Cənubi Qafqazda YENİ KONFİQURASİYA – TƏHLİL

Cənubi Qafqazda YENİ KONFİQURASİYA – TƏHLİL

Azərbaycanın Qarabağ iqtisadi rayonunda sonuncu dəfə antiterror tədbirlərinin aparılması, separatçıların qalıqlarının, qanunsuz silahlı birləşmələrin tör-töküntülərinin cəmi bir sutkadan az müddət belə müqavimət göstərə, davam gətirə bilməməsi, ağ bayraq qaldıraraq təslim olması strateji baxımdan bütün Cənubi Qafqazın konfiqurasiyasını kökündən dəyişdi. Ermənistan tərəfi başa düşmək, dərk etmək məcburiyyətində qaldı ki, separatçılıqla, terrorçuluqla heç nəyə nail ola bilməz. Əlbəttə ki, qonşu dövlətlərlə əməkdaşlıq edərək normal qonşuluq münasibətləri qurmaq Ermənistan üçün yeganə doğru yoldur və ermənilər bunu nə qədər tez başa düşsələr bir o qədər fəlakətdən tez yaxa qurtara bilərlər.

Ərazilərimizin separatçı qalıqlarından, erməni silahlılarının tör-töküntülərindən təmizlənməsi ilə xəyalpərəst ermənilərin oynadıqları, yaxud da, hələ bundan sonra oynamaq istədikləri oyun birmiş oldu. Əslində, separatçıların ağ bayraq qaldıraraq təslim olmaları Ermənistan cəmiyyətində ərazi ekspansiyasının tərəfdarlarını ayıltmalıdır. Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri ilə separatçı erməni silahlı birləşmələrinin zərərsizləşdirməsi revanşist əhval-ruhiyyəyə də təsirsiz ötüşməməlidir. Artıq ermənilər dərk etməlidirlər ki, intriqalarla heç nəyə nail ola bilmirlər və bundan sonra da nail ola bilməzlər. Əslində, bunu onlar 44 günlük müharibənin məntiqi nəticəsi olan rüsvayçı məğlubiyyətləri zamanı dərk etməli idilər, amma o zaman dərk etmədiklərini heç olmasa sonuncu antiterror tədbirlərindən sonra, separatçı qalıqlarının ağ bayraq qaldırıb təslim olmalarından sonra başa düşsünlər. Başa düşsünlər ki, artıq Cənubi Qafqazda tamamilə başqa reallıqlar yaradılıb və bu reallıqlar məhz Azərbaycanın yaratdığı reallıqlardır.

İşğal etdikləri torpaqları işğal altında saxlamağa gücləri çatmadığını dördükləri zaman ərazilərimizi minalayanlar bununla da yeni reallıqları öz istədikləri kimi dəyişə bilmədilər. Separatçı qalıqlarının heç nəyə qadir olmadıqları ortada olsa da, onlar revanşist düşüncəli qüvvələrin hakimiyyətə gələcəyinə axmaqcasına inanaraq, nəyə isə ümid edirdilər. Ümid edirdilər ki, beynəlxalq siyasi vəziyyət də dəyişə bilər. Əslində, separatçılar öz mövcudluqlarını qorumaq, ərazimizdə qalmaq üçün can atırdılar. Amma nə revanşistlərin hakimiyyətə gəlməsi, nə də beynəlxalq vəziyyətin dəyişməsi barədə arzuları gerçəkləşmədi və buna ümid etməyin ən böyük axmaqlıq olduğunu ümid edirik ki, başa düşdülər.

Separatçılar öz əməllərindən əl çəkmədikləri, təxribatlara əl atdıqları halda, Azərbaycanın buna son qoyacağı bəlli idi. Azərbaycanın Qarabağ iqtisadi rayonunda separatçıların, qanunsuz erməni silahlılarının qalıqlarının mövcudluğuna son qoyulacağına əmin olan, onların təmizlənməsinə saylı günlər qaldığını başa düşən Ermənistan rəhbərliyi terrorla mübarizə tədbirlərinə başlanıldığından dərhal sonra onların müdafiəsinə qalxmaq niyyətində olmadığını açıq-aşkar bəyan etdi. Əvvəla ona görə ki, separatçılar məhz Paşinyandan əvvəlki dövrün korrupsiyalı hakimiyyəti ilə, xunta ilə əlaqəli, bağlı idilər və Ermənistan hakimiyyətinin onları qətiyyən müdafiə etmək marağı ola bilməzdi. Digər tərəfdən də, işğalçı ölkə hakimiyyəti onların arxasında dayana bilməyəcəyini artıq yaxşı bilirdi və ən azından 44 günlük müharibədə gördükləri bir dərs olmuşdu. Deməli, bölgədə Azərbaycanın yaratdığı reallığın, yeni konfiquryasiyanın danılması qətiyyən mümkün deyildi. Elə buna görə də Ermənistanın baş naziri hələ bir neçə həftə əvvəl öz mövqeyini açıq şəkildə ortaya qoymuşdu. Heç separatçıların yeni qondarma lideri Samvel Şahramanyanı da “seçilməsi” münasibətilə təbrik etməyən Nikol, “təbrik etmək üçün xüsusi bir şey yoxdur”, deyə bildirmişdi. Hətta Ermənistan rəhbərliyindən bir nəfər belə ona təbrik göndərməmişdi. Sözsüz ki, Şahramanyanı Paşinyanın və onun hakimiyyət komandasının revanşist ünsürlərdən olan tanınmış düşmənləri sayılan Ermənistanın keçmiş liderləri Robert Koçaryan və Serj Sarkisyanın, eləcə də Qarabağ separatçılarının keçmiş liderləri Arkadi Qukasyanın və Bako Saakyanın təbrik etməsi başadüşülən idi. O da başadüşülən idi ki, onların təbriki heç bir mahiyyət kəsb edə bilməz. Bütün bunlar bölgədə Azərbaycanın yaratdığı yeni reallığın, Cənubi Qafqazda yeni konfiqurasiyanın aydın şəkildə təzahürü sayılır, hansı ki, bunu bütün dünya ictimaiyyəti çox yaxşı görür və başa düşür. Elə separatçıların özləri də bu həqiqətləri görmək məcburiyyətindədirlər, bunu etiraf etsələr də, etməsələr də.

Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirlərinə başlamasından dərhal sonra Ermənistan müxalifətinin öz ölkəsində vəziyyəti daha da gərginləşdirməsi cəhdləri də diqqətdən yayına bilməz. Ələlxüsus da hakimiyyət davası fonunda çevrilişə can atmaları da bəlli idi. Ermənistanın baş nazirini devirmək ümidi ilə müxalifətçilərin canfəşanlıq edərək ehtirasları alovlandırmaları da həmin niyyətdən irəli gəlir. Azərbaycan Ordusunun Xankəndinə daxil olması ilə bağlı təxribat xarakterli xəbərlərin süni şəkildə yayılması da həmin niyyətə xidmət edib. İrəvandakı iğtişaşlar nəticəsində saxlanılanlar arasında köhnə rejimin nümayəndələrinin olması özü bəzi məqamlara aydınlıq gətirmək üçün kifayət edir. Diqqətə çatdıraq ki, saxlananlar arasında Ermənistanın keçmiş prezidentinin, Koçaryanın oğlunun, həmçinin dostunun, eləcə də Rusiyada uzun müddət qaranlıq, çirkli daşınmaz əmlak sövdələşmələri aparan erməni milyarder Stepanyanın oğlunun olması diqqət çəkən məqamdır və deyilənləri təsdiq edir. Təsdiq edir ki, İrəvandakı dırnaqarası “vətənpərvər etirazların” arxasında qaranlıq keçmişi və çoxlu miqdarda pulu olanlar dayanır. Bəli, bölgədə Azərbaycanın yaratdığı reallıqların, Cənubi Qafqazda yeni konfiquryasiyanın fonunda Ermənistanda hakimiyyət, kreslo davası getdiyi görünür və bunun üçün kütlənin alət olaraq idtifadə edilədiyinin də sübuta ehtiyacı yoxdur, çünki tam çılpaqlığı ilə ortadadır.

Bəli, rəsmi Bakının təmkinli addımları və Azərbaycan hökumətinin diplomatik hazırlığı və üstünlüyü sayəsində Cənubi Qafqazda yeni konfiqurasiya elə bir şəkil alıb ki, erməni millətçilərinin xarici havadarlarının belə onları müdafiə etmək təşəbbüsləri, cəhdləri heç bir nəticə vermir. Məsələn, cümə axşamı axşam saatlarında Fransanın təşəbbüsü ilə çağırılan Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclasında Fransa və Almaniyanın xarici işlər nazirləri, həmçinin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Borreldən başqa heç kim Azərbaycan hökumətinin ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyətini tənqid etməyib. Almaniyanın da separatçılara dəstəyi çox şərti xarakterdə olub.

Ermənistan hakimiyyətinin, ələlxüsus da Paşinyanın problemi ondan ibarətdir ki, Qərb onu qəbul etməyə tələsmir. Əslində, hamıya bəllidir ki, Ermənistan yalnız Fransanın qanadı alında “Qərbə üz tuta bilər”. O da bəllidir ki, açıq-aydın şəkildə, gözümüzün qabağında belə gücü əriyən Fransa “kollektiv Qərb”in ən güclü üzvü, ən güclü bəndi deyil. Bundan əlavə, rəsmi İrəvanın yaxınlaşmaq istədiyi ABŞ-la Fransanın ənənəvi olaraq problemli münasibətləri həmişə olub. Başqa sözlə, Ermənistan rəhbərliyinin məlum “Qərb dönüşü” çox müəmmalı ideya kimi görünür. Buradan da belə bir nəticə çıxır ki, ermənilər nəinki xarici dəstəyə ümid edirlər, hətta rəsmi İrəvan növbəti geosiyasi çıxılmaz vəziyyətdədir. Azərbaycanın yaratdığı reallıqlar, Cənubi Qafqazda yeni konfiquryasiya bunu deməyə əsas verir ki, belə bir vəziyyətdə Azərbaycan və Türkiyə ilə normal mehriban qonşuluq münasibətləri qurmaq və axmaq ideyalardan, mənasız miflərdən yaxa qurtarmaq Ermənistan üçün yeganə çıxış yolu hesab olunur.

Qeyri-qanuni şəkildə, işğal yolu ilə ermənilər tərəfindən ələ keçirilən, 30 ilə yaxın işğal altında saxlanan Azərbaycan torpaqları ilə bağlı rəsmi İrəvan ümidlərini çoxdan itirib, baxmayaraq ki, bir neçə erməni siyasətçiləri mənasız yerə hansısa ümid bəsləyirlər və əbəs yerə kütləni də buna inandırmağa çalışırlar. Halbuki, qanlı Qarabağ avantürasının başa çatdığı İrəvan isteblişmentinə aydın olsa, bu, istər-istəməz erməni yanaşmalarının struktur transformasiyasına, nəticə etibarı ilə də qonşuları ilə qarşılıqlı anlaşmaya gətirib çıxarmalıdır. Çünki Cənubi Qafqazdakı bu yeni konfiqurasiyanın fonunda Azərbaycan və Türkiyə ilə döyüşmək, mübarizə aparmaq niyyəti belə sadəcə olaraq axmaqlıq, nəticəsi isə bir ölkənin intiharıdır. Dünyanın heç bir regionunda alternativi olmadığı kimi, Cənubi Qafqazda da mehriban qonşuluq və birgə inkişafın alternativi yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə