"Suverenliyimizin təmini Prezidentin uğurlu fəaliyyətinin nəticəsidir" - DEPUTAT ŞƏRH ETDİ
"Son 20 il ərzində Azərbaycan Prezidenti tərəfindən ölkəmizin hərtərəfli inkişafı istiqamətində kompleks addımlar atılıb. Hər şeydən öncə beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu və yeri əhəmiyyətli dərəcədə möhkəmləndirilib. 2020-ci il sentyabr ayında Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Xüsusi vurğulamaq lazımdır ki, həmin ilə qədər də dünya artıq Azərbaycanın haqlı mövqeyini qəbul etməkdə idi". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, bu, Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi idi: "Biz görürdük ki, bütün beynəlxalq platformalarda Azərbaycan Prezidenti şəxsən özü ölkəmizin haqlı mövqelərini dəqiqliklə arqumentləşdirirdi. Beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq həm də qəbul etdirirdi. 2020-ci ilə qədər olan dövrdə artıq dünya ictimaiyyəti o mövqedən çıxış edirdi ki, keçmiş münaqişə vəziyyəti Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu da ölkə rəhbərinin uğurlu xarici siyasətinin nəticəsi idi. Eyni zamanda bu, uğurlu addımlar ataraq ölkəmizi əhəmiyyətli tərəfdaşa çevirməsinin nəticəsi idi. Azərbaycanın cəlbediciliyi davamlı olaraq artırılırdı".
Deputat sözlərinə davam edərək bildirib ki, Azərbaycan bütün əməkdaşlıq istiqamətləri üzrə çox uğurlu addımlar atırdı: "Dövlət başçısının yüksək nüfuzu, Azərbaycanın hərtərəfli potensialının formalaşması bizim haqq səsimizin eşidilməsini şərtləndirdi. Torpaqlarımızı işğaldan azad etdikdən sonra üç il ərzində davamlı olaraq mövqelərimizi möhkəmləndirdik. Ölkə Prezidentinin vurğuladığı kimi, bugünkü Azərbaycan Ordusu 2020-ci ilin sentyabrında torpaqlarımızı azad edən ordudan xeyli güclüdür".
"Eyni zamanda, regionda səmimi sülh gündəliyini başlatdıq və irəli apardıq. Lakin Ermənistan və Azərbaycan ərazisində yaşayan ermənilər bizim reinteqrasiya çağırışlarını lazımi səviyyədə qiymətləndirə bilmədilər. Belə olan halda biz antiterror tədbirləri həyata keçirdik və ölkədəki separatizmin kökünü kəsdik. Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərimiz tam olaraq öz nəzarətimizə keçdi. Bütün ərazilərimiz boyunca suverenliyimizi etibarlı şəkildə təmin etdik. Təbii ki, bu, ölkə başçısının bütün istiqamətlərdə uğurlu fəaliyyətinin məntiqi nəticəsi idi",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB