“Azərbaycan tərəfi bütün imkanlarını səfərbər etdi" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan tərəfi 2020-ci ildə öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda dayanıqlı sülhün bərqərar olması üçün bütün imkanlarını səfərbər etdi. Ermənistan tərəfinə sülh şərtlərini təqdim etməklə yanaşı, Azərbaycan ərazisində yaşayan ermənilərlə də dialoqa hazır olduğunu göstərdi, onlara reinteqrasiya təklifi irəli sürdü. Lakin ötən zaman ərzində nə Ermənistan tərəfi, nə də Azərbaycan ərazisində yaşayan ermənilər Azərbaycanın çağırışlarına lazımi reaksiya nümayiş etdirmədilər. Azərbaycana qarşı davam etdirilən təxribatlar, həm hərbi, həm də siyasi xarakter daşıyırdı. BMT TŞ-də Azərbaycana qarşı qərəzli müzakirələrin keçirilməsi Ermənistanın istəyi üzərindən baş tutdu. Lakin bu platformanı Azərbaycan öz haqlı maraqlarını qorumaq üçün uğurla istifadə etməyi bacardı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisindəki separatçılar da davamlı olaraq silahlanmaya cəhdedərək təxribatlarına davam etdilər: “Təbii ki, bununla da Azərbaycanın milli təhlükəsizliyinə təhdidləri saxlamaqda israrlı olduqlarını göstərdilər.
Azərbaycan ərazisində yaşayan ermənilərin statusu məsələsi ümumiyyətlə müzakirə edilmir. Vaxtilə bizim torpaqlarımız işğal altında olan zaman Azərbaycan məsələlərin dinc vasitələrlə tənzimlənməsi naminə danışıqlar vasitəsilə münaqişənin regiona olduqca təhlükəli təsirlərini nəzərə alaraq, müəyyən məsələləri müzakirə edirdi. Amma biz torpaqlarımızı öz gücümüz hesabına işğaldan azad etmişik və təbii ki, kifayət qədər güclü mövqelərə sahib olmaqla bütün ərazilərimiz boyunca suverenliyimizi təmin etmək iqtidarımızı nümayiş etdirdik. Bütün dünya gördü ki, Azərbaycan bir neçə il öncə danışıqlar prosesində iştirak edərək, məsələnin dinc yolla həllinə çalışırdısa, bu sadəcə olaraq humanizm və regionda sülh xatirinə idi. Azərbaycanın gücü hər zaman torpaqlarımızın hərbi yolla azad edilməsinə imkan verib. Məhz bunu da 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə lokal xarakterli anti-terror tədbirləri ilə nümayiş etdirdik. Cəmi bir gün davam edən anti-terror tədbirləri bir daha nümayiş etdirdi ki, Azərbaycan olduqca güclü və geniş hərbi potensiala malikdir.
Separatizm dövlətin konstitusiya quruluşuna birbaşa çağırışdır. Azərbaycan ərazisində separatizmin köklərini tam kəsməyincə, Azərbaycan tam təhlükəsizlik mühitindən danışmaq mümkün deyil. Buna görə də anti-terror tədbirlərini həyata keçirməklə milli və dövlət təhlükəsizliyinə olan təhdidlərin aradan qaldırılması üçün çox təsirli addım atdıq.
Nəzərə almaq lazımdır ki, lokal xarakterli anti-terror tədbirlərində 2020-ci ildən sonra yaradılmış komando hərbi birləşmələri də iştirak etdilər. Bu həm də onu sübut etdi ki, ölkə Prezidenti tərəfindən verilmiş qərar olduqca doğru qərar idi. Azərbaycanın hərbi gücünün artırılması, müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində komando hərbi birləşmələrinin yaradılması və hərbi texnika ilə təmin olunması Azərbaycan ordusunun gücünü əhəmiyyətli dərəcədə artırmış oldu. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, indiki Azərbaycan ordusu 2020-ci ildə torpaqlarımızı qısa zamanda, effektiv şəkildə işğaldan azad edən ordumuzdan qat-qat güclüdür. Həqiqətən də bir neçə gün öncə keçirilən lokal xarakterli anti-terror tədbirləri Azərbaycan ordusunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bütün bunlar isə Ermənistanı heç bir ön şərt irəli sürmədən Azərbaycanla sülh müqaviləsi imzalamağa məcbur edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə