“Quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti var“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Azərbaycanın iqtisadi gücünü və beynəlxalq aləmdə qazandığı uğurları nümayiş etdirir. Bu günə kimi həmin ərazilərə 7 milyarddan artıq vəsait sərf olunub və əlavə olaraq milyardlarla vəsaitin sərf olunması nəzərdə tutulub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, yolların çəkilməsi, körpülərin salınması, tunellərin qazılması, yeni beynəlxalq əhəmiyyətli təyyarə meydanlarının tikilməsi, işğaldan azad edilmiş ərazilərdə məktəb və tibb müəssisələrinin salınması iqtisadi gücümüzdən xəbər verir: “Əgər Azərbaycan iqtisadiyyatı güclü olmasaydı, işğaldan azad olunmuş ərazilərdə bu cür möhtəşəm işlər görmək mümkün olmazdı. Bütün bu işlərin görülməsi ərazilərin abadlaşdırılmasına, gələcəkdə həmin ərazilərdə insanların firəvan yaşamasına, yeni iş yerlərinin açılması, aqrar sahənin inkişaf etdirilməsinə yönəlib. Çünki həmin ərazilər özünün güclü kənd təsərrüfatı potensialına malikdir. Sözsüz ki, işğaldan azad edilən ərazilər minalardan tamamilə təmizləndikdən sonra orada aqrar sahə sürətlə inkişaf edəcək.
Sevindirici haldır ki, artıq həmin ərazilərdə 72 min hektar sahədə taxıl əkilib. Təxminən 770 hektarda sadə kənd təsərrüfatı bitkiləri əkilib və yaxşı məhsul götürülüb. Lakin son 30 ildə ərazilərdə əkin-biçin işi aparılmayıb, torpaqlar münbitliyini itirib. Ancaq həmin torpaqlar tədricən əkin dövriyyəsinə daxil edilir, kənd təsərrüfatına yararlı hala salınır.
Füzuli, Zəngilan, Laçına əhalinin köç prosesi başlanılıb. Sevindici haldır ki, gələn ilin əvvəlində Şuşaya da əhalinin köçürülməsinə başlanılacaq.
Quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti var. Bu Azərbaycanın haqlı, ədalətli qələbəsinin nəticəsi olmaqla bərabər, həm də dünyaya bir daha göstərir ki, Azərbaycan xalqı qurucu, tikib-yaradan bir xalqdır. Təsadüfi deyil ki, cənab Prezident müntəzəm olaraq işğaldan azad edilmiş ərazilərdə olur, insanlarla görüşür və orada görülən işlərlə tanış olur. Sözsüz ki, ölkə başçısının regionlara hər bir səfəri quruculuq və bərpa işlərinin əsasının qoyulmasıdır. Bu həm də həmin ərazilərə köçürülən insanlara verilən diqqətin göstəricisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB