"Amerika demokratiyanı ən çox pozan ölkə kimi daim gündəmə gəlir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Dünən ABŞ-ın dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib və Azərbaycanın əleyhinə danışan işçisinin Azərbaycana gəlməsi üçün razılıq istəyib. Azərbaycan Prezidenti isə Amerikanın da Azərbaycanın yüksək səviyyəli rəsmilərinə qoyduğu qadağanın aradan götürülməsi şərti ilə razılıq verib və Blinken də bu şərti qəbul edib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, Azərbaycan bu məsələdə öz iradəsini ortaya qoydu, bir dövlət kimi öz sözünü dedi: "Eyni zamanda bütün dünyaya bəyan edildi ki, Azərbaycan özünə hörmət edən dövlətdir. Amerika isə böyük dövlət olmasına və özünü dünyanın hegemonu hesab etməsinə baxmayaraq, başqa dövlətlərin də hüquqlarına hörmətlə yanaşmalıdır. Hörmət olmayan yerdə təbii ki, münasibətlərdə də gərginlik olacaq.

Hər kəs Azərbaycanla Amerika arasında münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır. Hazırki dövrdə düşmən dövlət axtarmağa ehtiyacımız yoxdur, bütün dövlətlərlə əməkdaşlıq etmək istəyirik. Amma dünya dövlətlərinin bir çoxu da digər dövlətlərə yuxarıdan aşağı baxmamalıdır. Eyni zamanda 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasına ABŞ-ın atdığı addımlar ziddir. Amerika özünü demokratiyanın beşiyi adlandırsa da, digər tərəfdən də demokratiyanı ən çox pozan ölkə kimi gündəmə gəlir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə