Qanunsuzluğun, haqsızlığın tərəfində olduğunu gizlətmədən, açıq şəkildə büruzə verərək çıxış etməyi ən etik şəkildə ifadə etmiş olsaq, həyasızlıq adlandıra bilərik. İşğalçılığı dövlət siyasətinə çevirən bir ölkəni dəstəkləməyə, işğalçı ilə işğala məruz qalana fərq qoymamağa və ələlxüsus da, haqlı tərəfə qarşı çıxış edərək, onu etmədiyi əmələ görə günahlandırmağa ədalətsizlik, riyakarlıq deməklə, fikri tam ifadə etmək olmur, çünki bu sadalananlar heç etik normalara da sığışmır.
“Freedom House” beynəlxalq insan haqları təşkilatının insan haqlarına nə qədər “hörmət” qoyduğunu, daha dəqiq desək, hörmətsizlik etdiyini ələlxüsus, Azərbaycan cəmiyyəti yaxşı bilir, yaxşı xatırlayır. Yaxşı xatırlayır ki, bu beynəlxalq insan haqları təşkilatı az qala əsrin üçdə birinə yaxın müddət ərzində Azərbaycan dövlətinin, ümumilikdə azərbaycanlıların haqlarının işğalçı ölkə tərəfindən kobudcasına tapdanmasına nəinki göz yumub, nəinki münasibət belə bildirməyib, müşahidəçi olub, hətta işğalçı tərəfdən, soyqırıma imza atan, etnik təmizləmə siyasətini gizlətməyən və açıq şəkildə bu siyasəti yürüdənlər tərəfdən çıxış edib, onları dəstəkləyib də. Görünür, elə bundan cəsarətlənən mənfur düşmən günü-gündən azğınlaşmaqda davam edib.
Doğrudur, çoxdandır ki, ölkəmizə qarşı “xüsusi” münasibətini “Freedom House” beynəlxalq insan haqları təşkilatı gizlətmir, ikili yanaşmasını açıq şəkildə, lap elə nümayişkəranə halda ortaya qoyub. Amma deyəsən, bu dəfə həmin təşkilat tamamilə ağını çıxarıb. Freedom House beynəlxalq insan haqları təşkilatı indi də Ermənistan və Azərbaycan arasındakı təmas xətti boyunca Azərbaycana məxsus hərbi texnikanın toplanması ilə bağlı məlumatdan dərin narahatlıq keçirdiyini, Ermənistanın suveren ərazisinə hər hansı hücum planının ola bilməsinə görə narahatlığını çox böyük “çığırtı” ilə ortaya qoyub. Hətta işğalçı ölkə ilə sərhəddə hansısa addımı qəti şəkildə pislədiyini də bəyan edib. Sözügedən təşkilatın rəhbəri Maykl Abramoviçin erməni mətbuatında dərc olunan bəyanatında ikiüzlülük açıq şəkildə özünü göstərir. Bu təşkilatın rəhbərinin həqiqəti axtarmaq, haqq və hüquqları qorumaq deyil, ölkəmizi ləkələmək niyyəti dərhal bəlli olur.
“Biz vasitəçi tərəfləri Ermənistanın sərhədlərinin toxunulmazlığını təmin etmək üçün işləməyə çağırırıq. Azərbaycanın Laçın dəhlizinin blokadası regionun erməni əhalisi üçün etnik təmizləmə təhlükəsi yaradır və davam edən humanitar böhranı daha da gücləndirir. Biz Azərbaycan hökumətini sülh danışıqlarında ürəkdən iştirak etməyə, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyindən onlara qarşı silah kimi istifadə etməkdən çəkinməyə, Laçın dəhlizini açmağa, insanların, nəqliyyat vasitələrinin və yüklərin bu dəhlizdən maneəsiz ikitərəfli hərəkətinə təminat verməyə çağırırıq. Biz həmçinin BMT-nin İnsan Haqları Şurasını Dağlıq Qarabağda insan haqlarının vəziyyətini qiymətləndirmək üçün xüsusi məruzəçi təyin etməyə çağırırıq”, - deyən Abramoviç müstəqil ölkəyə də, BMT kimi bir beynəlxalq təşkilata da göstəriş vermək həvəsinə düşüb, baxmayaraq bunu çağırış kimi səsləndirib. Ermənistan Silahlı Qüvvələrinin silahlı təxribatlarından guya xəbərsiz kimi özünü aparan bu təşkilat rəhbərinin həyasızcasına fikir söyləməsi təəssüf doğurur və özünün ikiüzlülüyünü, rəhbərlik etdiyi təşkilatın ikili yanaşmasını ortaya qoyur. Elə bu səbəbdəndir ki, mövqeyi barədə danışarkən nə həqiqət, nə obyektivlik, nə də ədalət haqda söz söyləmək olmaz.
“Azadlıq evi” başçısı Abramoviç də, hüquq müdafiəçiləri də niyə ərazilərin Azərbaycana məxsus olduğunu ən azında qeyd etmək istəmirlər? Ermənistanın baş naziri Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyıb, amma bu “mötəbər” təşkilat, onun rəhbəri tamam fərqli şəkildə ikiüzlülük edir, ədalətsiz, haqsız yanaşma nümayiş etdirir. Ən təəccüblü məqam odur ki, Abramoviç yalnız şərti olaraq Ermənistan-Azərbaycan sərhədinin olduğunu bilmir. Rəsmi Bakı dəfələrlə rəsmi İrəvanı sözdən əmələ keçməyə, sərhədləri cızmağa və sülh müqaviləsi imzalamağa çağırıb, lakin “Freedom House” belə məqamlara görünür heç nə məhəl qoymayıb, nə də əhəmiyyətli hesab etmir. Bəlkə də görməzliyə, eşitməzliyə qoyub özünü bu təşkilat. Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini mütəmadi şəkildə atəşə tutmasından xəbərsiz olduğunu göstərmək istəyən “Freedom House” çox məsələlərə az qala kor kimi baxır. Guya bu təşkilat Ermənistanın çoxsaylı müdafiə istehkamları tikdiyini, Qarabağ iqtisadi rayonumuzda həmin işğalçı dövlətin separatçıların cinayətlərinə hər cür rəvac verdiyini, onları pul və silahla təmin etdiyini görmür. Amma bu mümkün deyil və bu fakt da həmin o “Freedom House” adlanan təşkilatın siyasi riyakarlığını, ikili yanaşmasını, ikiüzlülüyünü təsdiq edir.
Ən çox diqqəti cəlb edən və ikrah doğuran odur ki, “Freedom House”un bəyanatında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı bir kəlmə də yoxdur. İkili yanaşma, iki standart, ikiüzlülük və riyakarlıq elə budur və belə olur. Məgər bu “mötəbər” təşkilat, həmin təşkilatın rəhbəri Ermənistandan qovulan azərbaycanlılar haqqında bilmir, yoxsa buna məhəl qoyulmasına ehtiyac duymur. Elə isə, onun özünün də, rəhbərlik etdiyi təşkilatın da nəzərinə çatdıraq ki, həmin o qovulan, etnik təmizləmə, soyqırım siyasətinə məruz qalan azərbaycanlıların sayı yüz minlərlədir, hansıki hələ də öz yurd-yuvalarına qayıda bilmirlər. Ən absurd məqam odur ki, Azərbaycan ərazisində, Qarabağ iqtisadi rayonunda işğalçı dövlətin, yəni Ermənistanın pasportuna malik olanlar qeyri-qanuni şəkildə yaşayırlar və onlara mane olan da yoxdur, “Freedom House” da bu barədə guya bilmir. İndi də “Ermənistanın suveren ərazisinə Azərbaycanın guya hücum planlarının olması” ittihamı ilə çıxış etmək artıq lap böyük həyasızlıqdır. Baş vermiş hadisələri təhrif etmək bir yana, indi də “Freedom House”un öncəgörücü kimi çıxış etməsi, hücum etməsini, yaxud planını öncədən ifadə etməsi çox gülüncdür.
Diqqətə çatdıraq ki, bu, “Freedom House” təşkilatının ölkəmizi qəddar tərəf kimi göstərmək məqsədi ilə etdiyi ilk cəhd deyil. Xüsusilə, Rusiyanın Ukraynaya qarşı hərəkətləri ilə Azərbaycanın “Dağlıq Qarabağ və Ermənistana qarşı” hərəkətləri arasında paralellər aparmaq həqiqətən də simasızlıqdır. Başqasının torpaqlarına, ərazilərinə daxil olmaqla, orada hərbi əməliyyatlar aparmaqla Azərbaycanın mövcud vəziyyəti eyni deyil axı. Axı Azərbaycan öz ərazilərinin təhlükəsizliyini qorumaq kimi bir suveren hüquqlara sahibdir və bu, onun haqqıdı. Bəs yaxşı, “Freedom House” beynəlxalq insan haqları təşkilatı bu haqdan da xəbərsizdir? Yoxsa, Azərbaycan öz suveren hüquqlarına istinad edərək, öz ərazi bütövlüyünü, öz ərazisinin təhlükəsizliyini qorumaq üçün hansısa təşkilatdan icazə almalı idi? Bir də axı, “Freedom House” bilmir ki, Azərbaycanı əraziləri Rusiya tərəfindən işğal olunmuş Ukrayna ilə deyil, başqalarının ərazilərini zəbt etmiş Rusiya ilə müqayisə etmək olmaz? Əgər “Freedom House” torpaqlarımızı otuz ilə yaxın müddət ərzində işğal altında saxlayan Ermənistanı deyil, Azərbaycanı Rusiya ilə müqayisə edirsə, bu, artıq təhrif məntiqidir və “Freedom House”un özünə məxsusdur. Bütün bunlar da təbii ki, ölkəmizə qarşı böhtan axını, antiazərbaycan kampaniyanın davam etməsi fonunda hiylə və riyakarlığın sübutu, həyasızcasına nümayiş olunan ikili yanaşmadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB