"Bu xalqımızın gələcəyə olan inamını artırır” - DEPUTAT ŞƏRH ETDİ

"Bu xalqımızın gələcəyə olan inamını artırır” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan dövlətinin Qarabağdakı separatçı rejimə və orada toplanan qeyri-qanuni erməni silahlılarına qarşı apardığı lokal xarakterli anti-terror tədbirləri 24 saat ərzində davam edərək uğurlu nəticə verdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, terrorçular və silahlı qüvvələr təslim olduqlarını bildirərək Azərbaycanın bütün şərtlərini qəbul etdilər: “Bu Azərbaycanın böyük qələbəsidir və uğur hekayəsinə gedən yol xeyli uzundur. 1994-cü ildə Ümummilli Lider o zaman Azərbaycan üçün uğursuz davam edən müharibəni dayandırdı və məsələ danışıqlar platformasına keçdi. Ulu Öndər hər zaman Azərbaycanın güclənib, dünyada öz nüfuzunu artıracağını və öz torpaqlarını işğaldan azad edəcəyini deyirdi. Məhz həmin siyasət cənab Prezident tərəfindən 2003-cü ildən başlayaraq böyük uğurla davam etdi. Azərbaycan dünyanın güclü dövlətlərindən birinə, Azərbaycan ordusu isə ən güclü 50 ordudan birinə çevrildi.

2020-ci ildə 44 gün davam edən müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. Lakin həmin dövrdən Ermənistanın qarşısına qoyulan tələblər yerinə yetirilmədi. Azərbaycan isə səbrlə gözləyərək, məsələnin sülhlə başa çatacağını gözlədi. Buna baxmayaraq Ermənistanın təxribatları davam etdi. Artıq iki gün öncə ermənilərin mina terroru isə Azərbayanın səbr kasasını daşıran son damla oldu. Cəmi 1 saat davam edən anti-terror tədbirləri ermənilərin məğlubiyyəti ilə nəticələndi. Ordumuzun gücü və cənab Prezidentin diplomatik manevrləri bu qələbəni bizə qazandırdı. Bu isə xalqımızın gələcəyə olan inamını artırır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə