“17 noyabr hərəkatı müstəqilliyin təməllərini atdı” - MÜNASİBƏT BİLDİRİLDİ
“Milli Dirçəliş gününün Azərbaycan tarixində xüsusi yeri var”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elman Cəfərli deyib.
Elman Cəfərli sözlərinə belə davam edib: “Tarixdən bəllidir ki, 1920-ci ilin 27 aprelində Şərqdə ilk müstəqil demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti devrildi. Onun yerinə qurulmuş Azərbaycan Şura hökuməti 2 il sonra SSRİ-yə daxil edildi. Cildini dəyişmiş qırmızı Sovet imperiyasının rəhbərliyi 70 il başımızı xalqlar dostluğu, ictimai bərabərlik şüarları ilə qataraq əl atından erməni fitnəkarlığını körükləyirdi. Dəfələrlə qondarma yaradılmış “Dağlıq Qarabağ Muxtar Vilayətində” etnik zəmində qarşıdurmalar, separatizm meylləri baş qaldırmışdı.
Ümummilli lider Heydər Əliyev 1987-ci ildə Sovet rəhbərliyindən zorla istefaya göndəriləndən sonra ermənilərin əli-qolu açılmışdı. 1988-ci ilin fevralında Qarabağın dağlıq hissəsində yaşayan erməni əhalisinin separatçılıq meylləri artıq hərəkata çevrilmişdi. Ermənilərin qanunsuz əməllərinə Moskvadakı imperiya rəhbərliyi laqeyd idi. Bəzən Kreml qızışdırıcı addımlar da atırdı. Ən pisi o idi ki, o vaxtkı Azərbaycan rəhbərliyi dövrün nəbzini tuta bilmir, özünü xalqdan kənar tuturdu. Rəsmi televiziya və mətbuat həqiqəti xalqdan gizlədirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qorxaq rəhbərliyi işi o yerə çatdırmışdı ki, xalq kütlələri hərəkətə gəlməyə başlamışdı. Milli düşüncəli ziyalıların rəhbərliyi ilə ilk təşkilatlar yaranmağa başlamışdı. Bu zaman “Varlıq”, “Çənlibel” və digər milli təşkilatların gənc fəalları xalq içərisinə gedir, sadə insanlara əslində baş verənləri anladırdı. Xalqın ilk təşkilatlanması da beləcə başlanırdı. Ermənilərin Şuşa yaxınlığında Topxana meşəsində nadir ağacları kəsməsi xalqın səbr kasasını daşdırdı. 1989-ci ilin noyabrın 17-də xalq o zaman Leninin adını daşıyan meydana toplaşdı. 18 gün meydandan çıxmayan xalqın izdihamlı aksiyası imperiyanı lərzəyə gətrimişdi. Xalqın hakimiyyətdən tələbi bunlar idi:
-Hökumət iqtisadi əlaqələrin kəsiləcəyi ilə bağlı Ermənistana qəti xəbərdarlıq etməlidir.
-Televiziya birbaşa canlı yayımla verəcək ki, Topxanada nə işlər görülür.
-Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilməlidir.
-Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır.
-Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir.
Dekabrın 4-də Sovet hüquq mühafizə orqanlarının və hərbçilərinin zorakılığı ilə meydan dağıdıldı. Lakin bu, xalqın azadlıq istəyini qıra bilmədi. Meydana oraq-çəkicli bayraqla daxil olmuş xalq oradan üçrəngli istiqlal bayrağı ilə çıxdı. 17 noyabr hərəkatı müstəqilliyin təməllərini atdı. 18 günlük aksiyada azadlığa təşnə yeni bir Azərbaycan xalqı doğuldu. Azərbaycan xalqı həmin il Avropanın nüfuzlu dərgilərindən birində “İlin xalqı” elan edildi. Dünyanı heyrətə gətirmiş bu izdihamlı aksiya bir həqiqəti üzə çıxardı: Azərbaycan xalqının başın açılan müsibətləri yalnız müstəqil dövlət dayandıra bilər. Belə də oldu. Meydan hərəkatından cəmi 2 il sonra Azərbaycan öz müstəqilliyini elan etdi”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB