Ölkəmiz öz məqsədlərinə, qanuni şəkildə milli maraqlarının təmin olunmasına hər zaman olduğu kimi, yenə də nail olmaqdadır. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli əhalinin ölkəmizin hüquqi və iqtisadi sahəsinə reinteqrasiyası da artıq get-gedə yaxınlaşmaqdadır. Uzun müddətdir göstərdikləri dirənişdən sonra separatçıların məhz BQXK-nın yük maşınlarının eyni vaxtda Ağdam və Laçından keçməsinə “razılıq vermələri” ölkəmizin haqlı mövqeyi, gücü, qüdrəti qarşısında təslim olmaları, ölkəmizin növbəti qələbəsi, separatçıların isə məğlubiyyəti, ələlxüsus da uydurma, qondarma “blokada və aclıq” şousunun fiaskosu deməkdir.
Qeyd olunduğu kimi, separatçıların sözügedən məsələ ilə bağlı “razılıq vermələri” onların qarşılarına qoyulan şərtlərlə razılaşmaqdan başqa çarələrinin olmamasını təsdiq edir. Əks halda, hələ də dirəniş göstərərək, mane olmağa çalışardılar. Amma bu dəfə belə bir maneə törədə bilmədilərsə, deməli, rəsmi Bakının qanuni tələblərini qəbul etməkdən başqa çıxış yolu görməyiblər. Görülən işlər, tətbiq olunan qanuni prosedurlar da bunun üçün idi və göründüyü kimi, öz bəhrəsini verməkdədir. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, bu yolda addımlar iki məqsədə xidmət edib. Birincisi, artıq qeyd olunduğu kimi, Qarabağın ermənilər yaşayan hissəsinin reinteqrasiyası prosesinin gedişatıdır. İkinci məqsəd guya Qarabağda qondarma blokada səbəbindən yaranmış uydurma aclıq haqqında erməni təbliğatını darmadağın etmək olub. Görünən odur ki, artıq hər iki istiqamətdə rəsmi Bakı diplomatik, siyasi qələbələrə imza atmaqdadır və son hadisələr də təsdiq edir ki, ermənilərin qondarma “blokada və aclıq” şousu artıq fiaskoya uğradı.
Zənnimizcə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli insanlar artıq başa düşüblər ki, Bakıya müqavimət göstərməyin heç bir mənası yoxdur. Heç nəticəsi olmayacağı qənaətində də olanlar az deyil. Başa düşüblər ki, hakimiyyətdə kimin olmasından da asılı heç nə yoxdur. Əks halda, göstərdikləri dirənişi sona qədər davam etdirərdilər və dediklərinin üstündə dura bilərdilər. Əgər Ağdam yolundan istifadəyə razılıq verildisə, deməli, Azərbaycan həqiqətləri, ölkəmizin haqlı, qanuni tələbləri qarşısında acizdirlər və bu da onların yox, bizim qələbəmizdir. İndi çox güman ki, Qarabağda olanların nümayəndələrinin Ağdam yolundan istifadəyə razılıq vermək məcburiyyətində qaldıqları erməni əsillilər üçün bir dərs olacaq. Çünki mövcud hakimiyyətin də, onun müxalifətinin də carəsiz durumunu gözləri ilə görüb, müşahidə də etdilər. Belə olan halda isə, onların danışdıqlarının nağıl olduğuna bu dəfə də əmin oldular. Belə çıxır ki, artıq erməni avantüristlərin uydurduqları nağılların da, miflərin də sonu çatıb və yalançı vədləri də hesaba alınmamalıdır. Bir sözlə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər çətin ki, bundan sonra separatçıların uydurmalarına, vədlərinə qulaq asalar.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər gördülər ki, artıq Ağdam-Əsgəran-Xankəndi yolu açıqdır və işləyir. Əmin oldular ki, belə də olacaq. Dərk etdilər ki, bütün bunlar Azərbaycanın prinsipial, ədalətli, qanuni və dəyişməz mövqeyidir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev də öz qeydlərində aydın şəkildə bildirib. Əslində, ermənilərə dəfələrlə bəyan edilib ki, Azərbaycanda boz zonalara yer yoxdur və bu, əməldə də təsdiq olunub, başa da salınıb. Bəlkə də bu zamana qədər buna məhəl qoymayanlar ola bilərdi, amma separatçıların səylərinin boşa çıxması onların çaldığı havaya oynayanları sanki yuxudan oyatmış oldu.
Doğrudur, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər yaxşı bilirlər ki, qondarma “böhran” və dırnaqarası “aclıq” deyə çığır-bağır salmaq bir şou idi. Bilirlər ki, Azərbaycan tərəfinin blokada deyilən bir niyyəti olmayıb. Həm də axı öz ərazisini hansı dövlət blokadaya alar? Əgər erməniləri ərazidən sıxışdırmaq, çıxarmaq niyyəti olsaydı, bunu elə 44 günlük müharibənin son günlərində, hətta bir neçə saatın içərisində etmək olardı. Yaxud da, öz ərazisi, öz torpaqları olan Xankəndiyə Azərbaycan Ordusu, yaxud əsgəri, sıravi vətəndaşı ermənidən icazə alaraqmı girməlidir? O zaman nə ehtiyac var idi qondarma, dırnaqarası “blokada” dediklərinə? Yox əgər bu şəhərə daxil olunmasına müqavimət göstərilsəydi, yenə də Azərbaycan Ordusu üçün həmin şəhərə giriş məsələsi qətiyyən çətinlik demək deyildi. Hər halda, Şuşa kimi alınmaz qala hesab edilən bir şəhəri düşmən işğalından az qala əli yalın azad edən Azərbaycan Ordusu üçün, oradan ovuc içi kimi görünən Xankəndini tamamilə təmizləmək gün də yox, həqiqətən, saat məsələsi idi, əgər həqiqətən də, təmizləmək niyyəti olsaydı, halbuki, ermənilər guya bizim etnik təmizləmə niyyəti ilə “blokada”, “aclıq” şəraiti yaratdığımızı dünyaya yalandan yaymaqdadırlar. Azərbaycan ərazisində yaşayan, məhz erməni əsilli əhali bütün bunları hamıdan yaxşı bilir. Bilir ki, onların orada, Xankəndidə qalmasına nə separatçılar, nə qanunsuz silahlı dəstələr, nə Ermənistan hakimiyyəti, yaxud da dövləti şərait yaratmayıb, çünki buna qadir deyillər və Azərbaycan qarşısında diz çöküblər. Bilir ki, orada, Xankəndidə qalmalarına da Azərbaycan imkan verib, əks halda bu, mümkün deyildi. Elə isə, həmin o qondarma “blokada” oyunu, “aclıq” şousu heç zaman məntiqi görünməyib, amma separatçılar bunu yalandan şişirdib dünyaya yayaraq Azərbaycanı hədəfə çevirmək niyyəti güdüblər, hətta utanmadan bu şouda alətə çevrilməyi özlərinə rəva bilənlər də dünyada tapılıb. Məsələ burasındadır ki, onlar da dərk etməlidirlər ki, yüklər, maşınlar Ağdamdam keçərək Xankəndinə istiqamətlənirsə, deməli, danışdıqları nağıl, söylədikləri mif, yalandır, özləri də erməni oyunlarına alətdirlər. Bir sözlə, yüklərin Ağdamdam keçərək Xankəndinə istiqamətlənməsi qondarma “blokada və aclıq” şousunu fiaskoya uğratdı, çünki artıq deyiləcək söz də qalmadı.
Sözsüz ki, Azərbaycana məxsus nömrə nişanlı avtomobillərin Xankəndidə hərəkət etdiyi zaman separatçıların nə hala düşməsini görməyə ehtiyac da yoxdur, çünki vəziyyətlərini təsəvvür etmək çətin deyil. Bəli, Azərbaycana məxsus yük maşınlarının Xankəndinə keçməsi ilə qanunsuz erməni silahlı dəstələrinin yeganə yolunun ölkəmizin ərazilərini tərk etmək olacağı mübahisə doğuran deyil. Əks halda, yəni tərk etməyəcəkləri halda onlardan bəziləri saxlanılaraq cəza çəkmək üçün mühakimə olunacaq, tabesizlik edənlər tam olaraq məhv ediləcək. Bax, əsl reallıq budur və yüklərin Ağdamdan keçib Xankəndiyə keçməsinin ardınca sadalananların fakt olaraq qeydə alınmasına çox qalmayıb. Ən azından hər bir halda bundan sonra bir erməni belə qondarma “blokada və aclıq” şousu göstərməməlidir, təbii ki, az da olsa utanmaq hissi varsa. Bəli, qondarma “blokada və aclıq” şousu artıq fiaskoya uğrayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB