Tarixi həqiqətlərin çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərib - MÜNASİBƏT

2003-cü ilin 12 dekabrı Azərbaycan xalqının tarixində hüznlə anılan günlərdən biridir. Həmin gün xalqımız ümummilli liderimiz Heydər Əliyevi itirmişdir. Heydər Əliyev böyük tarixi şəxsiyyət, müstəqil Azərbaycanın banisi və qurucusudur. 1991-ci ildə dövlət müstəqilliyinə qovuşmuş Azərbaycan böyük çətinliklərlə üzləşmişdir. Həm siyasi, həm iqtisadi sahədəki problemlər müstəqilliyimiz üçün böyük təhlükə yaradırdı. Ancaq 1993-cü ilin iyununda respublikamız üçün ağır bir məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Odur ki, xalqımız Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu və memarı kimi dəyərləndirir. Heydər Əliyev ən ağır məqamlarda xalqının yanında olmağı bacarırdı. 20 yanvar 1990-cı ildə də, 1993-cü ilin iyununda da belə olmuşdur. Hələ birinci dəfə ölkə rəhbərliyində olanda da Azərbaycanı inkişaf etdirmək, güclü bir respublikaya çevirmək üçün əlindən gələni etmişdir. O, Azərbaycan üçün həmişə öz haqq səsini qaldırırdı. İstər sovetlər dönəmində, istərsə də sonralar Heydər Əliyev əsl lider, əsl öndər idi. Onun birinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamız bütün sahəhələrdə sürətlə inkişaf edərək ölkənin ən qabaqcıl respublikalarından birinə çevrilmişdir. Ümummilli liderin həmin illərdə və ikinci dəfə hakimiyyətdə olduğu 10 il-1993-2003-cü illərdə yeritdiyi uzaqgörən siyasət, Azərbaycanın sürətli inkişafı sahəsində həyata keçirdiyi misilsiz tədbirlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş, beynəlxalq aləmdə tanınmağa başlamışdır. Heydər Əliyevin hakimiyyəti dövründə görülən işlər müstəqilliyimizin əbədiliyinin təmin olunmasında və Azərbaycanın dünyada öz layiqli yerini tutmasında həlledici rol oynamışdır. Ulu öndərin müstəqillik illərində apardığı və cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar sonrakı dövrlərdə Azərbaycanın daha da inkişafına, iqtisadi gücünün artmasına gətirib çıxarmışdır.

Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Ulu Öndərin rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.

Atəşkəsin əldə olunması Ulu Öndər Heydər Əliyevin siyasi nüfuz və peşəkarlığının nəticəsi idi.Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu. Protokol mayın 12-də qüvvəyə mindi və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırıldı. Atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu.

Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndər dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir və bu səbəbdən Heydər Əliyev hər zaman dünya erməniliyinin hədəfində olub. Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərmişdir. Qaçın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı hazırlanan Proqramlar Ulu Öndərin gərgin əməyinin nəticəsidir. Ulu Öndər qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərə daim baş çəkirdi, xarici səfərləri zamanı onların vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı. Ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyulmuşdu. Onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması, ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi üçün konkret addımlar atılırdı.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanın bütün sahələrdə qazandığı uğurların məntiqi nəticəsi isə tarixi ədalətin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi oldu. Ölkəmizin son 20 ilə yaxın dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurların miqyası ölçüyəgəlməzdir. Tarixi Qələbəmiz, dövlət başçısı İlham Əliyevin Zəfərin memarı kimi nüfuz qazanması görülən işlərin zirvəsidir. Rəşadətli Ordumuz döyüş meydanında qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək 44 gündə torpaqlarımızı işğaldan azad etdi. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcı oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzur müasir tələblərə uyğun olaraq yenidən qurulur, bərpa edilir. Soydaşlarımızın torpaq həsrətinə son qoyularaq artıq onların mərhələli şəkildə Böyük Qayıdışı həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdırmaqla Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ona göstərilən inamı və etimadı doğrultdu, dahi şəxsiyyətin vəsiyyətini yerinə yetirdi. Qalib Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə yeni zəfərlərə doğru irəliləyəcək.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevi çox böyük hörmət və ehtiram hissi ilə anır, Uca Allahdan Ulu Öndərimizə rəhmət diləyirik..

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə