“Gürcüstanın regiondakı proseslərə təsiri çox məhduddur” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Gürcüstanın regiondakı proseslərə təsiri çox məhduddur” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Gürcüstanın region dövləti olaraq münaqişə tərəfləri arasında vasitəçilik etmək istəyi təqdirəlayiqdir və əlbəttə, alqışlanmalıdır. Azərbaycan problemin həlli naminə regionda fərqli geosiyasi maraqları olan tərəflərlə əməkdaşlığa həmişə açıq olub, bu bir tərəfdən rəsmi Bakının regionda yaxın perspektivdə gerçəkdən dayanıqlı sülhün və sabitliyin nəhayət ki, bərqərar olması istəyi ilə bağlıdır, digər tərəfdən Azərbaycanın çoxvektorlu xarici siyasətinin prioritetlərindən irəli gəlir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin regiondakı proseslərə təsir imkanları Vaşinqton, Brüssel və Moskva ilə müqayisədə çox kiçik və məhduddur: “Azərbaycan öz Prezidentinin timsalinda Ermənistana sülh imzalamaq üçün 5 mühüm şərtini açıqlayıb. Erməni tərəfinin sülh danışıqlara ilə bağlı məsələlərə öz baxış bucağı var və bu təbii ki, rəsmi Bakını qane edə bilməz. Qeyd etmək yerinə düşərdi ki, ABŞ, AB, Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda indiyədək sülh müqaviləsinin imzalanmaması tərəflərin regionu və sabahı ilə bağlı məsələlərə fərqli geosiyasi maraqları ilə bağlıdır. Paşinyanın siyasəti bu danışıqlarda Rusiyanın əleyhinə, Qərbin isə əyləc mexanizmi rolunda çıxış edir. Qarşıduran geosiyasi tərəflər regionun bu günü və sabahı ilə bağlı xəritələrdə Ermənistana yol, Gürcüstana vasitə, Azərbaycana isə mükafat rakursunda yanaşırlar. Region dövlətləri arasında, məhz Azərbaycanın müstəqil mövqeyi, hələlik, bu layihənin reallaşmasının qarşısını alır. Nəhayət, Gürcüstandakı hakimiyyət özü yekrəng, monolit olmadığından onun özünün də danışıqlarda əldə etmək istədiyi dividentlər fərqli maraqlar üçün xərclənə bilər. Gürcüstan prezidentinin Qərbpərəst, gürcü hakimiyyətinin isə Rusiya ilə münasibətlərə fərqli notlar üzərində köklənmələri belə bir fikri səsləndirməyə əsas verir ki, Tiflis danışıqlarında hansısa məsələlər ətrafında razılıqlar əldə edilə bilər (məsələn, kommunikasiyalar), ancaq sərhədlərin delimitasiyası və ən əsası sülh müqaviləsi ətrafında yox!”

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə