələrin qurulmasına zəmin yaratmaqdır.

Dörd gün davam edən siyasi kursun ilk məruzəçisi Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, AMEA-nın müxbir üzvü Südeyif İmamverdiyev “Dövlət quruculuğu, dövlətçiliyin formalaşdırılması, dövlət quruculuğunda YAP-ın rolu” mövzusunda çıxış edib, daha sonra gənclərin suallarını cavablandırıb.

İkinci gündə YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, üçüncü gündə Milli Məclisin deputatı Aydın Mirzəzadə və “İki sahil” qəzetinin baş redaktoru, YAP Xətai rayon təşklilatının sədri Vüqar Rəhimzadə “Heydər Əliyev - həyatın unikal səhifələri”, “Heydər Əliyev və Azərbaycanda Dövlətçiliyin inkişafı” və “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzularında çıxış edərək dahi şəxsiyyətin Azərbaycan mətbuatının tərəqqisi naminə gördüyü işlərdən, azad mətbuatın inkişafına verdiyi töhfələrdən geniş bəhs ediblər.

Layihənin dördüncü və son gününün qonağı isə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova olub.

S. Qəhrəmanova çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Bunun məntiqi nəticəsində isə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Zəfər qazanaraq torpaqlarımızı düşmən işğalından azad etdi.

Layihə gəncləri maraqlandıran suallar ətrafında diskussiya şəraitində keçib, qarşılıqlı fikir mübadilələri aparılıb.

Sonda layihədə iştirak edən gənclərə Fəxri Diplomlar təqdim olunub.

Qeyd edək ki, siyasi kursda Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının tələbələri və 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllüləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə