"Üçrəngli bayraq bizim tariximiz, şərəfimiz və namusumuzdur" - DEPUTAT ŞƏRH ETDİ
"Hər bir dövlətin bayrağı ona doğmadır. Azərbaycanın üçrəngli bayrağı da xalqımız üçün müqəddəsdir. Tarix boyu müsəlman dünyasında böyük qələbələr qazanıldıqdan sonra bayrağı ucaldıb və öpərək ehtiram göstəriblər. Azərbaycan da 1918-ci ildə müsəlman Şərqində ilk cümhuriyyəti elan etdikdən sonra 1918-ci ilin noyabrında üçrəngli bayrağı qəbul etdi. Bu bayraq 1920-ci ilin aprelinədək bütün Azərbaycan torpaqlarında dalğalanıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, bu bayraqla düşüncələr XX əsrin əvvəllərindən yaranıb: "Milli demokratik ziyalıların bir hissəsi hələ cümhuriyyət elan olunmadan öncə onun bayrağı barədə düşünüblər. Bu bayraq həm türkçülüyü, həm islami dəyərləri, həm də Avropa dəyərlərini özündə ehtiva etməli idi. Ona görə də bütün bu düşünülənləri həyata keçirmək üçün 1918-ci ilin noyabrında Azərbaycan müstəqilliyini dünyaya tanıda bilən üçrəngli bayraq qəbul edildi. İlk rəng millətin adı ilə türkçülüklə bağlıdır. İkinci olan qırmızı rəng türk milləti olaraq Avropaya inteqrasiyanı göstərir. Qırmızı, Azərbaycan xalqının xarakterinə uyğun olan Avropa uğurlarını tətbiq etmək deməkdir. Üçüncü rəng isə ərəblərdən bizə qalan ən böyük miras islami dəyərləri ehtiva edir".
Deputat sözlərinə davam edərək bildirib ki, 20-ci ilin sovet dönəmi bu bayrağı qadağa qoydu: "Amma gizli şəkildə belə olsa müəyyən insanlarda bayrağımız həmişə mövcud olub. Nəhayət, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edərkən üçrəngli bayrağımız yenidən qəbul olundu. Doğrudur, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarının 20%-i işğal olundu, bəzən erməni qüvvələri tərəfindən bayrağımız təhqirə məruz qaldı. Amma 2020-ci ildə Vətən müharibəsində qələbə qazandıqda hər yerdə üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. Bir uğurumuz da ondan ibarətdir ki, 44 günlük müharibədə qələbə əldə etdikdən sonra hər yerdə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə Cümhuriyyətinin bayrağı da dalğalanırdı. Ulu Öndərin də dediyi kimi, bir millət, iki dövlət olduq. Daha sonra 2023-cü ilin sentyabrında antiterror tədbirlərində uğurlar əldə etdik və yenə də bayrağımızı yüksəklərə ucaltdıq. Bu bayraq tariximiz, şərəfimiz və namusumuzdur".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB