“Onların 21 dövləti olduğu kimi, bunların da bir dövləti olmalıdır” -MÜNASİBƏT

“Onların 21 dövləti olduğu kimi, bunların da bir dövləti olmalıdır” -MÜNASİBƏT

“İsrail-Fələstin münaqişəsinin tarixi çox qədimdir və çox dərin kökləri var. Osmanlı hakimiyyəti dövrü sülh təşkil edilib və ondan sonra isə münasibətlər 20-ci əsrin əvvəllərindən yenə də mənfi istiqamətə doğru inkişafını davam etdirib”. Bunu SİA -ya açıqlamasında hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, yəhudilər pulla oradan torpaq alıb və İkinci dünya müharibəsindən sonra İsrail dövlətinin yaranmasına icazə verilib: “İsrail də bilməlidir ki, fələstinlilər orada yaşamalıdır. Ərəblər də qəbul etməlidir ki, yəhudilərin də dövləti olmalıdır. Onların 21 dövləti olduğu kimi, bunların da bir dövləti olmalıdır və bunlar mehriban qonşuluqla yaşamalıdır. İndi intriqaları davam etdirmək olmaz və keçmişə bağlanıb qalmaq olmaz. Çünki bu müharibədə ən çox sivil insanlar əziyyət çəkir. Nə qədər günahsız insanlar qırılır, körpə uşaqlar ölür. Bir sözlə, hər iki tərəfin haqlı səbəbləri var. Ancaq hesab edirəm ki, bu məsələyə birdəfəlik son qoyulmalıdır. Lakin bu arzudur. BMT-nin ən çox qətnaməsi bu bölgə ilə bağlı olub. Yüzlərlə vasitəçi görüşlər olub. Ancaq bu qətnamələrin, keçirilən görüşlərin heç bir nəticə verməyib. İndi də hesab edirəm ki, tərəflər arasında atəşkəs elan olunub və bu müddətin uzadılması İsrail-Fələstin arasında sülh müqaviləsinin imzalanmasına yol aça bilməsi real görünmür. Hətta İsraili Fələstin arasında sülh müqaviləsi ilə bağlı danışıqlar getsə belə, bu danışıqların nəticəsi real olmayacaq. Bu il gözlənilirdi ki, İsrailin qonşu dövlətlərlə münasibətləri normallaşacaq, əksinə daha da kəskinləşdi. Ona görə də, bir müddət keçməlidir ki, bəzi məsələlər yoluna düşsün. Bundan istifadə edən bölgədə yerləşən dövlətlər və dünyanın super gücləri də var ki, bu münaqişədən öz məqsədləri üçün istifadə edirlər. Yəni, bu amil də rol oynayır. Amma özlərinin də münasibətləri bəllidir. Bir sözlə, zaman keçməlidir və gec-tez bu məsələdə həll olunmalıdır. Amma yaxın zamanlarda sülh, barış, bunlar ancaq arzu olaraq qalacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə