“Dost Gürcüstan dövləti Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir” MÜNASİBƏT
“Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı dostluq münasibətlərinin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin müdirik siyasi-diplomatik bacarığı ilə son dərəcə yüksək səviyyəyə qaldırılmışdır. Biz bu uzaqgörən siyasətin bəhrəsini 44 günlük müharibə dövründə və ondan sonrakı illər ərzində gördük”. Bunu SİA-ya açıqlamasında “Alyans” strateji araşdırmalar mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti müharibə dövründə keyfiyyətsiz rus silahlarını belə İran üzərindən keçirmək məcburiyyətində qaldı: “Çünki dost Gürcüstan dövləti onun ərazisindən silahların keçirilməsinə imkan vermirdi. Bu qadağa bu gün də qalmaqdadır. Məhz bu səbəbdən Ermənistana silah satmaq istəyən qərb şirkətləri onu çatdırmaq üçün ciddi çətinliklərlə üzləşirlər. İranla əməkdaşlıq edən şirkətlərə ABŞ tərəfindən sanksiyalar tətbiq olunduğundan, Gürcüstan dövlətinin isə öz ərazisindən Ermənistana silah daşınmasına imkan vermədiyindən, onlar çıxılmaz vəziyyətdə qalırlar. Eyni durumda olan Ermənistanın da aşağı keyfiyyətli Hindistan silahları alaraq İran üzərindən daşımaqdan başqa yolu qalmır. Dost Gürcüstanın bu davranışı bizim üçün xüsusi əhəmiyyət daşıyır və Azərbaycan Prezidenti bu məsələni dəfələrlə qeyd etmişdir”.
Abutalıb Səmədov onu da bildirdi ki, son illər dövlətlərimizin hərbi və iqtisadi sahədə əməkdaşlığı, xüsusilə, yüksək səviyyəyə qaldırılmışdır: “Dövlət başçımızın Gürcüstana səfəri zamanı baş nazir İ.Qaribaşvili də buna diqqət çəkərək bir daha vurğuladı ki, "Azərbaycanla Gürcüstan müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Bizim ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var. Dost Gürcüstan dövləti Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və xüsusilə qeyd olunmalıdır ki, bu il qarşılıqlı ticarətin həcmi 15 faiz artmışdır. Ancaq bu, son hədd deyildir və yaxın illərdə həm iqtisadi əməkdaşlığımızın, həm də dotluğumuzun daha yüksək səviyyəyə qalxacağı heç kimdə şübhə doğurmur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB