"Paşinyan hakimiyyətinin xaos yaratmaq siyasəti hələ də davam edir" - HƏRBİ EKSPERT BİLDİRDİ

"Paşinyan hakimiyyətinin xaos yaratmaq siyasəti hələ də davam edir" - HƏRBİ EKSPERT BİLDİRDİ

“Özünü demokratik qüvvələr adlandıran, əslində isə mahiyyət etibarilə “Daşnaksütun”a tapşırılan Nikol Paşinyan hakimiyyəti və bundan qabaq əli qana batmış müxalifət rolunda Qarabağın işğalçılığında fəaliyyət göstərən Koçaryan, Sarkisyan və digər qruplaşmaların Cənubi Qafqazda xaos yaratmaq üçün anlaşılmaz siyasəti davam edir”. Bu sözləri SİA-ya açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib.

O bildirib ki, Qafqaz yalnız Ermənistanla bitən bir region deyil: “Orada yerləşən ölkələr Qafqazda sülh şəraitinin təminatçısı kimi çıxış edirlər. Onları bir araya gətirən Azərbaycan-Türkiyə münasibətlərini qeyd etməmək mümkün deyil. Nikol Paşinyanın isə “Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır” deyimindən uzaq düşərək dünyanı bir-birinə qatan Fransa siyasətinə bel bağlaması, sonra Hindistana üz tutması və bu müddət ərzində İranla yaxınlığı anlaşılan deyildi. Lakin bu gün Rusiya da, İran da çox gözəl başa düşürlər ki, Paşinyan onlara yönələn gələcək müharibə ocağının plazdarmasına çevrilib. Yüzillik tarixində ilk dəfə olaraq Rusiyada yerləşən Ermənistan səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq nota verilib. Yenə də 30 il müddətində ilk dəfə İran prezidenti Rəisi Paşinyana zəng edərək onu qarışıq siyasətindən yayındırmaq istəyib. Lakin bütün bu proseslər heç də asan başa gəlmədi”.

Ekspert sözlərinə davam edərək qeyd edib ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi, siyasi, dostluq və qonşuluq münasibətlərinin qorunması, uzaqgörən siyasəti nəticəsində həyata keçirildi: “Düşünürəm ki, ermənilərə siyasi baxımdan “dur” deməkdən əlavə fiziki müdaxilə ilə onları dayandırmağa məcbur olacağıq. Çünki bir milyon qaçqınımızın artıq geridönüşü başlayıb. Cəbhə bölgələrində müxtəlif istiqamətlərdə təxribatların törədilməsini, mina sahələrinin qurulmasını müşahidə edirik. Əgər Ermənistan hakimiyyəti Qarabağdakı separatçı qoşunların tərkisilah olması fəaliyyətini həyata keçirsə, Azərbaycan dövləti fiziki müdaxilə ilə “Dur” prosesini icra etməyə bilər. Qalan bütün hallarda dövlətimiz birtərəfli anti-terror əməliyyatı həyata keçirəcək”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə