“Ulu Öndərin fəaliyyəti dövründə ətraf mühit məsələləri həmişə xüsusi diqqət mərkəzində olub” - MUXTAR BABAYEV
“Müstəqil Azərbaycan Respublikasının qurucusu, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan əbədiyaşar Ulu Öndərin fəaliyyəti dövründə ətraf mühit məsələləri həmişə xüsusi diqqət mərkəzində olub. Heydər Əliyevin uzaqgörən siyasəti, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən etdiyi prioritetlər bu gün həyata keçirilən mühüm tədbirlər, o cümlədən gənc mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaratmışdır”. SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” adlı konfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün dünyamızın üzləşdiyi çağırışlar qarşısında daha dayanıqlı gələcək qurmaq üçün mütləq baş vermiş və gözlənilən dəyişmələrə uyğunlaşmaq və ətraf mühitə dost inkişaf yolunu seçmək çox vacibdi. İstiqamət isə Ölkə Başçımızın Sərəncamı ilə Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prirotetlər» “5-ci PRİORİTET Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” Sənədində müəyyən olunub.
Bu xüsusda ətraf mühitin mühafizəsi ilə bağlı aktual problemlərin həllində maraqlı olan bu qədər tələbə və gəncləri bir arada görmək sevindirici haldır. Siz bu məsələdə daha həssassınız və ətraf mühit problemləri ilə mübarizəsində mühüm qüvvəni təşkil edirsiz.
Biz iqlim dəyişikliyi, təbii ehtiyatların qorunması və səmərəli istifadəsi, ekosistemlərin dayanıqlılığının təmin edilməsi, tullantıların idarə edilməsi, meşələrin artırılması, səhralaşmanın və torpaq deqradasiyasının qarşısının alınması ilə bağlı məsələlərin həllində gənclərin iştirakına böyük ümid bəsləyirik.
İşğaldan azad edilmiş ərazilərdə geniş bərpa və yenidənqurma işləri, ən kreativ yanaşmaların, yaşıl enerji, yaşıl kənd təsərrufatı, təbiətə dost olan texnologiyaların tədbiqi gənc nəslin potensialının göstərilməsi üçün boyük imkanlar yaradır. Bu ərazilərdə 2050-ci ilədək karbon neytrallığı zonasının yaradılmasını hədəfləyirik.
Enerjinizi, yaradıcılığınızı və innovativ ideyalarınızı bu səylərə cəlb etməyiniz və başqalarını buna təşviq etməyiniz çox vacibdir. Düşünürəm ki, ekoloji fəallılıq tək bir müsabiqə və yarışma ilə bitməli deyil, dayanıqlı və məsuliyyətli bir fəaliyyətə çevrilməlidir.
Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf, şübhəsiz ki, gənclər üçün yeni imkanlar açır. Gənclərin ekoloji məsələlərlə bağlı proseslərə cəlb edilməsi, onların ətraf mühitin mühafizəsində növbəti nəslin liderlərinə çevrilməsi ilə nəticələnməlidir.
Bildiyiniz kimi, iqlim dəyişmələri fəsadları bütün dünyada olduğu kim Azərbaycanda da müşahidə olunmaqdadır. Bir tərəfdən quraqlıq və su çatızmamazlığı, digər təfəfdən sel-daşqınlar ölkə iqdisadiyatına və əhaliyə təsir göstərir. Buna görə iqlim dəyişmələri ilə bağlı mənfi təsirləri yumşaldmaq, bəzi hallarda uyğunlaşma yolu ilə hətta faydalanmaq istiqamətində yeni kreativ yanaşmaların tətbiqi zamanıdır.
Bu gün tərəfimizdən rəqəmsal texnoloji həllərdən və coğrafi informasiya sistemlərindən aktiv şəkildə istifadə olunur. Bütün bu texnoloji həllər sizin həmyaşıdlarınız olan gənc mütəxəssislərimiz tərəfindən hazırlanır və tətbiq edilir.
Sevindirici haldır ki, bu il gənclərdən ibarət komandamız tərəfindən yenilikçi veb texnologiyalar əsasında yaradılan “Yaşıl Gələcək” platforması uğurlu korporativ sosial məsuliyyət müstəvisinə çevrilə bilib. Ağac əkilməsi üçün ianə edib, sertifikat əldə edə biləcəyiniz bu platforma çərçivəsində tərəfdaşlıq etdiyimiz qurumlar və fərdi istifadəçilər tərəfindən artıq 50 minə yaxın ağac əkilib.
Hazırda komandamızda dövlət, özəl sektor, qeyri-hökumət təşkilatları və elmi sektorda təmsil olunan gənclərimiz ətraf mühit sahəsində öz biliklərini təkmilləşdirən və ekoloji kampaniyalarda aktiv iştirak edən yüzlərlə fəal gənc könüllülər var.
Hakaton çərçivəsində keçirilən yarışlarda gənclərin ətraf mühit ilə bağlı problemlərin öz həll yollarını təklif etməsi, bu müsabiqədə innovativ və yaradıcı ideyaların yaranması çox sevindirici haldır. Ümid edirik növbəti illərdə keçiriləcək müsabiqələrdə iqlim dəyişiklikləri və ətraf mühitin mühafizəsi sahəsində təklif olunan həll və layihələrin sayı daha da artacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB