Rəsmi Bakının etdiyi təkliflə razılaşıb Azərbaycan vətəndaşlığını qəbul edərək, ölkəmizin qanunlarına tabe olaraq, bizə məxsus olan ərazilərdə yaşamağa davam etmək, ya da təklifi qəbul etməyib, bununla razılaşmayıb ərazilərimizi tərk etmək kimi bir seçim erməni əsillilərin öz ixtiyarındadır. Onların bu seçimi də ölkəmiz tərəfindən tamamilə anlayışla qarşılanır və heç bir təsir göstərilmir, həyatlarına, seçimlərinə də müdaxilə edilmir. Amma bir reallığı etiraf etmək lazımdır ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər həqiqətən də tarixi seçim qarşısındadırlar.
Ərazilərimizdə yaşayan ermənilər arasında Ermənistana köç edənlərin sayı heç də az deyil. Bu statistik rəqəm günü-gündən də artmaqdadır. Görünür, ya onlar ölkəmizin bu qədər humanist yanaşması fonunda belə düşmənçilik hissindən yaxa qurtara bilmirlər, ya da ümumiyyətlə, Azərbaycan hökumətinin humanist addımlarını görə, dərk edə, eləcə də dəyərləndirə bilmirlər. Sonuncu antiterror tədbirlərində Azərbaycan tərəfinin mülki əhaliyə zərər verməməsini görə, dərk edə bilməyənlər heç olmasa, Xankəndi şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra zərərçəkənlərə yardım göstərmək məqsədilə ilkin olaraq, yanıq əleyhinə tibbi ləvazimatlar, sarğılar, əlcəklər, dərmanlar, spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və başqa ləvazımatlar olan təcili tibbi yardım maşınını Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salındığını görə, dərk edə, qiymətləndirə bilərdilər. Amma görünür, ərazilərimizi tərk edib Ermənistana üz tutanlar bütün bunlardan nəticə çıxara bilməyiblərmiş. Yenə də seçim özlərinindir, amma Ermənistanda nə onlar üçün qucaq açanlar var, nə də səfalət içərisində olan ölkənin onları qarşılamaq, yerbəyer etmək, ən qaçılmaz tələbatlarını ödəmək imkanı, hansıki məhz bütün bu sadalananları öncədən düşünmək gərəkirdi.
Əslində, köç etmək elə hayların lap əvvəldən qismətinə yazılıb və bu gün yaşadıqları onlara tarixin ironiyasıdır. Özlərini ərazilərin sahibi kimi göstərmək istəyənlər guya bilmirlərmi ki, bu ərazilərə yaxın keçmişdə köç edilib, gətiriliblər? Bilirlər. Bilirlər ki, onların bu ərazilərdə nəinki vətəni, heç bir qarış torpaq yerləri də olmayıb və cəmi bir əsr yarım müddətdir ki, Cənubi Qafqazda özlərinə “yer ediblər”. Özlərini çox qədim tarixə, bu ərazilərdə də varlıqlarının çox uzaq keçmişə təsadüf etdiyini göstərmək istəyənlər unudurlar ki, onların köç etmələrinin tarixini təsdiq edən faktlar da var. Amma görünür, nə qədər “unutqan” olsalar da, nə qədər özlərini bilməməzliyə vursalar da, hətta ərazilərimizi öz əraziləri kimi təqdim etməyə çalışsalar da, özlərini bu torpaqlarda necə yad hesab edirlər ki, düşünmədən dərhal Ermənistana üz tutmaq qərarı qəbul edirlər, özü də Azərbaycan hökumətinin bu qədər humanist davranışları, yardımları fonunda.
Maraqlıdır, bir qədər əvvəl Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan və guya humanitar böhran içərisində olduqlarını, hətta gündəlik tələbat mallarına ehtiyaclarının olduğunu yalandan uyduran ermənilər ölkəmizin yardımlarından imtina edirdilər. Onlar hətta bizim tərəfimizdən göndərilən gündəlik tələbat mallarını belə qəbul etməyəcəklərini bildirir, Azərbaycanın yardımlarından üz döndərirdilər. Görəsən, niyə bəs Xankəndi şəhərində elektrik enerjisi kəsildiyi zaman gözlənilmədən elektrik enerjisinin verilişinin Azərbaycan tərəfindən bərpa olunmasına “ağız büzmədilər” və bu “işıqdan” imtina etmədilər? Yəni ermənilər dərk etdilərmi ki, bu fakt özü də onlar üçün taleyin ironiyası oldu? Bəs niyə bir neçə gün əvvəl “türkün əlindən almalı olduqları yeməyi” qəbul etməyən insanlar indi evlərini “düşmən” hesab etdiklərinin işığı ilə işıqlandırmağa razı oldular? Axı Xankəndidə onların evlərini işıqlandıran Azərbaycanın işığı idi.
Separatçıların qalıqları, qanunsuz erməni silahlı birləşmələrinin ərazilərimizdəki tör-töküntüləri bir gün belə Azərbaycanın antiterror tədbirlərinə davam gətirə bilməyib təslim olduqdan, ağ bayraq qaldırdıqdan sonra məhz Qarabağ ermənilərinin öz təklifləri ilə Azərbaycanın mərkəzi hökumətinin nümayəndələri arasında görüşləri oldu. Həmin görüş zamanı da onlara rəsmi Bakının şərtləri bir daha xatırladıldı və onların reinteqrasiyası ilə bağlı bütün məsələlər müzakirə olundu. Bununla belə, indi Azərbaycanın Qarabağ bölgəsində yaşayan Ermənistan vətəndaşlarının təxliyyəsi davam edir. Bu məqamda onu da diqqətə çatdırmaq lazımdır ki, Azərbaycan hökuməti heç kimi öz ərazisini tərk etməyə məcbur etmir. Onlar öz istəkləri ilə yaşadıqları əraziləri tərk edirlər. Xatırladaq ki, bununla belə, rəsmi Bakı bəyan edir ki, Azərbaycan vətəndaşlığını qəbul etmək və ölkəmizin qanunları ilə yaşamaq istəyənlər ərazilərimizdə qala və ya ərazilərimizə qayıda bilərlər. Belə bir humanizmi ermənilər bu vaxta qədər kimdənsə görmüşdülər, yoxsa özlərində belə bir humanizmi kim isə görmüşdü? Axı ötən əsrin 90-cı illərində soyqırımlara məruz qoyduqları, yurd-yuvalarından didərgin saldıqları biz azərbaycanlılara qarşı özlərinin belə bir davranış sərgiləməsi ağıllarına da sığışan deyil. Bir vaxtlar azərbaycanlıları öz yurd-yuvalarından, öz dədə-baba torpaqlarından didərgin salanlar bu gün ərazilərimizi nəinki soyqırıma məruz qalmadan, hətta sivil qaydada, maneəsiz, çətinliksiz, öz xoşları ilə tərk edirlər və həmin ərazilərin sahibləri oraya üz tuturlar. Bax elə ermənilər üçün taleyin daha bir ironiyası da məhz budur. Odur ki, tarixi seçim qarşısında qalanlar, dalana dirənənlər, özlərini bu ərazilərdə artıq hesab edirlər deyə baş götürüb gedirlər.
Bəli, rəsmi Bakı Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin nə getməsinə, nə də qalmasına mane olmur. Harada yaşayacaqlarını seçmək ixtiyarı hər birinin öz əlindədir. Belə olan halda, əgər erməni əsillilər yaşadıqları yerləri, Azərbaycan ərazilərini tərk edirlərsə, deməli, onlar bu qədər humanizm fonunda yenə də ünsiyyətdən, reinteqrasiyadan, bir sözlə, normal yaşayışdan boyun qaçırırlar. Ermənistanda həyatın onlar üçün asan olmayacağını bilə-bilə ərazilərimizi tərk edirlərsə, deməli, ərazilərimizi tərk edənlər sülh şəraitində yaşamaq niyyətində deyillər və belələri elə getsə yaxşıdır. Dinamik inkişafda, davamlı iqtisadi yüksəlişdə olan Azərbaycanda deyil, səfalət içərisində inləyən Ermənistanda yaşamağı seçirlərsə, bu onların öz problemidir. Bəli, problemi. Çünki onları Ermənistanda, ələlxüsus da İrəvanda heç kim səbirsizliklə gözləmir. Diqqətə çatdıraq ki, şəxsən erməni baş nazir Nikol Paşinyan özü də bir qədər əvvəl etiraf etmişdi ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin köç edəcəkləri labüddür və açıq-aşkar bildirmişdi ki, onları qətiyyən İrəvanda məskunlaşdırmaq olmaz və başqa şəhərlərə ötürmək lazımdır. Bir sözlə, qətiyyən arzuolunan deyillər, hansıki bunu gec də olsa dərk edənlərin Rusiyaya üz tutmaq qərarında olmaları bu baxımdan heç də təsadüfi sayılmır. Yeri gəlmişkən, Rusiya da onlara qucaq açıb yollarını gözləmir və onlar dərhal rədd cavabı alacaqları bəllidir.
Köç edib gedən ermənilərin diqqətinə onu da çatdırmaq və xatırlatmaq yerinə düşərdi ki, 1988-ci ilin dekabr zəlzələsindən zərər çəkənlər hələ də müvəqqəti sığınacaqlardan köçürülməyiblər. Ötən əsrin axırlarından indiyə qədər, daha dəqiq desək, 35 il müddətində zəlzələdən əziyyət çəkən ermənilərə bir yer tapılmayıbsa, Qarabağ erməniləri necə və hara köçürüləcək? Ermənistanın yerli vətəndaşlarına, təbii fəlakətdən əziyyət çəkən ermənilərə bu uzun müddət ərzində çarə qılmayan, daha doğrusu çarə qıla bilməyən hökumət arzulamadığı insanlara dərhal çarə tapa bilərmi? Əlbəttə ki, bilməz. Deməli, köç edib gedənlər üçün heç də xoş güzəran gözlənilmir, amma yenə də özləri bilərlər.
Onu da diqqətə çatdıraq ki, hazırda Ermənistan cəmiyyətində İrəvan və Qarabağ erməniləri arasında düşmənçilik prosesi dəyişməz şəkildə sürətlənir və indi artıq başqa xalqlara olan nifrət hissinə vaxtları da çatmır, çünki bir-birinə qarşı antipatiyaları get-gedə artmaqdadır. Hal-hazırda iki erməni icması arasında qarşılıqlı ittihamlar səsləndirilir. Azərbaycanın Qarabağ iqtisadi rayonundan köçüb Ermənistana gedənlər yerli ermənilərlə aqressiv davranırlar. Başlarına gələn hadisələrə görə də sanki onları günahkar hesab edirlər. Açıq-aşkar şəkildə bunu ifadə də edirlər. “Siz burada kef çəkdiyiniz zaman, biz orada acınacaqlı günlər yaşamışıq”, deyə köç edib gedənlər qarşılarındakıları özlərinə borclu hesab edirlər və hətta elə beləcə də deyirlər. Onlara cavab verənlər də öz növbəsində, bu vaxta qədər Ermənistanın məhz ərazilərimizdə yaşayan ermənilərə ayırdığı vəsaitləri xatırladaraq, haqsız və nankor olduqlarını bildirirlər. Deməli, hələ indidən aralarında nifaq, narazılıq onları qütblərə bölür, ayrı-ayrı icmalara parçalayır, qarşıdurmalara, xaosa zəmin yaradır və görünür belə bir fəlakətin olacağını əvvəlcədən bilən, yaxud da öz erməni xislətinə yaxşıca bələd olan Paşinyan buna görə köç edənlərin İravana yox, başqa şəhərlərə, əyalətlərə yerləşdirilməsi tapşırığı veribmiş. Belə çıxır ki, tarixi seçim qarşısında qaldıqlarını, yaxud da taleyin ironiyası ilə qarşılaşdıqlarını erməni baş nazir Nikol Paşinyan əvvəlcədən bilirmiş.
“Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz buna hazırıq”, deyə öz ölkəsinin İctimai Televiziyasının efirində bildirən Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın söylədikləri bir çox məqamlardan xəbər verir. Əvvəla ondan xəbər verir ki, məhz Simonyan əslində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirlərinin uğurunu özləri üçün bir şans, özü də tarixi şans hesab edir. Yəni, axmaq, ağılsız idayelardan, miflərdən, uydurmalardan yaxa qurtarmaq, nörmal yaşamaq üçün, reallıqları qəbul edərək yaşamaq üçün, stabil həyat üçün antiterror tədbirlərində bizim uğurumuzu özləri üçün şans kimi dəyərləndirir. Digər tərəfdən də diqqətə çatdırmaq yerinə düşərdi ki, əgər Ermənistan Milli Assambleyasının sədri belə qənaətdədirsə, deməli, bu fikirdə olan ermənilərin sayı az deyil və onlar həqiqətən də mövcud vəziyyəti özləri üçün tarixi şans hesab edirlər, hansıki həqiqətən onlar tarixi seçim qarşısındadırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB