Növbədənkənar prezident seçkiləri zərurətdən yaranan reallıqdır

Torpaqlarımız işğaldan azad edildiyinə və ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olunduğuna görə hüquqi baxımdan Prezident də bütün ölkə boyu hakimiyyətini tam bərqərar etməlidir. Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edən şəxsə isə xalqın heç bir şübhəsi yoxdur, sadəcə, tam dəstəyi var. Buna görədir ki, sosial vəziyyətindən, peşəsindən, yaşından, dilindən və dinindən asılı olmayaraq, hər bir fərd növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı xəbəri eşidən kimi bunu zamanında alınmış ən düzgün qərar olaraq qəbul etdi. Çünki xalq nəyi, necə, nə zaman etməyin lazım olduğunun kim tərəfindən aksioma çevrildiyini yaxşı bilir. Siyasətdə hər bir qərar daxili olduğu qədər, xarici amillərlə də sıx bağlıdır. İki siyasət sahəsi arasındakı əlaqə çox güclüdür. Bu əlaqə konsensus və razılaşma anlayışlarını özündə əks etdirən dövlət liderlərinin qərarları ilə müəyyən olunur. Odur ki, xalq həm də beynəlxalq münasibətlər sistemində cərəyan edən ziddiyyətli məsələlərin əksini regiona köçürmək istəyən qüvvələri də aydın gördüyünə görə bu qərarı ən doğru və düzgün hesab edir. Bütün ölkə boyu seçkilərin keçirilməsi isə ilk dəfə olacağı üçün bu məsələ, sadəcə, qeyd etdiyimiz siyasi, hüquqi deyil, həm də mənəvi baxımdan xüsusi və tarixi əhəmiyyətli bir hadisədir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.

Münaqişələrin idarə edilməsinin, həllinin, sonrakı mərhələdə isə sülhün qurulmasının və qorunmasının real dünya üçün çətin və ziddiyyətli məsələ olduğunu vurğulayan politoloq bildirib: “Bu, həm də idarə edilməsi çətin olan dilemmalarla doludur. Prezident İlham Əliyev bu çətin dilemmalarının öhdəsindən mahir şəkildə gəlir, həm də bütün regionun rifahını öz qoruyucu missiyası altında saxlayır. Bəli, Azərbaycanın da, regionun da həyatında yeni, tarix boyu misli görünməmiş bir mərhələ başlayıb. Bu, geriyə dönüşü və aparılmağa cəhd belə göstərilməsi mümkün olmadığı qədər, irəlidə isə, sadəcə, perspektivlər vəd edən bir eradır. Xalqımız üçün qürur, fəxr və iftixar mənbəyidir ki, hər yeni səhifəni açan, xalqın etimadını hər zaman doğruldan, məhz xalqın seçdiyi, güvəndiyi, sığındığı, inandığı üzvü İlham Əliyevdir”.

Siyasətdə təsadüflərə yer yoxdur. Prezident İlham Əliyev isə xalqın qətiyyətli qərarının nəticəsini praktikada tətbiq edən, sadəcə, ölkənin deyil, regionun təhlükəsizliyini təmin edən siyasi fiqurdur. Bu məqamda Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlaması da növbəti dəfə göstərdi ki, Müzəffər Ali Baş Komandan hər bir əsgərinin, onun ailəsinin yanındadır. Məhz belə həssas amillər də xalqı bir daha dövlətinin başçısının ətrafında sipər kimi birləşdirir. Hər bir addım aydın, şəffaf və ən əsası, əməkdaşlığa yeni imkanlar vəd edir. Odur ki, regionun qeyri-sabitliyində maraqlı olan istənilən pozucu regional və beynəlxalq aktor da mövcud reallığı dərk etmək üçün bir daha şans əldə edir.

“Azərbaycan hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə və hökumətin siyasi sabitliyi təmin etməsinə görə dünya miqyasında reytinqlərdə ön sıralarda yer tutur. Yəni, dövlətimiz gözlənilən və gözlənilməyən hər bir daxili və xarici məsələdə proaktiv yanaşma ortaya qoyur. Növbədənkənar istənilən seçki isə dünya tərəfindən qəbul və tətbiq olunan siyasi təcrübədir. Demokratik prinsipləri daim rəhbər tutan Azərbaycan dövləti yenə də hər bir namizədə bərabər səviyyədə şərait, platforma yaradacaq. Şübhəsizdir ki, normal və sağlam cəmiyyət olaraq da müxalif fikirlər olacaq. Heç bir subyektiv fikrə müdaxilə və təzyiq ola bilməz. Lakin reallıq odur ki, azlıq çoxluğa tabedir. Odur ki, sağlam cəmiyyətin təzahürü olaraq bu kəsim çox aşağı faizli olduğundan onların hər biri daha əvvəlki vaxtlarda və fərqli dünya təcrübələrində, siyasi reallıqlarda da olduğu kimi, məğlubiyyətə məhkumdur.

Bütün bu nəzəriyyənin və praktikanın təməlində dayanan əsl və yeganə reallıq isə ondan ibarətdir ki, xalq Prezident İlham Əliyevin hər bir qərarını alqışlamaqla ona səsini də bir gün yox, hər gün verir”, - deyə Ş.Həsənova qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə