Vahe Ovannisyan: "Nikol Paşinyan Ermənistanı eksperimental heyvana çevirib"
Ermənistanın Rusiya ilə münasibətlərinin son dərəcə korlanması və Azərbaycanın öz suveren hüquqlarını qoruması ilə bağlı atdığı son qətiyyətli addımları erməniləri ciddi şəkildə təlaşlandırmağa başlayıb. Ümumiyyətlə, Paşinyanın son bir neçə ayda yenidən 2020-ci ildəki sərsəmləmələri, Qərbdən aldığı tapşırıqları icra etməsi regionda yeni gərginliklərə səbəb olmaqdadır. Qarabağdakı qondarma və quldur rejimin isə "prezident seçkiləri" keçirməsi bütün səbrləri daşırmağa başlayıb. Hətta erməni siyasi şərhçiləri də etiraf edirlər ki, bütün bu kimi olaylar Ermənistanın varlığına son qoya bilər.
Erməni siyasi eksperti: "Bu, bədəli çox ağır olacaq macəradır"
"Nikol Paşinyan Ermənistanı eksperimental heyvana çevirib. Ermənistan rəhbərliyi mümkün müharibə ərəfəsində Rusiya ilə münasibətləri gərginləşdirir”. Bu fikirlərlə erməni siyasi ekspert Vahe Ovannisyan çıxış edib.
“Bu, bədəli çox ağır olacaq macəradır. Roma statusunun ratifikasiya üçün parlamentə göndərilməsi, ABŞ ilə hərbi təlimlər... Moskva artıq bunlara sərt reaksiya verib. Bir şəxs eksperimental heyvanın yerinə bütöv bir dövləti qoyub. Biz isə başımızı aşağı salıb taleyimizi gözləyirik”, - erməsi siyasi eksperti bildirib.
O qeyd edib ki, baş nazirin arvadı Anna Akopyanın Ukraynaya səfəri və Roma statusunun təsdiqi fəaliyyəti Rusiyaya birbaşa mesajdır. Ovannisyan Paşinyanın Rusiyanın xoşuna gəlməyən başqa bir addımı atdığını da vurğulub. Bu, Ermənistanın KTMT missiyasından imtina etməsi ilə əlaqəlidir. Erməni politoloqu Azərbaycan və Qarabağ faktorunu da önə sürməklə müharibənin qapı astanasında olduğunu etiraf edib.
Türk generalı: "Ermənistana gələn ABŞ hərbçiləri geri qayıtmayacaq... Rusiyaya qarşı ikinci cəbhə açılır"
"Cənubi Qafqazda yeni dövr başlayır. Bundan sonra fərqli hadisələr baş verəcək və vəziyyət daha da gərginləşəcək. Əvvəldən də vəziyyətin dəyişəcəyi ilə bağlı siqnallar vardı. Ermənistanın 44 günlük müharibədə məğlubiyyəti ordu, dövlət və xalqı dərin əzilmişlik böhranına sürüklədi. Ona görə də indi Qərbdə özlərinə qəyyum axtarırlar. 11-20 sentyabr tarixlərində ABŞ-la birlikdə keçiriləcək “Qartal tərəfdaşı 2023” təlimi də bunun təzahürlərindəndir".
Bu sözləri isə Azərbaycan KİV-lərinə Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General təlimə gələcək ABŞ hərbçilərinin böyük bir qisminin fərqli adlar altında orada qala biləcəyi ehtimalının yüksək olduğunu vurğulayıb: "Əlbəttə, sözügedən təlimdə əsas məqsəd Rusiyaya siyasi mesaj verməkdir. Ancaq fikrimcə, ABŞ-ın göndərdiyi 85 hərbçinin böyük bir qisminin təlimdən sonra təlim-tədris, təşkilati işlər, hərbi məsləhətçi, müşavir və s. adlar altında Ermənistanda qalma və fəaliyyət göstərmə ehtimalı çox böyükdür. Bu, vəziyyəti daha qarışıq hala gətirəcək, Rusiyanı hiddətləndirəcək və ölkə daxilində hakimiyyət uğrunda mübarizəni qızışdıracaq. Hətta Ermənistanda qalacaq Amerika hərbçilərinin AB-nin oradakı “mülki missiya”sının pərdə arxasında fərqli vəzifələr yerinə yetirən üzvləri ilə birlikdə fəaliyyət göstərəcəyini də təxmin etmək olar. Bütün baş verən hadisələri böyük çərçivədə və hərtərəfli şəkildə görməli, buna görə hazırlığımızı aparmalıyıq. Paşinyan hökumətinin AB missiyasını ölkəyə dəvət etməsini, NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlingerin İrəvanın təşkilata üzvlük təklifini, ABŞ-la birgə keçiriləcək təlimi və digər məsələləri göz önünə aldığımız zaman artıq Qərbin Cənubi Qafqazda Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhə açdığını deyə bilərik”.
Rusiya XİN Ermənistana Ukraynanı xatırladıb
Türkiyə generalının bu fikirləri Rusiya rəsmilərinin bəyanatları ilə üst-üstə düşür. Artıq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda Qərbyönümlü media resurslarının sayının artması ilə bağlı sərt fikirlərini ifadə edib və Ermənistana hədə mesajı yollayıb.
Onun sözlərinə görə, anti-Rusiya kampaniyası xaricdən maliyyələşir və Ermənistanda ictimai əhvali-ruhiyyəni dəyişməyə yönəlib.
"Təəssüf ki, Ermənistanda açıq informasiya resursları var ki, bizim ümumi dövlətlərarası qarşılıqlı fəaliyyət mexanizmlərimizə, o cümlədən KTMT və Aİİ-ni tənqid etmir, palçıq atır. Vurğulamaq istərdim ki, bu, “kollektiv Qərb” tərəfindən səxavətlə maliyyələşdirilən çoxsaylı qondarma vasitələrlə təbliğ olunur: QHT-lər, “ekspertlər” və qrantlar”, - Mariya Zaxarova bildirib.
O, bu cür hadisələrə misal olaraq Ermənistana Ukraynadakı vəziyyəti xatırladıb.
Bütün bunlara son qoyulmalıdır və qoyulacaq da!
Beləliklə, Ermənistan-Azərbaycan arasında hazırda davam edən gərginliyin davam etməsi fonunda Azərbaycan mütləq Qarabağda antiterror əməliyyatları aparacaq, eyni zamanda, üçtərəfli bəyanatın realizəsi istiqamətində bütün qətiyyətini ortaya qoyacaq. Çünki qarşı tərəf nəinki dialoqa gəlmir və Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərini davam etdirir, həm də regional təhlükəsizlik rolunu oynayır. Məhz bu baxımdan bütün bunlara son qoyulmalıdır və qoyulacaq da!
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB