Dövlət başçısının Sərəncamına əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılır
Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən üç ay ərizində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Qısa bir zamanda Böyük Qayıdışın ilk karvanı olan Ağalıya edilən köç, eləcə də, digər ərazilərimizə yol alan köçlər bunu deməyə əsas verir. Beynəlxalq hava limanlarının - Füzuli Beynəlxalq hava limanının, Zəngilan Beynəlxalq hava limanının istifadəyə verilməsi Azərbaycanın nəhəng quruculuq işlərinin həyata keçirməsindən xəbər verir. Bu Azərbaycanın gücünün göstəricisidir. Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir.
Məlumdur ki, ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və s. məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. I Dövlət Proqramına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
YÜKSƏKİXTİSASLI KADRLARIN HAZIRLIĞINI HƏYATA KEÇİRƏN ALİ TƏHSİL MÜƏSSİSƏSİNİN TƏŞKİLİ ZƏRURİDİR
Prezident İlham Əliyev "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılır. Nazirlər Kabinetinə iki ay müddətində Qarabağ Universitetinin nizamnaməsini təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Nazirlər Kabineti, həmçinin universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görəcək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll edəcək.
Sərəncamda qeyd olunur ki, əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi və hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.
Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.
YENİ MÜASİR ŞƏHƏR VƏ KƏNDLƏR SALINIR
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir.
Əlbəttə ki, infrastruktur layihələrin həmin ərazilərdə həyata keçirilməsi xüsusi önəm daşıyır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər görülər. Məlumdur ki, Azərbaycan Zəfər qazandıqdan sonra işğaldan azad edilmiş ərazilərdə hava limanları ilə yanaşı, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanıldı. İşğaldan azad olunan müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanıldı. Enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və lazımı həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Eyni zamanda, ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər və mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilmişdir. Görülən işlər əhalinin təhlükəsizliyin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib. Təhsil, səhiyyə və sosial xidmətlərin qabaqcıl standartlara uyğun təmin olunması, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl enerji zonası" konsepsiyalarının tətbiqi müəyyənləşdirilmiş hədəflər sırasındadır. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitini təmin edir. Bütün görüləcək işlərin əsasında işğaldan azad olunan ərazilərimizi qısa bir zamanda müasir və inkişaf etmiş bir məkana çevriləcəkdir.
Vətən müharibəsinin yaratdığı ən mühüm imkanlardan biri kimi regionda modern universitet modeli bənzərsiz nümunəsi olacaq. Qarabağ Universiteti Azərbaycanın rəqəmsal transformasiyasını təmin edəcək insan kapitalını formalaşdıracaq ali təhsil müəssisəsi kimi həyatımıza daxil olacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB