Bu seçkilər İlham Əliyevin özünə inamının göstəricisidir - ŞƏRH EDİLDİ

“İndiyə qədər Azərbaycanda keçirilən seçkilər tam ədalətli olub. Bu gün də belədir, seçki mühiti də, ictimai-siyasi sabitlik də bu tədbirin bütün standartlara uyğun keçirilməsinə şərait yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il fevral ayının 7-də Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi zamanında atılmış addımdır. Hər kəs inanır ki, ölkəmizdə ədalətli və demokratik seçki keçiriləcək”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycanın qarşısında çox önəmli vəzifələr dayanır: “Xarici və daxili çağırışları da nəzərə almaq lazımdır. Gələn il dünyanın demək olar ki, 70-dən çox ölkəsində seçkilər keçiriləcək. Təkcə prezident seçkiləri yox, parlament və bələdiyyə seçkilərinin də keçirilməsi gözlənilir. Heç bir ölkə siyasi tədbirləri dövrün axarına buraxmaq istəmir, zamanı qabaqlamaq tendensiyasını işə salır. Seçkilərə uzunmüddətli hazırlıq prosesi qlobal tədbirlərin, iri layihələrin daha tez, çevik reallaşmasına mane ola bilər. Ona görə də Azərbaycanda sadəcə, vaxt dəyişdirilib, 1 il 2 ay irəli çəkilib. Amma bunun seçki prosesə heç bir mənfi təsiri yoxdur. Hər kəs azad şəkildə uyğun bildiyi namizədin təbliğatını apara və ona səs verə biləcək. Prezident seçkilərindən sonra artıq iki il bundan əvvəl startı verilmiş iqtisadi inkişaf, o cümlədən azad edilən ərazilərin yenidən qurulması daha çevik formada davam etdiriləcək. Şərqlə qərbi birləşdirən nəqliyyat dəhlizinin genişləndirilməsi, yeni infrastrukturun yaradılması əsas hədəflər sırasındadır. Bütün bunların həyata keçirilməsi üçün seçkilərin vaxtından əvvəl keçirilməsinə ehtiyac yarandı”.

A.Hüseynov bildirib ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək: “Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası regionda yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilərərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Buna Zəfər seçkisi də demək olar. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa verdiyi sözə tam əməl edib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edilib, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalanır. Bu seçkilər İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə