Düşmənçiliyin buynuzu olmur ki. Bütün zamanlarda dövlətə, xalqa, topluma asi olmaq ən ağır şəkildə cəzalandırılıb və bu gün də bu ittihamla yaşayan az adan azadlıqda gəzir. Erməni düşmənçiliyini bizim hüquq çərçivəmizdən kənarda -Ermənistanda və dünyanın başqa-başqa yerlərində edir. Bu, aydındır. Dünənə qədər ermənilər separatçı olaraq Qarabağdan da dişini qıcayırdı. Məşvərətdən, məsləhətdən anlamayan bu zatıqırıqlar sonunda bəlalarını buldular. Düşmənçilik yolunu tutan ermənilərin bir qismi ədalət məhkəmələri qarşısında cavab vermək sırasını gözləyir.
Bəs, içimizdəki düşmənlərlə nə edək? Ötən əsrin 90-cı illərində ermənilərin torpaqlarımızdan pay qoparmaq iddalarına cəbhəçilər hakimiyyəti haray-həşirlə qamarlamaqla cavab verdilər. Sərhədlərimizdə, Qarabağımızda ermənilərin törətdikləri dəhşətləri görməzdən gəldilər, cavab “haqqını” sonraya saxladılar. Hətta erməni silahlılarının əlindən qaçan və paytaxta, digər rayonlara sığınan qaçqınlar barəsində cəbhəçi liderlərdən birinin “qoy bir az da gəlib şəhərə öyrəşsinlər” fikri hələ də qulaqlarımızda cingildəyir. Millətin faciəsinə bu qədər bəsit reaksiya verəndən daha nə gözləmək olardı? Sonra da gileylənirlər ki, biz cəmi-cümlətani bir il hakimiyyətdə olduq, amma bütün günahları bizdə görürlər.
Kimsə bu hadisələri kiminsə uydurmalarına, hansısa tarix kitabındakılara əsaslanıb yazdığımı düşünməsin, bütün baş verənlərə şəxsən şahidəm. Mənim kimi minlərlə azərbaycanlı o faciəli günləri bu gün də xatırlayır. Ermənilər torpaq, cəbhəçilər kreslo davasında idilər. Cəbhəçilərin bağışlanmaz bir günahı da var idi ki, o da insanların ümidlərini qırmaq, məhv etmək. İndi yutub TV-lərinə eninə-boyuna intervülər verən, Azərbaycanın qazandığı qələbələrə rişxəndlə yanaşan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan möhtəşəm qalibiyəti heçə endirməyə cəhd edən Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli və onlar kimi siyasi “maşa”lar arxaya boylansınlar, özlərinin bu xalq, dövlət üçün etdiklərini tərəzinin gözünə qoysunlar, iki ağsaqqal da gətirib məsləhətini dinləsinlər və utansınlar.
1993-cü ildə baş verən hadisələrdən, cəbhəçilərin hakimiyyətdən qovulmasından sonra düşünmək olardı ki, torpaqlarımızın işğal olunmasında, faciələrimizdə birbaşa günahkar olan AXC hakimiyyətinin üzvləri səslərini bir ömür çıxara bilməzlər. Amma gözləntilərimiz özünü doğrultmadı, 20 faizlik torpaqlarımız kimi, kreslolarını da itirən cəbhəçi liderlər sanki heç nə olmamış kimi siyasət meydanında bu dəfə müxalifətçi kimi yenidən zühr ediblər. Bu gün tv-lərdən düşməyən, şər maşınlarının ulduzuna çevrilən Əli Kərimli hər kəsi günahlandırır, özündən savayı. Partiyasını kim tərk edirsə ona “düşmən”, “satqın” damğası vurur, özünü böyük “təftişçi” kimi təqdim edir. Əlindən bir iş gəlməyən, boğazdan yuxarı proqnozlar verən bu siyasət qəhrəmanı olaraqAzərbaycan hakimiyyətinin fəaliyyətini, nəyi düz, nəyi yanlış etdiyini yozmağa çalışır. İnsafən, Əlidə bu məsələ çox uğursuz alınır. Çünki, yozmasından da görünür ki, hələ də dövlətçilikdən, idarəçilikdən, milli maraqlardan çox uzaqdır, başına gələnlər, yaxud millətin başına gətirdikləri onlara dərs olmayıb, ağıllanmayıblar. Müxalifətçilik dövlətə, millətə, hakimiyyətə düşmən olmaq deyil. Müxalifətçilik yeri gələndə hakimiyyətdən də öndə olmağı bacarmaqdır.
Əli Kərimli və Gültəkin Hacıbəyli bu dəfə də Prezident İlham Əliyevin Xankəndidəki çıxışını hədəfə alıblar. El arasında tez-tez işlədilən bir cümlə var, “sanki bir-birinin ağzına tüpürüblər”, tutuquşu kimi eyni cümləni təkrarlayıb durublar: “Bu qələbə xalqındır, hakimiyyətin, İlham Əliyevin deyil”. İndi durub yenə yadlarına 1990-cı illəri salacağam, deyəcəklər “köhnə palan içi sökürsən”, deməsəm də ölləm. Bu xalq ötən əsrin 90-cı illərində də həminki idi, cəsur, rəhbərini dinləyən, Vətən uğrunda canından keçən, ermənilərin anasını ağlar qoyan. Bəs nə oldu, hakimiyyət də, hökm də, bütün imkanlar da sizin AXC iqtidarında idi? Siz də Prezident Administrasiyasında oturub dövlətin bütün imkanlarından istifadə etməkdə sərbəst idiniz, topunuz, topxananız da öz yerində. Siz niyə o vaxt Qarabağda, sərhədlərimizdə tam möhkəmlənə bilməyən erməni silahlı birləşmələrinə qarşı heç olmasa kiçik bir əməliyyat belə keçirə bilmirdiniz? Bilərdiniz, amma buna sizin iradəniz, bacarığınız, səriştəniz yetmədi. Güvənciniz olmadı, çünki qorxaqlar cəsarətli ola bilmirlər.
Bu gün Vətən müharibəsində və ondan sonrakı əməliyyat və tədbirlərdə qazanılan qələbələrdə xalqımızın, əsgər və zabitlərimizin əməyi şəksizdir, danılmazdır. Amma onları bir arada tutan, bir yumruq kimi birləşdirən, zərbəni düşmənin təpəsinə endirən Sərkərdənin, Ali Baş Komandanın əməyini, zəhmətini danmaq ən azından nankorluq, şərəfsizlik və bütün mənalarda korluqdur. İlham Əliyev Müzəffər Sərkərdə olaraq xalqımızın 200 illik qələbə həsrətinə son qoyan Ali Baş komandandır. 200 il itirə-itirə gedirdik və bu itkilərdə keçmiş cəbhəçi hakimiyyətin də böyük payı var.
Əli Kərimlinin tv-lərdən birinə verdiyi “unikal” müsahibəsindən kiçik bir hissəsini sizlərə təqdim etmək istəyirəm. Oxuyun və özünüz də agah olun ki, AXC hakimiyyəti zamanı öndə gedənlərdən biri özünü bu dəfə Azərbaycanda ana müxalifətçiliyə iddialı partiya, yaxud siyasətçi kimi necə təqdim etmək, sırımaq istəyir: “İlham Əliyev haradan bilirdi ki, 20 il hakimiyyətdə olacaq. 17 ili boşa gedəcək. Ondan sonra, birdən indi erməni xalqı inqilab eləməzdi, Paşinyan hakimiyyətə gəlməzdi, Sarkisyanla Köçəryan qalardı hakimiyyətdə, onda o məqsədyönlü iş nə ilə qurtarardı?”. Belə yerdə deyiblər, “heç hənanın yeridir?”. Fakt budur ki, bütün bunlar artıq baş verib, ya zəlzələdən, ya da vəlvələdən. “Zəlzələ” üstə hakimiyyətə gələn Paşinyana Şuşada yallı getməyin sifarişini də biz verməmişdik. O özü qaşındı və cavabını aldı, növbəti il Şuşanın “Cıdır düzü”ndə Azərbaycan “Xarı bülbül” festivalı düzənlədi. Yəqin ki, Prezidentimizin “nəyi, necə və nə vaxt etməyi mən yaxşı bilirəm” kəlamını Əli Kərimli və onun yan-yandaşları ya eşitməyib, ya da eşitmək imkanları olmayıb. Ay Əli, siyasətçi, hələ dövlət başçısı o deməkdir ki, hadisələrə anında reaksiya verməyi bacarasan.
Bir də ki, Əlidə və o birilərində bu keyfiyyətlər yoxdursa, daha özümüzü niyə yorub bu qədər danışırıq ki...
V.SALAH
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB