“Ölkəmizin məsələyə yanaşması kifayət qədər müasir və çox səmərəlidir” - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan Böyük Qayıdış prosesini uğurla həyata keçirir. Nəzərə almaq lazımdır ki, ermənilər torpaqlarımızı işğal altında saxlayan zaman oradakı infrastrukturun 99 faizini məhv ediblər. Bu da o deməkdir ki, biz həmin əraziləri praktiki olaraq yenidən qurub, inşa edirik. Bu proses isə böyük iradə və iqtisadi potensial tələb edir. Amma Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gəlir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, ilk olaraq Zəngilanın Ağalı-1 layihəsi üzrə soydaşlarımızın öz yurdlarında məskunlaşdırılması prosesi həyata keçirildi: “Həmin ərazilərdə tikinti-quruculuq işləri zamanı qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunur. Bunun özü də çox əhəmiyyətlidir. Belə ki, həm orada məskunlaşdırılan əhalinin həyat şəraiti əhəmiyyətli dərəcədə yüksək tələblərə cavab verir, həm də gələcəkdə həmin ərazilər üzrə xərclər azalmış olur. Məsələn, ağıllı şəhər konsepsiyası üzrə yaradılan yaşayış məskənləri bərpa olunan enerji mənbələrindən istifadə etməyə imkan verir. Bu da kifayət qədər səmərəlidir. Təbii ki, bu istiqamətdə digər innovativ baxışları da qeyd etmək olar. Yəni ölkəmizin məsələyə yanaşması kifayət qədər müasir və çox səmərəlidir”.
E.Mirbəşiroğlu qeyd edib ki, həm Zəngilan, həm Laçın, həm də Füzulidə soydaşlarımızın məskunlaşdırılması prosesi başladılıb və uğurla davam etdirilir: “Yaxın gələcəkdə digər ərazilərdə də soydaşlarımızın, keçmiş məcburi köçkünlərin yerləşdirilməsi prosesi həyata keçiriləcək. Hər il dövlət büdcəsində Böyük Qayıdışın təmin olunması üçün ayrıca xərclər bəndi nəzərdə tutulur. Məsələn, 2023-cü ildə dövlət büdcəsində Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun büdcə ayrılmasında təxminən 60 faiz işğal azad olunmuş ərazilərin bərpasına yönləndirilməsi nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərdən dünyanın inkişaf etmiş məkanlarından birinə çevrilməkdədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB