Dezinformasiyaya qarşı həqiqət - RAKURS

Dezinformasiyaya qarşı həqiqət - RAKURS

Bu gün Qərb mətbuatında Azərbaycana qarşı dezinformasiya müharibəsi geniş vüsət alıb. Hətta Ermənistanda törədilən qətl hadisələrində də Azərbaycan izi axtarılır və “tapılır”. Guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçi ölüb, guya Azərbaycan Ukraynaya mərmi göndərib və bir də Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Jozep Borrelin “Qarabağdan 150 min (?!) erməni zorla çıxarılıb”, absurd fikri. Zəngəzurdakı Mis-molibden kombinatının qarovulçusunun guya azərbaycanlı əsgər tərəfindən öldürülməsi və 20 illik həbs cəzasının ömürlük həbslə əvəzlənməsi də ölkəmizə qarşı aparılan böyük kampaniyanın tərkib hissəsidir.

Əvvəllər də hadisələr belə tərtiblənmişdi. Azərbaycanın torpaqları işğal edilir, insanları öz yurdundan didərgin salınır, öldürülür, əsir və girov götürülür və sonda yenə Azərbaycan və azərbaycanlılar günahkar çıxarılır. ABŞ tərəfindən 907-ci düzəlişin tətbiqini də bura əlavə etsək, bizim kimlərlə müharibə apardığımız, nə qədər iyrənc və qorxulu düşmənimizin olduğu üzə çıxar. Qalibiyyətimizi sindirə bilməyən düşmən ona təklif olunan, həm də beynəlxalq qanunlarla eyniyyət təşkil edən sülh sazişini hələ də imzalamaq istəmir, ağalarının işarətini gözləyir. Ağalarının marağı isə qəbuledilməzdir…

Azərbaycan həbsxanalarında təxribat törətmək məqsədi ilə ölkəmizə göndərilmiş erməni diversantları ilə doludur. Yəni, yolu azaraq (bəzi mənbələr əsgərlərimizin erməni diversiya qrupu tərəfindən oğurlanması barədə məlumatlar var) Ermənistan ərazisinə keçən və barələrində uzunmüddətli həbs qərarı çıxarılan azərbaycanlı əsgərlərin sayından ən azı 10-15 dəfə çoxdur. Azərbaycan tərəfi humanistlik göstərərək onların bir qismini azad edərək Ermənistana və üçüncü ölkəyə göndərib. Hər dəfə onlar azad ediləndə düşünürdük ki, Ermənistan rəhbərləri də buna qarşılıq verəcək və əsgərlərimizi geri qaytaracaq. Amma bu olmadı. Onlar pislik etməkdə, biz isə humanist olmaqda qərarlı kimi görünürük. Azərbaycan Ermənistanla apardığı danışıqlarda, müzakirələrdə tərəflərin əlində olan əsgərlər üzərindən siyasət aparmır. Ermənistanın 20 illik həbsi ömürlüklə əvəzləməsi sülhün hələlik baş tutmayacağı anlamıdır.

Yadınızdadırsa ABŞ Senatında keçirilən dinləmələrdə Dövlət katibinin köməkçisi Ceyms Obrayen hesabatla çıxış edərək Azərbaycanı ermənilərə qarşı etnik təmizləmə aparmaqda ittiham etmişdi və ölkəmizə qarşı sanksiyaların tətbiqini gündəmə gətirmişdi. Əlbəttə, onun dediklərində həqiqət payı sıfırın altında idi. Və həmin dinləmələrdən sonra Azərbaycan rəsmi olaraq onun ölkəmizə giirişinə qadağa qoymuşdu. Bu gün isə Obrayn Azərbaycana səfərə gəlir. Bəli, bu səfər ABŞ-ın Dövlət katibi Blinkenin Prezident İlham Əliyevdən xahişindən sonra reallaşıb. Məhz xahişindən. Obrayn özünün səfəri barədə “X” sosial şəbəkəsində yazıb: “Azərbaycana və Rumıniyaya səfər etməkdən çox şadam”. O, Azərbaycana səfəri çərçivəsində Cənubi Qafqazda sülhün irəliləməsi ilə bağlı rəsmi şəxslərlə görüşəcəyini vurğulayıb. Ceyms Obrayn Rumıniyada isə taxıl ixracı ilə bağlı yüksək vəzifəli şəxslərlə müzakirələr aparacağını qeyd edib.

Son hadisələrin ABŞ-Azərbaycan münasibətlərində soyuqluğun yaranmasına səbəb olması yeni xəbər deyil. Vaşinqton əvvəlçə “çör-çöpü” qabağa verib. Gedişləri səmərə verməyəndə isə “Azərbaycanla əməkdaşlığa xitam vermək ABŞ-nin maraqlarına zidd olardı”, kimi fikirlərlə çulunu sudan quru çıxarmağa hesablanmış fikirlər səsləndirirlər. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi brifinq zamanı deyib ki, biz heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza, eləcə də regionda sülh və təhlükəsizlik maraqlarına ziddir. Miller qeyd edib ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqələri davam etdirir və onları davamlı sülhü təmin etməyə çağırır. “Bu əlaqələr, diplomatik səylərimiz diqqət mərkəzində olmaqda davam edəcək”, – deyə o bildirib.

Növbəti dezinformasiya isə Azərbaycanın Ukraynaya hərbi təyinatlı yardım göstərməsi ilə bağlıdır. Azərbaycan tirajlanan bu xəbərin də tamamilə yalan olduğunu bildirir. Belə ki, Ukraynaya Avropadan və müttəfiq ölkələrdən əsasən top mərmisi tədarük edilir. Azərbaycan isə top mərmisi istehsal etmir və bu iddia sadəcə cəfəngiyyatdır. Azərbaycan humanizm prinsiplərini əsas götürərək Ukraynaya yalnız humanitar dəstək göstərir. Hansısa jurnalistin Ukrayna bayrağı ilə çəkdirdiyi şəklin Azərbaycanla heç bir əlaqəsi yoxdur. Medianın İnkişafı Agentliyi də verdiyi bəyanatında məsələyə daha özəl yanaşıb və qarşı tərəfə tutarlı və məntiqli cavab verib: “Yerli və xarici sosial media istifadəçilərini bu kimi cəfəng xəbərlərə ehtiyat və həssaslıqla yanaşmağa çağırırıq”.

“Avropa İttifaqı rəsmisinin növbəti dəfə yanlış və reallığın ciddi şəkildə təhrif olunduğu fikirləri qəbuledilməzdir”. Bunu isə Xarici İşlər Nazirliyi Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borel tərəfindən səslənmiş fikirlər ilə bağlı yerli mətbuata verdiyi bəyanatında deyib. Əlavə edilib ki, Aİ Komissiyasının vitse-prezidenti Jozep Borelin Azərbaycana qarşı əsas təhdid mənbəyi olan və antiterror tədbirlərini şərtləndirən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu məsələsinə laqeyd yanaşması ölkəmizə qarşı açıq qərəzin nümunəsidir. Uzun müddət təmsil etdiyi ölkənin separatçılığın qurbanı olduğunu diqqətə alaraq, Jozep Borelin separatçı meylləri dəstəkləyən bu kimi bəyanatları təəccüb doğurur. Beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı, təhlükəli tendensiyadan xəbər verir. Bu, həmçinin Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqqları müdafiə olunmamış yüzminlərlə azərbaycanlının hüquqlarına hörmətsizlikdir.

Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15 000 nəfəri Ermənistan ordusunun heyəti idi. Bununla yanaşı, Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Jozep Borelin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşılmazlıq yaradır. Jozep Borelin bu kimi yanlış bəyanatları eyni zamanda, Aİ-nin vasitəçilik səylərinə və Aİ Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə missiyasına xələl gətirir. Aİ nümayəndəsinə, həmçinin xatırlatmaq istərdik ki, məhz Azərbaycan və dinc sakinlərimizə qarşı Ermənistan tərəfindən güc tətbiq olunması bölgədə münaqişənin 30 il davam etməsinin səbəbi olub. Məhz Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri nəticəsində özünümüdafiə hüququndan istidafə edərək legitim tədbirlər görüb və hərbi-siyasi yolla münaqişəni həll edib. Bir daha, Aİ nümayəndəsini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırırıq.

Bu arada, ermənilər də etiraf edirlər ki, Cosep Borrel kimi təcrübəli Avropa diplomatı yalan danışır. “Deyirlər ki, Qarabağı 100 min insan tərk edib, 150 min deyil. Yəni, cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra “200 min” deyəcək. Bəlkə , Borrel yuxu görür. Bu, tamamilə qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu, Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”. Bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib. “Borrelin öz ölkəsi separatçılıqdan əziyyət çəkir. Belə bir şəxs separatçıları necə müdafiə edər? Bu, çox təəccüb doğurur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Beləliklə, Ermənistan bizə dost olmadığını son 35 ildə sübut edib, bundan sonra dost olmaq ehtimalı da azdır. Amma “hay” ölkəsi heç layiqli düşmən də ola bilmir. Xəyanətkar, yalançı, riyakar və ələbaxandır. Müharibə bir yana, sülhə də əlindən tutularaq, "dayı"sının qucağında gəlməyi düşünür, çünki qorxaqdır.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə