“Bu xalqın etimad göstərdiyi siyasi iradənin qələbəsidir“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Qarabağda 30 il ərzində möhkəmlənmiş separatçı rejimin cəmi 23 saat davam edən lokal antiterror tədbirləri ilə ağ bayraq qaldırmağa məcbur edilməsi mürəkkəb tarixi-siyasi yolun, həyata keçirilən uğurlu xarici və daxili siyasətin, siyasi, iqtisadi müstəqilliyin, güclü ordu quruculuğu və ən nəhayət, xalq-iqtidar birliyinin məntiqi nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat sözlərinə belə davam edib: “Əlbəttə, mürəkkəb coğrafi məkanda və həssas geosiyasi situasiyada bu reallığı yaratmaq sadə məsələ deyil. Lakin istər İkinci Qarabağ müharibəsi, istərsə də cari antiterror tədbirləri göstərir ki, Prezident İlham Əliyev bütün çətinliklərə baxmayaraq ortaya iradə qoyaraq prosesi uğurla reallaşdıra bilib. Bu mənada, Azərbaycanın son 3 ildə davamlı şəkildə müşahidə etdiyimiz qələbələri ilk növbədə xalqın etimad göstərdiyi siyasi iradənin qələbəsidir.
Məhz Prezident İlham Əliyev siyasi iradə nümayiş etdirərək, bütün kənar təsirləri neytrallaşdıraraq müasir, peşəkar ordu və şaxələndirilmiş müdafiə sənayesi quruculuğu həyata keçirib. Eyni zamanda beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsində müəyyən edilən məqsədlə rəhbər tutularaq həyata keçirilən hücum siyasəti regionda marağı olan və Ermənistan və ermənilərdən alət kimi istifadə edən "protektorlar"ı neytrallaşdırdı. Cənab İlham Əliyevin ifadə etdiyi kimi, heç kim heç bir müstəvidə Azərbaycanın iradəsinə təsir edə bilmədi.
Cənab İlham Əliyev eyni zamanda bu qələbəsi ilə beynəlxalq sferada separatizmlə mübarizədə Azərbaycan modeli yaratdı”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB