“Prezidentin müraciəti bölgənin gələcəyinin ifadə olunduğu yol xəritəsidir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Möhtərəm Prezidentin Azərbaycan xalqına müraciəti özlüyündə həm də bölgənin gələcəyinin ifadə olunduğu yol xəritəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, Azərbaycan Lideri yeni reallığın yaradıcısı kimi bu bölgəni necə görmək istəyir və bölgədə birgəyaşayışı hansı formada təsəvvür edir, bununla bağlı kifayət qədər aydın məqamları ortaya qoydu: “İlk növbədə Azərbaycan rəhbərinin simasında biz rəsmi Bakı tərəfindən Qarabağda yaşayan erməni əsilli insanlara ali səviyyədə siyasi təminat verildiyinin şahidi olduq. Həmçinin möhtərəm Prezidentin özünün də ifadə etdiyi kimi, Azərbaycan qanunvericiliyinin, Azərbaycan Konstitusiyasının digər vətəndaşlara münasibətdə müəyyən etdiyi bütün hüquqi təminatlar, o cümlədən Azərbaycanın ayrılmaz parçası olan Qarabağa da, təbii ki, şamil edilir və erməni əsilli sakinlər əminliklə bu ölkənin tam hüquqlu vətəndaşı kimi bütün sosial-iqtisadi, həmçinin hüquqi təminatlardan istifadə edə bilərlər. Bundan başqa, möhtərəm Prezidentin çox vacib istiqamətlərdən biri kimi diqqətə çatdırdığı məqam bölgəyə yad ünsürlərin müdaxiləsi və bu müdaxilənin birgəyaşayış, bölgədə davamlı, dayanıqlı sülh və sabitlik üçün təhdid olması ilə bağlı idi. Azərbaycanın niyyəti çox aydındır. Azərbaycan bölgə dövlətləri ilə sağlam, sülh və əmin-amanlıq şəraitində yaşamaq, tərəqqiyə, inkişafa nail olmaq niyyətindədir. Azərbaycan işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda son 3 il ərzində həyata keçirdiyi tədbirlərlə inkişaf və tərəqqidə özü bir nümunə yaradıb. Bu mənada, Azərbaycan Prezidenti əgər bu gün Qarabağ ermənilərinə eyni inkişaf və tərəqqini vəd edirsə, bu əslində həmin şəxslər üçün, o şəxslər ki, illərdir kasıblıq, çox çətin maddi-sosial durum çərçivəsində yaşayırlar, həmin şəxslər üçün birmənalı şəkildə tarixi şansdır”.
Bəhruz Məhərrəmov sözlərinə belə davam edib: “Belə olan halda, hansısa regiona zidd ünsürün bu bölgədə ayrı-ayrı hüquqlardan, azadlıqlardan dəm vurması regionda münaqişə vəziyyətinin alovlandırılmasından başqa bir şey deyil. Ermənilər də əmin olmalıdır ki, onlar üçün ən doğru seçim məhz Azərbaycan Respublikasının üçrəngli bayrağı altında, Azərbaycan qanunvericiliyi çərçivəsində yaşamaq, Azərbaycanın, bütövlükdə regionun inkişafına, tərəqqisinə töhfə verməkdir. Heç şübhəsiz ki, güclü ölkənin vətəndaşı kimi, qalib ölkənin nümayəndəsi kimi onlar da bu inkişafdan, bu tərəqqidən faydalanacaqlar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə