“Torpaqlarımızı düşməndən qolumuzun gücü ilə azad etmişik” SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

“Biz xarici ölkələrdə olarkən istər-istəməz başqa ölkələrin vətəndaşları ilə ünsiyyət zamanı birmənalı şəkildə bir azərbaycanlı olaraq qürurlanmışam ki, qalib xalq olaraq tanınırıq”. Bunu SİA- ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, dünyada bizi qalib və əzmkar xalq kimi görürlər: “Bizi öz hüquqlarını, haqqını qolunun gücü ilə bərpa edən bir xalq kimi görürlər. Bu da çox qürurvericidir. Özəlliklə, türk dünyasında da bizə baxış xeyli dəyişib. 44 günlük Vətən müharibəsindən sonra şəxsən mənim özümə dəfələrlə müxtəlif türk ölkələrindən dostlarımız deyib ki, Azərbaycanın bu qələbəsi bizi də özümüzə qaytardı, bizim də özümüzə əminliyimizi bərpa etdi, ona qədər biz qorxurduq. Bunu özəlliklə Orta Asiyadan olan qardaşlarımız deyirdi. Yəni onlar bildirirlər ki, çox narahat idik ki, biz türk dövlətləri, türk xalqları hansısa haqqımızı əldə etmək istəsək dünya buna imkan verməz, amma Azərbaycan öz haqqını əldə etdikdən sonra bizim əminliyimiz, özgüvənimiz artdı. Təbiidir ki, bizim bu qələbəmiz elə belə əldə edilməyib. Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin uzun illər yürütdüyü uzaqgörən siyasəti nəticəsində biz bu qələbəni qazandıq. Əlbəttə ki, Prezidentin bu siyasətinin gerçəkləşdirilməsində Azərbaycanın qəhrəman oğulları canları və qanları ilə savaşıblar. Yəni biz torpaqlarımızı düşməndən qolumuzun gücü ilə azad etmişik, hansısa masa arxasında deyil. Belə bir gündə mən bütün şəhidlərimizi rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə