Əli Kərimli o revanşın qarşısını ala bilərdimi? - DEPUTAT MÜNASİBƏT BİLDİRİB

Əli Kərimli o revanşın qarşısını ala bilərdimi? - DEPUTAT MÜNASİBƏT BİLDİRİB

"Əli Kərimlinin bəyanatı çox cığal və əsassızdır. Onun bəyanatında qeyd etdiyi beynəlxalq şəraitin dəyişməsinə kim səbəb olub? Azərbaycan iqtisadiyyatının güclənməsinə, çoxlu vəsaitlərin toplanmasına məhz Ulu Öndərin imzaladığı "Əsrin müqaviləsi" olmadımı?! Əli Kərimli deyir ki, Rusiya Paşinyandan heyfini çıxmaq üçün onu uduzdurdu. Onda belə çıxır ki, əgər möcüzəli bir şəkildə Əli Kərimli Azərbaycanın rəhbəri olsa Rusiya yenə bizi uduzduracaqdı. Onda beynəlxalq şərt yada düşməyəcəkdi. Ona görə də adam nə danışdığını düşünməlidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputatın sözlərinə görə, bu dövlətin yüksəlişində Heydər Əliyevin, İlham Əliyevin rolu olub: "Bütün bunlar addım-addım yaradılıb. Ulu Öndər bunun əsasını qoyub, Prezident İlham Əliyev də davam etdirib. 210 il ərzində heç kim Azərbaycan torpaqlarını geri qaytarmamışdı. Tariximizdə belə bir hadisə baş verməmişdi. Bunu Prezident İlham Əliyev bacardı.

Dünyanı idarə edənlərlə danışıqlar aparmaq, onların öz dili ilə danışmaq, böyük işlər aparmaq da beynəlxalq şərait yetişdirir. Vətənin xilası üçün hər şey məqbuldur. Prezident də Vətəni bütövləşdirib, suverenliyimizi təmin edib. Ona görə də Əli Kərimlinin bu fikirləri əsl cığallıqdır. İstənilən bir məsələ həll olunsa, deyəcək ki, bəs niyə o biri məsələ qaldı".

Deputat bildirib ki, dünya dövlətləri qarşısında Heydər Əliyevin və İlham Əliyevin böyük nüfuzu var: "Onlarla bacarıqlı iş qurmaq hər kəsin bacardığı iş deyil. Hər adama icazə verməzlər ki, torpaqlarını azad edəsən. Təbii ki, bu məsələdə şəhidlərimizin, qazilərimizin böyük rolu olub. Məhz Prezident İlham Əliyevin dövründə Vətən üçün canından keçməyə hazır olan gənclərimiz yetişib. I Qarabağ müharibəsində 15 min şəhidimiz olub. Bəs nə üçün torpaqlarımızı azad edə bilməmişik?! Çünki ordumuzu düzgün istiqamətləndirmək lazım idi. Bu gün də son itkilərimizi verdik ki, gələcəkdə balalarımız nahaq yerə ölməsinlər. Xalqımızı təbrik edirəm ki, öz suverenliyini bərqərar edib. Mən Milli Məclisdə də sözümü demişdim ki, müxalifət ağlını başına yığmalıdır. Doğrudur, bizim müəyyən problemlərimiz var. Amma təsəvvür edək ki, bu gün İlham Əliyev hakimiyyətdə yoxdur. O zaman dərhal dünya revanş siyasəti yeridər. Əli Kərimli o revanşın qarşısını ala bilərdimi? Ona görə də bu düşmənçilik gərəksizdir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə