"Müstəqil Azərbaycanın memarı" adlı tədbir keçirilib - FOTO

"Müstəqil Azərbaycanın memarı" adlı tədbir keçirilib - FOTO

Dünən «SİNEMA PLYUS» otelin akt zalında «Modern ailə və inkişaf» İctimai Birliyinin və «Millixəbər.az» saytının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasınnı 100 illiyi ilə bağlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Yeni Azərbaycan Pratiyası Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdir müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev, millət vəkili Jalə Əliyeva, QHT nümayəndələri, şəhid anaları, qazilər və mətbuat nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan «Millixəbər.az» saytının rəhbəri Zamin Zeynal ölkəmizdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində silsilə tədbirlərin davam etdiyini bildirib. Və Ulu Öndərin milli-mənəvi dəyərlərimizə verdiyi önəmdən danışıb və bu istiqamətdə görülən işlərə diqqət çəkib.

Tədbirdə YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış edərək bildirib ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan edilməsini xalqımız xoş ovqat və böyük sevinc hissi ilə qarşılayır. Əziz və unudulmaz xatirəsi hər zaman bizimlə olan Ümummilli Liderimizin mənəvi ömrünün 100-cü zirvəsindən ötən illərə baxdıqca bir daha şahid oluruq ki, XX əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz Heydər Əliyev siyasəti dayanır – bu fenomenal şəxsiyyətin işıqlı əməlləri, parlaq siması dayanır.

Zərifə Quliyeva çıxışında əsasən onu vurğulayıb ki, tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı, Ulu Öndəri Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Ölkəmiz üçün mürəkkəb bir dövrdə, onun parçalanmaq, bölünmək təhlükəsi ilə üzləşdiyi illərdə Ulu Öndər Heydər Əliyev yenidən xalqımızın nicatı oldu. O, xalqın çağırışı ilə yenidən və bu dəfə daha böyük əzm və inamla Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını davam etdirdi. 1993-cü ilin 15 iyunu – müdrik xalqımızın haqlı olaraq Milli Qurtuluş Günü adlandırdığı bu tarixi gün xalqımızın və dövlətimizin taleyində dönüş nöqtəsi oldu. Ulu öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti yeni, yüksək mərhələyə qədəm qoydu.

Zərifə Quliyeva diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi bu gün dünya siyasətinin fenomeni olan cənab Prezidentimiz İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev ötən 20 il ərzində sarsılmaz təməlləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə inkişaf etdirərək ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi. «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm». Bu, sadəcə, Heydər Əliyevin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 20 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir. Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət kimi, eyni zamanda, Müzəffər Liderlik adını əbədi olaraq tarixə yazdı. Müqəddəs ata vəsiyyətini, işğal olunmuş ərazilərimizin azad edilməsi ilə bağlı xalqımızın ən ülvi və müqəddəs arzusunu şərəflə yerinə yetirdi. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin «Dəmir Yumruq» siyasəti ilə Güclü Ordumuzun qəhrəman əsgər və zabitlərinin rəşadəti ilə cəmi 44 gün ərzində 30 illik işğala son qoyuldu. Xalqımız müzəffər, qalib xalq xalq olduğunu bütün dünyaya sübut etdi. Sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”, - deyir. Və işğaldan azad olunmuş torpaqlara səfərləri və qısa bir zaman kəsiyində görülən uğurlu işlər və həyata keçirilən layihələr məhz Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir!

YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva çıxışında Ulu öndərin gənclərlə keçirdiyi müxtəlif görüşləri və tədbirləri daim xatırladığını və Ümummilli liderin respublikamızda gənclərin əsl vətəndaş kimi yetişməsi üçün həmişə lazımi şərait yaratdığını vurğulayıb. Və qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev öz xalqına qüdrətli və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş edib. Ulu öndərin ölkəmizin inkişafına işıq salan ideyaları bu gün Qalib Liderimiz, Böyük Sərkərdə, Prezident İlham Əliyev cənabları uğurla davam etdirir.

Zərifə Quliyeva çıxışı zamanı Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının oktyabrın 15-də Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldığını dedi. Qeyd etdi ki, Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldan dövlət başçısı öz çıxışında bildirdi: «Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi».

Zərifə Quliyeva çıxışı zamanı Qalib Liderimiz, Prezident İlham Əliyevin ən böyük dəstəkçisi, ən yaxın silahdaşı ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva olduğunu vurğulayaraq bildirdi ki, Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım kimi üzərinə düşən missiyanın məsuliyyətini dərindən dərk edərək ölkə üçün taleyüklü məsələlərin həllində cənab İlham Əliyevlə birgə addımlayıb. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın çoxşaxəli və genişəhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafında çox böyük çəkiyə malikdir: «Prezident İlham Əliyevin bütün layihələrinin uğurla reallaşmasında böyük dəstəyi olan Mehriban xanım Əliyeva bu gün Müzəffər Ali Baş Komandanla birgə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında əvəzsiz xidmətlər göstərir. Ölkənin birinci xanımı kimi Mehriban Əliyeva bu dövrdə şəhid analarına mənəvi dəstək verib, dərdlərinə şərik olur. Güclü qadın kimi şəhid ailələrini ailəsi bildi. Qarabağ müharibəsində əlil olan oğullara qardaş dedi, hələ də övladlarının yoxluğuna inanmayan, gözü yolda qalan anaları bağrına basdı, onlara ana dedi, qarşılarında baş əydi. Onun böyüklüyü, əxlaqı, görüb-götürdükləri, ailə dəyərləri böyük ehtiram və məhəbbətlə qarşılanır».

Zərifə Quliyeva, həmçinin onu da vurğulayaraq bildirdi ki, dövlət başçısı cənab İlham Əliyevlə birgə Mehriban xanımın ölkənin inkişaf strategiyasının hazırlanmasında, həyata keçirilməsində, həmçinin sosial, humanitar və iqtisadi layihələrin gerçəkləşməsində böyük əməyi var.

Sonda Zərifə Quliyeva bir daha vurğulayıb ki, bu gün fəxr edirik ki, dahi öndərimizin ideyaları yaşayır və geniş şəkildə inamla alternativsiz Lider, Qalib Sərkərdə, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və ümummilli liderimizin Azərbaycan xalqı qarşısındakı möhtəşəm xidmətləri unudulmur, böyük minnətdarlıq hissi ilə daim yad edilir. Heydər Əliyevin nurlu xatirəsi bundan sonra da qəlblərdə əbədi yaşayacaqdır!

Tədbirdə Yeni Azərbaycan Pratiyası Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdir müavini Asif İmaməliyev, millət vəkili Jalə Əliyeva və başqaları çıxış edərək qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsi II Qarabağ müharibəsində özünü göstərdi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində ordumuz düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Çıxış edənlər onu da bir daha vurğulayıblar ki, dahi şəxsiyyət Heydər Əliyev öz xalqına qüdrətli və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycanı bəxş edib. Ulu öndərin ölkəmizin inkişafına işıq salan ideyaları daim yaşayacaq.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə