Rusiyaya münasibətdə Ermənistanın mövqeyi demək olar ki, əvvəlki dövrlə müqaisədə tamamilə dəyişib. Antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ bölgəsi üzərində suverenliyini tamamilə bərpa etdikdən sonra isə Ermənistanın hökumət dairələri Rusiyaya qarşı daha da kəskin mövqe sərgiləyirlər. İndi erməni xalqının başına gələn müsibətlərə görə günahı Rusiyanın üzərinə yıxmaq planı İrəvanda ön planda durur. Ən gülünc məqam isə odur ki, ermənilər rusları onlara xəyanətdə günahlandırır və xain adlandırırlar. Halbuki, bu zamana qədər olan tarixi faktlar və xronologiyalar hayların özlərinin xəyanətkarlıqlarını təsdiq edir.
Təqribən iki yüz ilə yaxındır ki, hayların “nazını çəkən” ruslar bu iki əsrə yaxın müddətdə onlar üçün etmədikləri qalmadı, halbuki, indi rusları özlərinə borclu hesab edirlər, amma hansı əsasla belə hesab etdiklərini göstərən, yaxud bunu əsaslandıracaq bir dənə də olsun arqumentləri yoxdur. Tarixi faktlar təsdiq edir ki, məskunlaşdıqları ərazilərdən qovulan köçəri hayları ruslar əvvəlcə Cənubi Qafqazda yerləşdirdilər, hətta məskunlaşmaları üçün əllərindən gələni də etdilər. Hayların Cənubi Qafqazda məskunlaşmasının 1828-ci il Türkmənçay müqaviləsindən sonraya təsadüf etdiyini təsdiq edən tarixi faklar var və bu faktlar təsdiq edir ki, həmin tarixdən sonra onların indiki Ermənistan adlanan, əslində isə, bir zamanlar İrəvan kimi tanınan tarixi Azərbaycan torpaqlarında məskunlaşmaları ruslar sayəsində olub. Bir sözlə, indi yaşadıqları, hətta guya özlərinin hesab etdikləri torpaqlara görə ruslara, Rusiyaya borcludurlar. Üstəlik, hayların həmin o məskunlaşmalarından bu zamana qədər hər istiqamətdə rusların dəstəyini aldıqlarına görə də özlərini onlara borclu saymalıdırlar. Ona görə borclu saymalıdırlar ki, Cənubi Qafqazda məskunlaşdıqları dövrdən bu yana istənilən “ərköyünlüklərini”, daha dəqiq desək, saldıqları çaxnaşmaları, tərətdikləri əməlləri rusların dəstəyinə güvənərək ediblər və həmin dəstəyin sayəsində özlərini qoruya biliblər.
Ötən əsrin əvvəllərində rus bolşeviklərinin köməyi ilə, ruslara güvənərək soyqırımlar törədən, Azərbaycan ərazilərində müsəlman dini mənsubiyyətli insanların qırğını, soyqırımı kimi yadda qalan 31 mart faciəsinə imza atan ermənilər bundan sonra 70 il də Sovet hakimiyyəti dövründə rusların dəstəyi ilə özlərinə münbit şərait yaradaraq, yenə də müsəlmanların, türklərin kütləvi şəkildə qətli, soyqırımları üçün zəmin hazırladılar. Elə məhz rusların, Rusiyanın dəstəyi ilə də həmin əsrin, ötən əsrin sonlarında yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna təcavüz edərək, həmin torpaqları işğal etdilər və işğal zamanı da tarixin qan yaddaşına yazılan soyqırımlar törətdilər. Bunun ardınca da düz 30 ilə yaxım müddət ərzində rusların, məhz Rusiyanın dəstəyi ilə işğal etdikləri torpaqlarda talan ilə məşğul oldular. Bütün dünya ictimaiyyəti də yaxşı bilir ki, bütün mövcudluğu dövründə haylar ruslara arxalanaraq vəhşiliklər ediblər, Ermənistan dövləti də hər zaman Rusiyanın dəstəyini alıb və ümumiyyətlə, indi bu işğalçı ölkə mövcud olduğuna, tarixin arxivinə düşmədiyinə görə Rusiyaya borcludur. Etiraf etməkdən boyun qaçırsalar belə bu faktları bilə-bilə Rusiyaya qarşı əks mövqedə olduqlarını açıq-aşkar bəyan edən ermənilər yumşaq desək, nankorluq edirlər. Rüsvayçı məğlubiyyətlərinə görə Rusiyanı günahkar görən, itgilərinə görə rusları qınayan ermənilər onları xəyanətdə ittiham edərək, xain adlandırırlar və qeyd olunan tarixi faktlar, reallıqlar fonunda bunun nə dərəcədə həyasızlıq olduğunu guya başa düşmürlər və özlərini də qanmazlığa qoyublar. Əslində isə, başa düşürlər, amma bunun əksini nümayiş etdirərək həyasızlıq edirlər və buna elə hay həyasızlığı desək tamamilə yerinə düşər.
Ermənistanın baş naziri Nikol Paşinyanın Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək MDB sammitində iştirakdan imtina etdiyi barədə bir neçə gün əvvəl məlumat yayımlayan erməni KİV-lərində həmçinin qeyd olunur ki, xarici işlər naziri Ararat Mirzoyan da MDB sammitində iştirak etməyəcək, öz yerinə də müavinini göndərəcək. Doğrudur, Bişkekdə keçiriləcək MDB sammitində iştirak etməkdən imtina edən Ermənistan sözsüz ki, özü üçün müvafiq bir fürsəti əldən qaçırır və bunun hansı bir fürsət olduğunu nəzərə belə almır, amma ruslar bunu tamam başqa cür qiymətləndirirlər. Daha dəqiq desək, İrəvanın bu sammitdə, MDB sammitində iştirak etməkdən boyun qaçırması ilk növbədə, Rusiya tərəfinə hörmətsizlik kimi qiymətləndirilir, hansıki bunu da ruslar ermənilərə bağışlamayacaqlar. Həm də Rusiya tərəfi Ermənistan hakimiyyətinin belə saymazlıq və hörmətsizlik etməsi ilə ilk dəfə deyil ki, rastlaşır. Hələ 2022-ci ilin dekabr ayında Mirzoyanın öz həmkarları, Lavrov və Bayramovla görüşdə iştirak etmədiyi də rusların yadından çıxmayıb. Mirzoyanın görüşdə iştirak etməməsinə erməni baş nazir Paşinyan hansısa don geyindirməyə, bunun üzürlü səbəb olduğuna rusları inandırmağa çalışsa da sonradan bəlli olub ki, Ermənistanın XİN rəhbəri həmin gün ipoteka müqaviləsini imzalayıb və deməli, heç bir səbəb olmadan görüşdən imtina edib. Yəni, qısa və kobud şəkildə desək, saymazlıq və hörmətsizlik edib ki, bunu da ruslar unutmayıblar. Deməli, bu dəfə də tədbirdə iştirakdan imtina etmək, ümumiyyətlə, Rusiyaya qarşı elə bir etinasızlıq olacaq ki, ənənə halını alan bu vəziyyəti ruslar qətiyyən həzm edə bilməyəcəklər. Artıq hay həyasızlığından rusların tamamilə bezdiyini görmək çətin deyil və Ermənistan hakimiyyətinin məsuliyyətsiz, saymaz hərəkətlərinə Rusiyanın bundan sonra da səbr edəcəyi inandırıcı görünmür.
Ermənistan hakimiyyətinin görüşdən imtina etməsi rəsmi İrəvanın Rusiyaya ünvanlanmış demarşıdır. Bəzi siyasətçilərin, ələlxüsus da rusiyalı politoloqların fikrincə, bununla Ermənistan Qərbə üz tutduğunu məqsədyönlü şəkildə, özü də nümayişkəranı formada Rusiyaya göstərmək istəyir. İrəvanın getdikcə artan anti-Rusiya siyasətinə hələ də dözən, müxtəlif bəhanələrlə özünün azğın forpostunu hər dəfə bir bəhanə ilə “bağışlayan” Moskva bununla erməni cəmiyyətinə bu vaxta qədər reabilitasiya şansı versə də, bu dəfə belə bir niyyətdə olduğu görünmür. Çünki Kremlin ermənilərin siyasətindən narazılığının kifayət qədər ciddi səbəbləri var. Avropa İttifaqının uzunmüddətli “mülki missiyasını” cari ilin əvvəlində, daha dəqiq desək, bu ilin fevral ayında Ermənistana yerləşdirmək kimi “cəsarətli” addım atan rəsmi İrəvan Kremlin səbr kəsasını artıq daşdırıb. Üstəlik, rəsmi İrəvanın məhz Rusiya prezidenti Vladimir Putinin Roma statusunu ratifkasiya etməsi rusları tamamilə qızışdırıb. Əksini fərz etmək mümkün də deyil və ölkə prezidentinin mətbuat katibi Dmitri Peskovun timsalında Rusiya rəsmilərinin fikirləri də təsdiq edir ki, Kreml bu sənədin Ermənistanda ratifkasiya olunmasına, Moskvaya beynəlxalq təzyiq kampaniyasına ermənilərin qoşulması kimi baxır və hay həyasızlığının öz həddini aşması rusları bərk qıcıqlandırıb. Bu nankorluqları, həyasızcasına etdikləri xəyanətkarlıqları qırmızı xətti keçmək kimi qiymətləndirilir Rusiya tərəfindən və rusların qəzəbinə səbəb olan nankorluqlarının, xəyanətlarlıqlarının haylara nəyin bahasına başa gələcəyini heç şübhəsiz ki, yaxın zamanda müşahidə etmiş olacağıq.
İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində erməni baş nazir Nikol Paşinyanın ifadə etdiyi fikirlər də Rusiyanın ciddi narazılığına səbəb olub. Rusiya sülhməramlılarının onlara həvalə edilmiş funksiyanı yerinə yetirmədiklərini, daha dəqiq desək, “Laçın dəhlizi boyunca sərbəst hərəkəti təmin etmədiklərini” deyərək Rusiyanı tənqid etməsi rusları bərk qıcıqlandırıb. Xüsusən də erməni baş nazirin ənənəvi olaraq hər şeydə Moskvanı günahlandırması, hərbi əməliyyatlar zamanı rusların reaksiya verməməsi barədə ittihamlar səsləndirməsi Kreml üçün qəbuledilməz mühakimə hesab olunub və bunun ardınca da, İtaliya nəşrinə verdiyi müsahibədə erməni baş nazirin, Rusiyanın guya Cənubi Qafqazı tərk etdiyini bildirməsi Rusiyada bir reaonans doğurub. “Bu hansı səbəblərdən baş verir? Biz bilmirik. Lakin elə proseslər var ki, təbii, bir gün biz ayılacağıq və Rusiyanın artıq burada olmadığını görəcəyik”, deyən baş nazir Nikol Paşinyanın bu fikirlərini Kremlin mətbuat katibi Dmitri Peskovun təkzib etmək məcburiyyətində qalması onu deməyə əsas verir ki, əvvəla Rusiya Cənubi Qafqazda mühüm rol oynamağa davam etdiyini ermənilərə xatırlatmaqla, regionu tərk etmək fikrində olmadığı barədə də haylara ciddi mesaj verir. Digər tərəfdən də belə bir reaksiyanın, cavabın özünü çox gözlətməməsi onu göstərir ki, Kreml artıq Ermənistana barmaq silkələyir və xəbərdarlıq edir. “Rusiya bu regionun tamamilə ayrılmaz hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz”, deyən Kreml nümayəndəsi Peskov təkcə Ermənistana deyil, bu ölkənin sığındığı Qərbə, Qafqazda öz maraqlarını güdən ABŞ, Fransa və Avropa İttifaqı kimi xarici oyunçulara da ciddi mesajlar ötürüb. Bununla yanaşı, Rusiyada yaşayan ermənilərin sayının Ermənistanda yaşayan ermənilərin sayından daha çox olması barədə Dmitri Peskovun “xatırlatması”, bunu çox məharətlə, özü də yerindəcə vurğulaması əslində, haylara bir hədə kəsmək deməkdir və Kreml rəsmisinin belə kəskin şəkildə reaksiyası rəsmi Moskvanın səbrinin hansı dərəcədə daşdığını və ermənilərin nankorluğundan, xəyanətkarlığından, hayların həyasızlığından nə dərəcədə bezdiyini göstərir.
Rəsmi Moskva Ermənistan tərəfinin Rusiyaya qarşı davam edən demarşına cavab olaraq, həmin ölkəyə davamlı şəkildə siqnallar göndərir. Amma görünən odur ki, rəsmi İrəvan bu siqnallardan hələ də nəticə çıxarmayıb. Nəticə çıxarmayıb deyə, Qərbin xeyrinə şantaj və siyasi manevr siyasətini davam etdirməkdədir. Hayların məhz elə bu siyasəti Ermənistanın sonda nə ilə və kiminlə qalacağı sualını açıq, cavabsız qoyur. Bütün bunların fonunda rusiyalı ekspertlər hesab edirlər ki, Rusiya qətiyyən Ermənistanı öz başına buraxan, bu ölkəni Qərbə bağışlayan deyil. Onlar birmənalı şəkildə belə qənaətdədirlər ki, haylar nə qədər həyasızlıq etsələr də Rusiya Cənubi Qafqazdakı mövqeyini bundan sonra da Qərbə güzəştə getməyəcək və buna qarşı olanlar “öz paylarını alacaqlar”. “Ermənistanın Rusiyaya qarşı qeyri-dost hərəkətləri nümayişkaranə demarşdan, Rusiya Federasiyasını öz tərəfində olan münaqişəyə çəkmək üçün Moskvaya siyasi təzyiq göstərmək cəhdindən başqa bir şey deyil. Ermənistan Rusiyanın pulundan çox asılıdır. Erməni biznesi Rusiya iqtisadiyyatına çox sıx inteqrasiya edib, ona görə də böyük biznes strukturları Paşinyana sadəcə olaraq imkan verməyəcəklər ki, münasibətləri hər hansı ciddi qırılmaya aparsın”, deyən rusiyalı politoloq Aleksey Xlopotov Ermənistanın Rusiyadan “qırıla” bilməyəcəyinə tam əmin olduğunu bildirib. Bir sözlə, hayların nə qədər həyasızlıq etməsindən asılı olmayaraq, Rusiyanın pəncəsindən yaxa qurtara bilməyəcəyi bir reallıqdır və bu qənaət tamamilə məntiqidir. Çünki başda elə baş nazir Paşinyan özü olmaqla, ermənilər bir ağızdan Qərbi dəstəkləsələr də, hər zaman arxalandıqları və dəstəyindən faydalandıqları ruslara qarşı nə qədər həyasızcasına nankorluq, xəyanətkarlıq etsələr də, Rusiyadan qidalanmaları fonunda səyləri əbəsdir və heç zaman müstəqil siyasət yürüdə bilməyən, suveren ölkə olduqlarına kimsəni inandıra bilməyən hayların ruslara qarşı demarşı da mənasız olmaqla, həyasızlıqlarından başqa bir şey deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB