“Mina elə bir bəladır ki, ondan qurtuluş yoxdur“ - ŞƏRH EDİLDİ

“Mina elə bir bəladır ki, ondan qurtuluş yoxdur“ - ŞƏRH EDİLDİ

“Təəssüflər olsun ki, mina elə bir məsələdir ki, bunu bir anda tam olaraq həll etmək mümkün deyil. Çünki mina ilə çirkləndirilmiş ərazi və obyektlər tam olaraq faktiki təmizlənə bilmir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Azər Həsrət sözlərinə belə davam edib: “Əgər tam olaraq fikir verminizsə, hətta İkinci Dünya müharibəsi, yəni 1939-1945-ci illər ərzində mina və hərbi silah-sursatla çirkləndirilmiş ərazilərdə indinin özündə belə təhlükəli tapıntılar var. Yəni, faktiki olaraq dünyanın istənilən bölgəsində mina ilə çirkləndirmə nəticə etibarilə ona gətirib çıxarır ki, bundan gələcək nəsillər də zərər çəkir. Ermənistanın işğal altında tutduğu Azərbaycan ərazilərini belə çirkləndirməsi də eyni qəbildəndir. Yəni, faktiki olaraq torpaqlarımız elə çirkləndirilib ki, onun təmizlənməsinə on illər sərf olunacaq.

Düzdür, Azərbaycan dövləti mümkün qədər sürətlə bu prosesi həyata keçirir. Lakin, görürsünüz ki, 44 günlük müharibə bitdikdən və torpaqlar azad edildikdən sonra 300 civarında insanımız bu və ya digər şəkildə minaya düşüb. Onların bəziləri həlak olub, bəziləri də ciddi yaralar alıb. Bundan savayı texnika tələf olub. Bizim hətta jurnalistlərimiz də minaya düşərək həlak olub. Bu elə bir bəladır ki, ondan qurtuluş yoxdur. Təbiidir ki, bu bəlaya səbəb olanlar bəşəriyyət qarşısında mütləq cavab verməlidirlər. O cümlədən də Azərbaycan torpaqlarını mina ilə çirkləndirən işğalçı Ermənistan”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə