"Biz Azərbaycanla əlaqələrimizi ən yüksək səviyyəyə çatdırmağa çalışırıq. Burada azərbaycanlı qardaşlarımızla mütəmadi görüşürəm, tədbirlərinə qatılıram. Hətta Azərbaycanın Türkiyədəki tədbirlərinə gedirəm. Cənab İlham Əliyevlə bir neçə dəfə görüşdüm, tanış olduq, hazırda da danışırıq, xəbərləşirik. Cənab Rəcəb Tayyib Ərdoğanın da israr və tələbləri, çıxışları bəllidir. Bütün bunların diqqətə alınacağını düşünürəm. Xüsusilə, Qarabağ zəfərindən, son əməliyyatdan sonra Azərbaycan çox güclü bir mövqeyə sahib olub. Bu gün artıq Qarabağda, ətraf bölgələrdə, Naxçıvanda bir sıxıntı qalmadığını düşünürəm. Son əməliyyat da çox yerində bir əməliyyat idi. Mən bir daha bütün Azərbaycan xalqına sağlamlıq, hüzur, rifah diləyirəm. Onlar bizim gerçək qardaşlarımızdır. Bizə qəlbdən bağlıdırlar, biz də onlara qəlbdən bağlıyıq". SİA xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar TNS-ə eksklüziv müsahibəsində deyib.
Onun sözlərinə görə, bu dövrdə prosesin necə yönəldiləcəyinin ən yaxşı cavabını cənab İlham Əliyev verəcəkdir: "Ona güvənimiz tamdır. Türkiyənin də güvəni tamdır. İlham Əliyev cəsarətli bir liderdir. Atası Heydər Əliyev kimi, o da bütün prosesləri ən yaxşı şəkildə idarə edib və başarılı olub. Əlbəttə, asan deyil. Həm Türkiyənin dəstəyi, həm də cənab İlham Əliyevin öz iradəsi, ağırlığı, uğurları ilə Azərbaycan dövləti gerçəkdən hər kəsin sayğı duyduğu bir dövlət kimi gücünü daha da artırıb. Hazırda bir dövlət kimi güclü pozisiyadadır. Bu güclü mövqeyi ilə inşallah Şimali Kipr Türk Cümhuriyyətinə də əl uzadacaqdır. Təbii ki, onların adından danışmaq istəmirəm, bu, doğru olmaz. Bizim Azərbaycana olan sevgimiz, könül birliyimiz məlumdur. Bu coğrafiyada eyni millətin övladları - Kipr, Türkiyə, Azərbaycan türkləri olaraq, böyük bir gücük. Böyük bir coğrafi ərazidən bəhs edirik. Çox böyük bir potensial güc var. Təbii sərvətləri, təhlükəsizlik məsələləri ilə üç dövlət bir gücdür. Şərqi Aralıqda - Şimali Kipr Türk Cümhuriyyəti ətrafındakı dənizlərdə haqqımız, hüququmuz vardır. Vətən sadəcə torpaq parçası deyil. Dənizin dibi də torpaqdır. O torpaq da vətən torpağıdır. Xəritəyə baxanda Şimali Kipr Türk Cümhuriyyəti ilə birlikdə türk dövlətləri burada çox böyük söz sahibidir. Mən bu işi o baxımdan da dəyərləndirirəm.
Biz Azərbaycanla mədəni əlaqələri inkişaf etdiririk. Önümüzdəki günlərdə TÜRKSOY toplantıları olacaq. Türk Dövlətləri Təşkilatı çətiri altında mədəniyyətimizi, adət-ənənələrimizi tanıtmaq, bu sahədə əlaqələrimizi inkişaf etdirmək üçün fəaliyyət göstəririk. Bu, məni çox sevindirir".
Ersin Tatar əlavə edib ki, ortaq nöqtələrimiz çoxdur: "Türklüyümüz, İslam dininə mənsubluğumuz önəmlidir. Siz Xocalı qətliamını yaşadınız, biz burada Erenköydə, Taşkentdə, digər yerlərdə çox böyük qətliamlar yaşadıq. Çox insanımızı itirdik. Biz bu ağrı-acını da birlikdə yaşayırıq. Siz ermənilərdən zərbələr aldınız, biz rum-yunan ikilisindən. İkimiz də çox haqsızlığa uğradıq. Amma nəticədə dimdik ayaqdayıq, birlikdəyik. Bunlar önəmlidir. Mən Azərbaycanla dostluğumuza çox önəm verdiyimi ifadə etmək istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB