"Tarixə söykənən əlaqələr gündən-günə daha da güclənməkdədir" - HULUSİ KILIÇ DANIŞDI

"Türkiyə-Azərbaycan əlaqələrinin təməlini Ulu Öndərlər atıb. Mustafa Kamal Atatürk "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Ulu Öndər Heydər Əliyev "Biz bir millət, iki dövlətik", Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə və Azərbaycan tək ürəkdir", Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev isə "Türkiyə-Azərbaycan bir yumruqdur" ifadələrini işlədiblər. Bu liderlər Türkiyə və Azərbaycan münasibətlərinin ən gözəl tərifini verib və bizə gələcək üçün yol göstəriblər. Dünyada Türkiyə-Azərbaycan münasibətlərinin başqa bir örnəyi yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, tarixə söykənən bu əlaqələr gündən-günə daha da güclənməkdədir: "1992-1993-cü illərdə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalından sonra Türkiyə Ermənistanla sərhədlərini bağlamış, diplomatik əlaqələrini kəsmişdir. Bugünkü gündə hələ də sərhədlər bağlı, əlaqələr kəsik vəziyyətdə qalmaqdadır. Dünyada ikinci bir dövlət yoxdur ki, başqa bir ölkə üçün sərhəddini bağlasın.

İki dövlət arasında münasibətlərin ən böyük sübutu 44 günlük Vətən müharibəsi zamanı gerçəkləşib. Türkiyə Azərbaycana lazımlı diplomatik və siyasi dəstək verib. Türkiyədə baş verən meşə yanğınları və 6 fevral zəlzələsi zamanında da Azərbaycanın qardaş ölkəsinə göstərdiyi yardım göz qabağındadır".

Kılıç sözlərinə davam edərək bildirib ki, iki dövlət arasındakı münasibətlərin əsl yol xəritəsi 15 iyun 2021-ci ildə Şuşada imzalanan bəyannamədir: "Şuşa bəyannaməsi tarixi bir sənəd, gələcəyə yönəlik yol xəritəsi və Türkiyə-Azərbaycan müttəfiqliyinin sübutudur. 1921-ci ildə baş tutan Qars razılaşması ilə başlayaraq 44 günlük müharibə, beynəlxalq təşkilatlarla əməkdaşlıq, Türk dövlətləri arasında əlaqələrin inkişafı yönündə ifadələr yer almaqdadır. Bəyanatda yer alan ən önəmli maddə isə əgər iki dövlətdən birinə hücum gerçəkləşdirilərsə, digəri avtomatik olaraq yardım edəcəkdir. Bu bizim üçün çox önəmli bir maddədir. Siyasi, iqtisadi, mədəni, idman, ümumilikdə hər sahədə əməkdaşlıq inkişaf etməkdədir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə