“Qarabağda Rusiya sülhməramlılarının qalıb-qalmaması artıq Ermənistanın işi deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin “Rusiya Ordusunun Qarabağda qalması yeni münaqişə riskinin canlı saxlanması, revanşizm hislərinə potensial şans tanımaq deməkdir. Güney Qafqazın barışa qovuşması üçün Rusiya sülhməramlılarının Qarabağdan getməsini tələb edirik” fikrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sülhməramlıların qalıb-qalmamasının nə qədər lazım olduğuna yalnız ölkəmiz qərar verəcək: “Ermənistan öz ərazisində yerləşən Rusiya hərbi qüvvələrindən danışa və onların ölkəsindən çıxarılıb- çıxarılmaması ilə bağlı müzakirələr aça bilər. Ermənistan Rusiyanın forpost ölkəsidir. İndi onlar öz sahiblərini dəyişmək istəyirlərsə, bu onların öz işidir”.
Deputat sözlərinə belə davam edib: “Azərbaycan Qarabağda suverən hüquqlarını tam şəkildə bərpa edib və bu gün polisimiz sülhməramlılarla bir yerdə təhlükəsizliyi təmin edir. Bununla yanaşı sülhməramlılar əvvəldən müəyyənləşdirdikləri məntəqələrini bağlayır və yavaş-yavaş polisimizə təhvil verilir. Bu təhvil-təslim məsələləri başa çatandan sonra sülhməramlıların fəaliyyətinin davam etdirilməsinə nə qədər ehtiyac olub- olmadığı barəsində qərar qəbul ediləcək.
Hesab edirəm ki, Rusiya sülhməramlıları 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanatda nəzərdə tutulmuş müddətdən tez ərazilərimizi tərk edəcək. Çünki, Azərbaycan polisi və ordusu öz ərazisində bütün təhlükəsizlik tədbirlərini görməyə qadirdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB