Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bir daha diqqəti antiterror tədbirlərini şərtləndirən amillərə yönəldərək bildirdi ki, Sentyabrın 19-da ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Azərbaycan istədiyini etdi, bütün şərtlərin qəbuluna nail oldu. Azərbaycan artıq bütün ərazisinə nəzarət edəcək. "Boz zona" aradan qaldırılır. Növbəti qələbəmiz ordumuzun peşəkarlığının, döyüş ruhunun, planlı şəkildə fəaliyyətinin dünyaya təqdimatı oldu.Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.

Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişdir. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.

Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmiş və sıradan çıxarılmışdır.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir.

Azərbaycan dəfələrlə öz xəbərdarlığını vermişdir. İkinci Qarabağ müharibəsindən dərhal sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır.

Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir. Azərbaycan bütün addımlara görə həm məsuliyyət daşıyır, həm qürur hissi keçirir. Antiterror tədbirləri yüksək peşəkarlıqla və dəqiqliklə aparıldı.
Azərbaycan azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bu, bizim həyat tərzimizdir. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq.

Azərbaycanda həmrəylik mühiti mövcuddur. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri İkinci Qarabağ müharibəsi zamanı bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda.

İşğaldan azad olunmuş bütün ərazilər inkişaf olunacaqdır. Azərbaycan müxtəlif sosial proqramlar icra etməyə hazırdır. Ölkəmiz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur. Eyni şərait Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda yaradılacaq. Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. Bu şans əldən verməməlidir. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan birgəyaşayış təklifdir.

Cənubi Qafqazda yeni reallıq yaranacaq, uzunmüddətli sülh yaranacaq. Azərbaycan əmin olmalıdır ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Azərbaycan onların ərazi bütövlüyünü tanıyır və bunu bəyan edilib, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq.
Əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlməlidir. Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar.

Cənab Prezident İlham Əliyev daim uğurlar fonunda bu reallığı da xüsusi qeyd edib ki, haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Sentyabrın 19-da saat 13:00 radələrində lokal antiterror tədbirlərinin başlanması və bir gün ərzində uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Dövlət başçısı xalqa müraciətində bizə xor baxanlara, torpağımıza göz dikənlərə, uğurumuzu həzm edə bilməyənlərə də mesajlarını çatdırdı: "Heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!".

Milli Məclisin deputatı
Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə