Çin Xalq Respublikasının yaradılmasının 74-cü ildönümü qeyd olunub - FOTOLAR

Çin Xalq Respublikasının yaradılmasının 74-cü ildönümü qeyd olunub - FOTOLAR

Sentyabrın 28-də Çinin Azərbaycandakı səfirliyi milli bayram - Çin Xalq Respublikasının yaradılmasının 74-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. SİA xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Çinin Azərbaycandakı səfiri xanım Qo Min çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib. O deyib ki, bu gün Çin dünyanın ikinci ən böyük iqtisadiyyatıdır. Çin hakimiyyəti ölkənin modernləşməsi üçün bütün səyləri göstərir. Hazırda Çin dünyanın 130-dan çox ölkəsinin ticarət tərəfdaşıdır və BMT Nizamnaməsinin bütün şərtlərini yerinə yetirir. Ölkə, eyni zamanda, dünyada sülhməramlı missiyaya böyük töhfə verir.

2019-cu ilin aprelində Prezident İlham Əliyevin Çinə səfərini xatırladan səfir qeyd edib ki, bu səfər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib. Azərbaycan ilə Çinin münasibətləri sağlam təməl üzərində qurulub. Çin Azərbaycanı yaxın dost, etibarlı tərəfdaş kimi qəbul edir. Ölkələrimiz arasında münasibətlər dinamik inkişaf yolundadır. Diplomat bu əlaqələrin gələcəkdə daha da güclənəcəyinə əminliyini ifadə edib.

Rəsmi qəbulda çıxış edən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycan Prezidenti adından Çin xalqını təbrik edib, sülh və firavanlıq arzularını çatdırıb.

Qədim tarixə malik Çinin bu gün dünyada böyük nüfuza malik olduğunu vurğulayan Şahin Mustafayev qoyulan ikitərəfli, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb.

O, ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Tədbir bədii hissə ilə davam edib.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə