Bütün çıxışlarını və müsahibələrini yalanlar, uydurmalar üzərində quran Ermənistanın baş naziri Nikol Paşinyan öz ənənəsinə sadiq qalaraq, yenə də manipulyasiyalar etməkdədir. Yalanı utanmadan, çəkinmədən danışmaq “məharəti” Vovayeviçi fərqləndirən ən aşkar xüsusiyyətdir və onun hər zaman olduğu kimi, yenə də öz yalanları, uydurmaları ilə hansısa auditoriyaya hesablanan manupulyasiyaları onun nə dərəcədə avantürist olması barədə çox aydın bir təsəvvür yaradır.
Ermənistanın İctimai Televiziyasına növbəti müsahibəsində Paşinyan yalandan elə uydurmalar səsləndirib, elə çıxış edib ki, guya Qranadada dağı dağ üstünə qoyub vətəninə qayıdıb. O, utanmadan elə danışıb ki, elə bil İrəvana böyük nailiyyətlərlə geri dönüb və erməni xalqı da bu diplomatik gedişin guya tez bir zamanda bəhrəsini görəcək. Onun uydurmalarına erməni xalqı inanmalı olsa, belə zənn edər ki, guya Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsində hansısa konsensus var. Əslində isə, nə Nikolun yalanları ayaq tutub yeriyənə oxşamır, nə də bu yalanlara erməni xalqının inanacağına özünün belə ümid edəcəyi inandırıcı görünmür. Çünki erməni baş nazir özü hamıdan yaxşı bilir ki, haylar artıq beş idən çoxdur onun uydurmalarının, yalanlarının dəfələrlə şahidi olublar və pafoslu çıxışlarının da mənasızlığını bilirlər. Onu da bilirlər ki, Paşinyan heç bir platformada diplomatik uğura imza atacaq halda da, məqamda da deyil, üstəlik, bunun üçün onun potensialı da yoxdur.
Jurnalistlə söhbətinin kifayət qədər çox hissəsini Rusiyaya həsr edən erməni baş nazir bu mövzuda da manipulyasiya edib və daxili auditoriyanı aldatmağa çalışıb. O, əmin etməyə çalışıb ki, guya dəyişən heç nə yoxdur. “Biz Ermənistan-Rusiya münasibətlərində heç nəyi ləğv etməmişik, heç bir yerdən geri çəkilməmişik. Biz öhdəliklərimizi yerinə yetirməkdən imtina etməmişik”, deyən Paşinyan bir növ Rusiyadan üzr istəyirmiş kimi görünsə də, guya hansısa məcburiyyət qarşısında qaldığı təəssüratı yaratmağa çalışıb. “İndi qlobal mənada çətin dövrdür və problem İrəvanla Moskvanın təmaslarında deyil, qlobal qüvvələr arasında münasibətlərdədir”, deməklə faktiki olaraq etiraf edib ki, Qərblə Rusiya arasında qlobal qarşıdurmada diqqətini Qərbə yönəltməyə məcburdur. Ermənistanın öz xarici siyasət vektorunu dəyişmədiyini qeyd edən Paşinyan, əslində, diqqətə çatdırmaq istəyib ki, guya Avropa İttifaqı ilə münasibətlərini belə 2018-ci ildən əvvəl imzalanmış saziş əsasında qurur və davam etdirir. Yəni, Nikol bu məsələdə də manipulyasiya edərək, Qərbə üz tutanların guya onun özündən əvvəlki hakimiyyətin, Qarabağ klanının siyasəti olması barədə Kremlə mesaj ötürmək istəyib və təbii ki, buna nə dərəcədə nail olub-olmaması bəllidir.
Nikol Paşinyan 102-ci hərbi bazanın gələcəyi ilə bağlı jurnalistin sualını cavablandırarkən də hiyləgərlik edib və həmin hərbi bazanın qalacağını bildirməklə, guya Rusiya ilə əlaqədar məsələnin qaldırılmadığı görüntüsü yaratmaq fikrinə düşüb. “Ermənistan Rusiya Federasiyasının 102-ci hərbi bazasının və Rusiya sərhədçilərinin mövcudluğu məsələsini qaldırmır, çünki onların Ermənistan ərazisində olması üçün bütün hüquqi əsaslar toxunulmaz olaraq qalır. Ona görə də nə Ermənistan, nə də Rusiya bu məsələni qaldırmır”, deyən Nikol ruslarla guya eyni fikirdə olduğunu ortaya atır. Əslində, məsələ tamamilə fərqlidir və Avropa İttifaqının vəd etdiyi hava təhlükəsizliyi məsələsi ilə eyni vaxtda Rusiya hərbi bazasının mövcudluğu, sözün əsl mənasında, heç də bir araya sığışan deyil. Bunun fonunda Paşinyanın dedikləri onu göstərir ki, erməni baş nazir yenə də hiyləgərlik edir, dedikləri yenə də hansısa auditoriyaya hesablanıb və yenə də avantüradan əl çəkmək niyyətində görünmür.
Bir tərəfdən İrəvanda rusları qıcıqlandıran Roma statusu ratifkasiya olunur, digər tərəfdən də bunun ardınca Ermənistan lideri Rusiya barəsində qeyd olunan şəkildə fikirlərini bildirir. Heç şübhəsiz ki, Rusiya tərəfi bunların fərqindədir və qeyd olunan fərqli məqamlar diqqətdən yayınan deyil. Hər halda görünən odur ki, Nikol ya nə dediyini bilmir, ya da dediklərinin arxasında böyük hiyləgərlik durur. Bəzi politoloqların fikrincə Paşinyan hətta Rusiya prezidentini sanki bu şəkildə ya ələ salır, ya da Kremli qıcıqlandırmaq istəyir ki, Ermənistandan əlini tamamilə üzsün, bu ölkənin taleyini özünə buraxsın və bunun sayəsində də çox asanlıqla Qərbə tərəf yön almaları mümkün olsun.
Əlbəttə ki, Paşinyanın çıxışlarındakı, ifadələrindəki fikrin nədən ibarət olduğu barədə qəti qənaətə gəlmək, niyyətini müəyyən etmək, məqsədini aydınlaşdırmaq çox çətindir. Çünki əvvəla, çalpaşıq, qarışıq və məntiqsiz nitqi onun məğzini müəyyən etməyə imkan vermir, digər tərəfdən isə, əvvəlki fikirləri ilə son fikri tamamilə ziddiyyət təşkil edir, qətiyyən üst-üstə düşmür. “Qranada görüşünün mənfi tərəfi odur ki, bəyanat beştərəfli deyil, dördtərəfli oldu. Azərbaycan niyə Qranadaya yollanıb bəyanatı imzalamadı? Əsas səbəb Fransanın və şəxsən Makronun mövqeyidir. Amma belə bir fərziyyə də var ki, Azərbaycan sülhün baş tutmaması üçün hər şeyi edir, biz bunu yaxın gələcəkdə yoxlaya bilərik”, deyən Nikol Paşinyanın bir neçə cümlədən ibarət fikrində belə bir neçə təzadlı, bir-birini təkzib edən fikirlərə rast gəlirik. Belə ki, erməni baş nazir bir tərəfdən Azərbaycanın Qranada görüşündə iştirak etməməsini özləri üçün mənfi tərəf, mənfi hal kimi təqdim edir, digər tərəfdən də bunu istədiyi şəkildə öz xəstə təxəyyülünə uyğun formada izah edir. Bir tərəfdən bunun səbəbini Fransanın və Makronun mövqeyi ilə əlaqədar olduğunu deyir, digər tərəfdən də deyir ki, Azərbaycan sülhün baş tutmaması üçün hər şeyi edir. Maraqlıdır, Nikolun dediyi kimi, əgər Azərbaycan Fransanın, Makronun mövqeyinə görə iştirak etməyibsə, bir tərəfdən də Makron və onun ölkəsi sülhün baş tutmaması üçün, ilk növbədə ermənilərin silahlandırılması olmaqla, sülhə qarşıdırsa, o zaman sülhün baş tutmaması üçün hər şeyi etməkdə rəsmi Bakını günahlandırmaq hansı məntiqə sığışır? Bir sözlə, Azərbaycan məhz sülhə mane olan tərəfin iştirak etdiyinə görə həmin görüşdə iştirak etməyibsə, o zaman sülhün baş tutmaması üçün hər şeyi etməkdə Azərbaycanı günahlandırmaq nəinki məntiqsizlik, axmaqlıq, deyərdik ki, daha bir manipulyasiyadır. Bu tərz ancaq Nikol Paşinyana məxsusdur və həqiqətən də indi onun hansı fikirdə olduğunu təyin etmək çətindir desək, fikrimizi tam ifadə edə bilmərik, çünki öz avantürasına uyğun tərzdə ifadələrdən istifadə edənin əvvəlcə niyyətini bilmək lazım gəlir ki, sonra da fikrinin nədən ibarət olduğu müəyyən edilsin.
Paşinyanın dediklərindən belə çıxır ki, guya Qranadada imzalanmış bir kağız parçası Brüsseldə olacaq danışıqların əsasını təşkil edəcək. Halbuki, daxili audotoriyaya hesablanan bu sözlərlə Nikol yenə də erməni cəmiyyətini aldadır. Əgər erməni cəmiyyəti bunu dərk etməkdə çətinlik çəkirlərsə ki, Azərbaycan liderinin Qranada tədbirində iştirak etməməsi bəyanatı hüquqi qüvvəsindən məhrum edib və birgə qəbul edilmiş sonuncu sənədi, yəni iyulun 15-də Çarlz Mişelin bəyanatını qüvvədə saxlayıb, hər halda həmin o cəmiyyət yaxın zamanda bunu görüb bir də əmin olacaq ki, aldadılmaqdadır. Yəni yaxın zamanda Brüsseldə keçiriləcək danışıqlar vaxtı əsl həqiqət ortaya çıxanda Paşinyanın bu dəfə də manipulyasiya etdiyi ifşa olunacaq.
Nikol bir qədər də həddini aşaraq, “Qranada dördlüyü”nün bəyanatına qoşulmadığına görə rəsmi Bakını tənqid etməyə də cəsarət edib. Makron, Şolz, hətta Mişel kimi hörmətli şəxslərin imzaladığına Azərbaycan liderinin imza atmadığını deməklə, rəsmi Bakını hədəfə almaqla, yenə də manipulyasiya etdiyini və bunun hansısa təsirə malik olduğunu zənn edib. Amma görünür, o dərk etməkdə çətinlik çəkir ki, dedikləri, manipulyasiya zənn etdikləri, maksimum halda erməni seçicisinə təsir edə bilər. Amma bu qədər yalanlarının, uydurmalarının, əsassız və reallaşmayan vədlərinin fonunda çətin ki, erməni cəmiyyəti, Ermənistan ictimaiyyəti belə buna inana, məhəl qoya. Ən azından, haylar bu avantüristin bu vaxta qədərki yalanlarını nəzərə alaraq, dediklərinə şübhə ilə yanaşmalıdırlar, tamamilə inanmasalar belə. Bu isə o deməkdir ki, erməni baş nazirin dediklərinin heç bir mahiyyəti və təsiri yoxdur. Sədəcə, belə qəbul olunur ki, bu, erməni baş nazir tərəfindən növbəti avantüra, növbəti manipulyasiyadır.
Bədnam sənədə münasibət bildirərkən Nikol Paşinyanın ağ yalan danışması isə bir ölkə lideri üçün ləkədir. Görüş zamanı bir sıra digər məsələlərlə yanaşı, Bakının əməllərinin pislənməsi barədə dediklərini manipulyasiya, yaxud avantüra hesab edən Nikol bərk yanılır, çünki bu artıq yalanı öz ölkəsinə sırımaq və öz xalqını, cəmiyyətini aldatmaqla bərabər, heç bir normaya sığışmayan haldır. “Bakı Qranada sənədlərini imzalasaydı, ilin sonunadək sülh sazişinin bağlanma ehtimalı 70%-i ötərdi”, deyən Paşinyan öz hiyləgərliyi ilə bəlkə də Ermənistan ictimaiyyətini çaşdıra bilərdi və bunu etməkdə israrlı olduğu da göz önündədir. Amma çətin ki, bundan əvvəlki görüşlər, daha üstün, daha mötəbər platformalarda imzalanan sənədləri xatırlayan hər kəs Paşinyanın dediklərinin nə məna kəsb etdiyini dərhal anlayır və bunun erməni baş nazir tərəfindən növbəti avantüra, növbəti manipulyasiya olduğu qənaətinə gəlir.
Kommunikasiyaların açılması ilə bağlı danışan Nikol Paşinyan bu mövzuda da yalan ifadələr səsləndirib. “Ermənistanda bu, ərazi iddiaları və ekstraterritorial dəhliz tələbi kimi qəbul edilir. Bu məsələ ilə bağlı heç kimə söz verməmişik. Üçtərəfli Bəyanatda belə bir şey yoxdur”, deyən Ermənistanın baş naziri yenə də yalan danışıb. Yəni demək istəyib ki, guya Zəngəzur dəhlizinin açılması məsələsi Üçtərəfli Bəyanatda yoxdur, amma bunun yalan olduğu məlum sənədlər vasitəsilə sübut edilə bilər və bunu özü hamıdan yaxşı bilir. Yəni, Paşinyan bu məsələdə də eyni zamanda yalan danışmağı və faktlarla manipulyasiya etmək fikrindədir. Halbuki, Üçtərəfli Bəyanatın 9-cu bəndində deyilir ki, “Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılacaq. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinə təminat verir”. Bunu bilə-bilə, yəni sənəddə nə və necə yazıldığını bilə-bilə “hər kəs açsın oğxusun”, demək hər yalançının da işi deyil. Bunun üçün ən azından Paşinyan qədər manipulyator olmalıdır ki, olmayan üzünə üz bağlayıb belə bir ağ yalanı səsləndirə.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB