Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın yaxşı perspektivləri var

Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında onilliklər ərzində mədəniyyət, iqtisadiyyat, logistika, elm-təhsil və başqa sahələrdə çox sıx əlaqələr mövcud olub. SİA xəbər verir ki, bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində Həştərxan vilayəti hökumətinin sədr müavini Denis Afanasyev bildirib.

Həştərxan hökuməti rəsmisinin sözlərinə görə, əməkdaşlıq layihələri, ilk növbədə, humanitar sahəni, habelə ticarət, tranzit, gəmiqayırma və logistikanı əhatə edir. D.Afanasyev əlavə edib: “Azərbaycanla bizim məhsuldar əlaqələrimiz mövcuddur. Azərbaycan hökuməti ilə hərtərəfli əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. Biz hər üç ildən bir bütün tədbirlərin konkret icra müddəti, cavabdeh şəxslərin adlarının göstərildiyi birgə Tədbirlər Planı imzalayırıq. Bu, yüksək siyasi səviyyədə hər hansı razılaşmaların praktik müstəviyə keçirilməsi üçün yaxşı vasitədir”.

Həştərxan vilayəti hökumətinin sədr müavini Denis Afanasyev xüsusi olaraq “Şimal-Cənub” layihəsindən danışıb. O, “Şimal-Cənub” dəhlizi üzrə birgə fəaliyyətin gücləndirilməsinin zəruriliyini vurğulayaraq deyib: “Bu məsələ daim bizim gündəliyimizdə durur, belə ki, Həştərxan vilayəti həmin nəqliyyat dəhlizinin əsas hissələrindən biridir”.

D.Afanasyev qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin bu layihənin əhəmiyyətindən dəfələrlə danışıb və ona görə də həm vilayətdə, həm də Xəzər dənizi gəmiçiliyi üzrə yeni infrastruktur imkanlarının yaradılması üzrə limanda tədbirlər həyata keçirilir. Dəniz yolu ilə böyük həcmdə mal daşımaq mümkündür və hazırda liman infrastrukturunun qaydaya salınması üzrə ciddi proqramlar üzərində iş aparılır.

Azərbaycan da “Şimal-Cənub” layihəsinin həyata keçirilməsində maraqlıdır. Həştərxan hökuməti başçısının müavini deyib: “Regionumuzun tranzit potensialı çox böyükdür. “Şimal-Cənub” layihəsi, hər şeydən əvvəl, malların Şərq və Qərb arasında tranzitidir, biz məhz həmin ərazidə yerləşirik və dəhliz bizə çoxlu gəlir gətirə bilər”.

D.Afanasyev qeyd edib ki, cari ilin doqquz ayı ərzində liman fəaliyyəti üzrə dövriyyədə 60 faizlik artım olub, konteyner daşımaları dörd dəfə artıb.

Həştərxan vilayəti ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı prosesində dəmir yolu infrastrukturunun, həmçinin aviasiya və avtomobil nəqliyyatının imkanlarından istifadə edilir. Gəmiqayırma sahəsində də əməkdaşlıq üçün ciddi imkanlar var. "Biz Şimal-Cənub dəhlizinin Transxəzər hissəsinin genişləndirilməsi və yüklərin artırılması üzərində işləyirik", - deyə D.Afanasyev qeyd edib.

Onun sözlərinə görə, Bakının bəzi rayonları ilə uzunmüddətli əməkdaşlıq Rusiya Federasiyasının digər regionları üçün də yaxşı nümunədir.

D.Afanasyev bildirib ki, Həştərxanda Rusiya ilə Azərbaycan arasında dostluğun inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərini həmişə yüksək qiymətləndirir, onun xatirəsini ehtiramla yad edirlər. Vilayətdə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı xüsusi tədbirlər planı təsdiq edilib. Şəhərin özündə və Həştərxan vilayətində silsilə tədbirlər keçirilir. Həştərxan vilayətində də Azərbaycan xalqının Ümummilli Liderinin yubileyinə həsr olunmuş tədbirlər və yaradıcı kollektivlərin çıxışlarının təşkil edildiyi Nərimanov rayonu var.

Bütün xəbərlər Facebook səhifəmizdə