Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib - YENİLƏNİB - FOTOLAR
Bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib. SİA-nın məlumatına görə, V.Xaçatryan Azərbaycan tərəfindən vəkil və tərcüməçi ilə təmin olunub, ona qanunvericiliyin tələbləri izah olunub.
Bakı Hərbi Məhkəməsinin sədr əvəzi, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər dindirilib.
Zərərçəkmiş Rəhimov Salman Oqtay oğlu: “Bu şəxsi mən şəxsən tanımıram. Amma hadisələrdə iştirak etdiyimə görə bilirəm. Bacım orada ərdə olub. Mən də o kəndə getmiş və cinayətləri görmüşəm.
Meşəli kəndində olarkən hadisə baş verdi. Gecə yatdığımız yerdə ermənilər hücum ediblər. Evdə yatdığım yerdə ayağımdan güllə yarası aldım. Bacım da eyni şəkildə yaralanıb. Ondan sonra ermənilərin mikrofonla camaata “Sizi qıracağıq”, “Kənddən çıxın” və “Təslim olun” sözlərinin şahidi olmuşam. Onlar kəndə hücum edib camaatı qırıb yandırıb. Bunlara gözümlə şahid olmuşam.
Bütün kənd camaatı hamı Vaqifi tanıyır. Deyirlər ki, o işin başçısı Vaqif olub və təşkilatçılıq edib. Mənim dayılarım, nənəm, babam Meşəlidə ölüb. Ermənilər bilir ki, mənim babam kəndi qoruyub saxlayan kişilərdən biri olub. Vaqif babamı çox yaxşı tanıyır. Qıçımdan və çiynimdən yara almışam. Güllə çiynimdən dəyib kürəyimdən çıxıb. Nənəm də başından güllə yarasından ölüb. Nənəmin beyin hissəsi dəfn olunduqda yox idi. Ermənilər hücumda əsas avtomat, pulemyotdan istifadə edirdilər. Bütün kəndi üzük qaşı kimi mühasirəyə almışdılar. Mən məhkəmədən iki güllə yarası almış şəxs kimi xahiş edirəm ki, bu adama ömürlük həbs cəzası verilsin”.
Zərərçəkmiş Elşən İbadullayev: “Vaqifi şəxsən tanımıram. Mən o vaxt uşaq idim. Kəndin bütün böyüklərinə Vaqif və onun ətrafı zülm verib.
Güllənin səsinə oyandıq. Ayıldıq ki, el-aləm alışıb yanır. Mikrofonla “Təslim olun” deyirdilər. Təslim olduq da, bəs bizi niyə öldürdünüz?. Vaqif, indi burada heçnəyi boynuna almırsan, amma o vaxt orada at oynadırdın. Kəsdiyiniz çörək sizi tutsun.
Vaqifə ömürlük həbs verilsin. O bizi evimizdən-eşiyimizdən sürgün etdi”.
Zərərçəkmiş Niyazi İbadullayev: “Mən Meşəlinin sakiniyəm. Amma hadisə vaxtı orada olmamışam. Qardaşım, dayım, bibim və xalamoğlu şəhid olub.
Yaralıları qardaşım aparıb. O biri ailə üzvlərimi də xalamoğlu aparırdı. Ermənilər maşının önünü kəsib hamısını öldürüblər. Orada bir çox ermənilərin adı çəkilib. 30 il bundan öncə olan hadisədir. Yadımda az ad qalıb. Amma Vaqifin adını yaxşı xatırlayıram”.
Zərərçəkmiş Əli Behbudov: “Bizim kəndin hər cığırını Vaqif yaxşı tanıyır. Çünki biz qonşu kəndlərdə idik və gediş-gəliş var idi. Münasibətlərimiz də pis deyildi.
Onlar quşdan tutmuş canlı gəzən pişiyə kimi hamısını güllələyirdilər. Bibim oğlanları, bibimin yoldaşı, öldürüldü. Bir ailədən 4-5 nəfər öldürülürdü. Qaynatamı evimin altında öldürdülər”.
Zərərçəkmiş Nadir Əkbərov: “Bizim kəndin birinci qatili sənsən, Vaqif. Sən mənim ata-anamı öldürmüsən. Mən səni çox yaxşı tanıyıram.
Mikrofonla deyirdilər ki, “Kəndi tərk edin, sizi qırmayacağıq”. Bunlar belə deyəndə əliyalın millət evdən çıxdı. Bütün çıxanları qırdılar. Vaqif bütün proseslərdə iştirak edib. O yalan danışır”. Vaqif Xaçatryan isə şahidlərə cavab olaraq bildirib ki, zərərçəkmişlərin heçbirini tanımır: “Mən bu zərərçəkmişlərin heç birini tanımıram. Ay qardaşlar, mən orada olmamışam. Vaqif orada olmayıb. Ola da bilməz. Mən orada heç kimə və heçnəyə başçılıq etməmişəm. Bizim evə başçı mənim anam olub. Mən günahsız adamam və burada dayanmışam”.
Qeyd edək ki, Xaçatryan Vaqif Çerkezoviç 1992-ci ildə Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə, əhalini deportasiya etməkdə və digər xüsusilə ağır cinayətlərdə ittiham olunur.
İttihamda deyilir ki, onun üzv olduğu dəstənin əməlləri nəticəsində 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər xəsarət alıb. Bundan başqa hadisələr vaxtı dövlətə və kənd sakinlərinə məxsus 5 milyon 496 min 900 manatlıq əmlak məhv edilib.
Bakı Hərbi Məhkəməsinin sədr əvəzi, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda növbəti məhkəmə baxışı 6 noyabr saat 10:00 üçün müəyyən olunub”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB