Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Bu Zirvə görüşünün daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacağı şübhəsizdir. Həmçinin, SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına da mühüm töhfələr verəcək. BMT-nin Xüsusi Proqramı olan SPECA Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının inkişafı və layihələrin koordinasiyalı şəkildə həyata keçirilməsi üçün vacib platformadır. Bu proqramda Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanla yanaşı, Əfqanıstanın da iştirakı mühüm aspektlərdən biridir.
Azərbaycanın SPECA-da xüsusi rolu var, çünki Çindən Avropaya gedən yollar Orta və Mərkəzi Asiya ilə bərabər, həm də əsas dəhliz kimi Azərbaycandan keçir. Bu mənada bizim balanslı siyasət həyata keçirməyimiz mühüm əhəmiyyət kəsb edir. Bu proqramda xüsusi rolumuzun olması Prezident İlham Əliyevin apardığı uğurlu xarici və daxili siyasət nəticəsində mümkün olub. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşündəki çıxışlardan da aydın oldu ki, bu dövlətlərin Azərbaycana münasibəti dostluq və qardaşlıqdır, onlar Azərbaycanı siyasi dialoq ölkəsi kimi qəbul edir, iqtisadi islahatların aparıldığı və ciddi nəticə verdiyi bir dövlət kimi görürlər. Bu gün Azərbaycan həm də dünyada enerji təhlükəsizliyinə mühüm töhfə verən vacib dövlətlərdən biri hesab edilir. Ona görə də ölkəmizin SPECA-da aparıcı rola malik olması təsadüfi deyil. Ölkə başçımızın qeyd etdiyi kimi, bu gün dünyanın müxtəlif bölgələrində müharibələrin, münaqişələrin, qanlı toqquşmaların geniş vüsət aldığı bir vaxtda bizim ölkələrimizdə sülh, sabitlik və əmin-amanlığın hökm sürməsi, inkişafın, quruculuq proseslərinin uğurla getməsi dövlətlərimizin və xalqlarımızın böyük uğurudur.
SPECA BMT-nin əsasən bu bölgə ilə bağlı iqtisadi siyasətini əks etdirir. Azərbaycan uzun illər ərzində SPECA platformasında etibarlı tərəfdaş qismində uğurla çıxış edib. SPECA-nın təşviq edilməsi yeni yaranacaq regional kommunikasiya və logistika layihələrinin əsas hədəflərindən biridir. Çünki bu coğrafiyada İqtisadi Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bir çox maraqlı iqtisadi təşkilatlar var. SPECA-nın üzvü olan ölkələrin gələcəklə bağlı iqtisadi planları və proqnozları mövcuddur. Heç şübhəsiz SPECA yaxın gələcəkdə çox vacib platformalardan biri olacaq.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə